07 iyul 2025 01:36
111

İqtisadi sahədə əməkdaşlığı dərinləşdirəcək Xankəndi zirvə görüşü

İyulun 4-də Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşü keçirildi. Azərbaycan Respublikasının Prezident İlham Əliyev Zirvə görüşündə çıxış etdi. Prezident İlham Əliyev çıxışında bildirdi ki, bugünkü Zirvə görüşünün Qarabağda, Xankəndidə təşkil edilməsinin xüsusi mənası var. Ermənistanın işğalından azad edilmiş torpaqlarımızda artıq bir neçə mühüm beynəlxalq tədbir keçirilmişdir. Şuşada 2023-cü ildə ECO-nun Nazirlər Şurasını, 2024-cü ildə Türk Dövlətləri Təşkilatının ilk qeyri-rəsmi Zirvə görüşünü və bu ilin may ayında Laçında Azərbaycan, Türkiyə və Pakistan rəhbərlərinin  üçtərəfli Zirvə görüşünü qeyd etmək istərdim.

Bu gün isə ECO-nun Zirvə görüşü Xankəndidə,  yeni inşa edilmiş Konqres Mərkəzində keçirilir. Şuşada ECO-nun Biznes Forumu, Ağdamda Gənclər Forumu, Laçında isə Qadınlar Forumu təşkil edilmişdir. Forumda iştirak etmiş nümayəndələr bu gün burada görülmüş işlərlə bağlı məruzələr təqdim edəcəklə ECO-nun Azərbaycanda yerləşəcək Tədqiqat Mərkəzinin və Təmiz Enerji Mərkəzinin fəaliyyətə başlamasının təmin olunması istiqamətində işlər davam edir.  Sonra Prezident İlham Əliyev 2026-cı ilin Şuşa şəhərinin “ECO-nun Turizm paytaxtı” elan edilməsinə görə təşəkkür etdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxışında bildirdi : “Xanımlar və cənablar, Azərbaycan ECO-nun işində həmişə fəal iştirak etmişdir. ECO-ya üzv ölkələrlə əlaqələrimiz uğurla inkişaf edir. Keçən il tarixdə ilk dəfə olaraq ECO məkanında COP29 konfransı keçirilmişdir. Bu konfransda 197 ölkə, 70 dövlət və hökumət başçısı iştirak etmiş, 77 min şəxs qeydiyyatdan keçmişdir. Konfransda əldə edilmiş əsas nailiyyətlər inkişaf etməkdə olan ölkələrə maliyyə yardımının 100 milyarddan 300 milyard ABŞ dollarına qədər artırılması, İtki və Zərər Fondunun işlək vəziyyətə gətirilməsi və karbon bazarları barədə razılaşmalardan ibarət olmuşdur.” 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxışına davam edərək bildirdi  ki, Azərbaycana gəldikdə, bizim ölkəmizdə çox müsbət sərmayə iqlimi vardır. Son 20 il  ərzində Azərbaycan iqtisadiyyatına 350 milyard ABŞ dollarına yaxın sərmayə qoyulmuşdur ki, bunun da yarısı xarici sərmayədir. Bu gün Azərbaycan bir çox ölkələrin enerji təhlükəsizliyini təmin edir və müxtəlif qaz boru kəmərləri vasitəsilə 12 ölkəyə təbii qaz ixrac edir. Bu göstəriciyə görə biz dünyada ön sıralardayıq. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri Azərbaycan ərazisindən keçir və ECO-ya üzv ölkələrin əksəriyyəti bu dəhlizlərdən istifadə edir.

Leyla Quliyeva,
YAP Xətai rayon təşkilatının “General Şıxlinski 56/2” ünvanı üzrə ərazi partiya təşkilatının üzvü