07 iyul 2025 00:56
111

Azərbaycan azad olunmuş torpaqlarda müasir şəhərlər və kəndlər inşa edir

Bu il iyulun 4-də Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşü keçirilmişdir. Həmin görüşdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxış etmişdir. Dövlətimizin Başçısı  dövlət və hökumət başçılarını, Zirvə görüşünün iştirakçılarını qədim Azərbaycan torpağı olan Qarabağda, Xankəndidə xoş salamladı.

Cənab Prezident İlham ƏliyevQazaxıstana ECO-ya uğurlu sədrliyi münasibətilə təşəkkürünü bildirərək demişdir: Azərbaycan artıq üçüncü dəfədir ki, ECO-nun Zirvə görüşünə ev sahibliyi edir. Əvvəlki iki Zirvə görüşü 2006-cı və 2012-ci illərdə paytaxt Bakıda keçirilmişdir. Bugünkü Zirvə görüşünün Qarabağda, Xankəndidə təşkil edilməsinin xüsusi mənası var. Ermənistanın işğalından azad edilmiş torpaqlarımızda artıq bir neçə mühüm beynəlxalq tədbir keçirilmişdir. Şuşada 2023-cü ildə ECO-nun Nazirlər Şurasını, 2024-cü ildə Türk Dövlətləri Təşkilatının ilk qeyri-rəsmi Zirvə görüşünü və bu ilin may ayında Laçında Azərbaycan, Türkiyə və Pakistan rəhbərlərinin üçtərəfli Zirvə görüşünü qeyd etmək istərdim.  Bu gün isə ECO-nun Zirvə görüşü Xankəndidə, yeni inşa edilmiş Konqres Mərkəzində keçirilir. İşğaldan azad edilmiş bütün Qarabağ və Şərqi Zəngəzurda hazırda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev işğal olunmuş və sonra da işğaldan azad olunmuş torpaqlar haqqında çıxış edərək bildirdi ki, Ermənistan Azərbaycan ərazilərini təxminən 20 faizini 30 ilə yaxın işğal altında saxlamış, etnik təmizləmə həyata keçirmiş bir milyondan artıq soydaşımızı öz dədə-baba torpağından didərgin salmışdır. Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmamışdır. Dəfələrlə Ermənistana və onun arxasında duran dövlətlərə bildirirdik ki, əgər Ermənistan işğal edilmiş torpaqlardan öz xoşu ilə çıxmasa, biz öz ərazi bütövlüyümüzü hərbi yolla bərpa edəcəyik. Əfsuslar olsun ki, Ermənistan və onun havadarları bizim bu xəbərdarlığımızı ciddi qəbul etməyiblər. Nəticədə peşman olublar. 2020-ci ildə 44 günlük Vətən müharibəsi  zamanı Azərbaycan Ermənistanı döyüş meydanında darmadağın edərək 300-dən çox şəhər və kəndi azad etdi. Ermənistan 2020-ci il noyabrın 10-da kapitulyasiya aktı imzalamağa məcbur oldu.  İşğal dövründə Ermənistan şəhər və kəndlərimizi, mədəni və dini  abidələrimizi yer üzündən silmişdir. 67 məsciddən 65-i Ermənistan tərəfindən yerlə-yeksan edilib, qalan ikisi isə ciddi zərər görüb, donuz və inək tövləsi kimi istifadə olunub. Bu, İslam dininə və dünya müsəlmanlarına qarşı hörmətsizlik və təhqir idi. Qəbiristanlıqlar da vandalizmə məruz qalıb, dağıdılıb, qəbir daşları talanaraq Ermənistana aparılıb. Dövlət qurumlarından ibarət komissiya öz işinə xarici ekspertləri cəlb edərək, beynəlxalq təcrübədən yararlanmaqla işğal nəticəsində Azərbaycana vurulmuş zərəri təxminən 150 milyard ABŞ dolları məbləğində qiymətləndirmişdir. Ermənistan torpaqlarımızda bir milyondan çox mina basdırıb. Vətən müharibəsindən bu günə qədər 400-ə yaxın soydaşımız mina partlaması nəticəsində həlak olub və ya ağır yaralanıb.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışında demişdir:  “İndi Azərbaycan Ermənistanın xarabazara çevirdiyi torpaqlarda yeni şəhərlər və kəndlər inşa edir. “Böyük Qayıdış” Proqramı icra edilir. Bu günə qədər 16 şəhər və kəndə keçmiş məcburi köçkünlərin qayıdışını təmin etmişik. Hazırda azad edilmiş ərazilərdə 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır. Ermənistandan deportasiya olunmuş Qərbi azərbaycanlıların hüquqlarının təmin olunması da böyük əhəmiyyət kəsb edir. Keçən ay İslam Əməkdaşlıq Təşkilatının İstanbulda keçirilmiş Nazirlər Şurasında Ermənistandan zorla didərgin salınmış azərbaycanlıların qayıdış hüququna dəstək ifadə edən qətnamənin  bütün 57 üzv ölkənin yekdil qərarı ilə qəbul olunmasını yüksək qiymətləndiririk. Bu qətnamə ilə yanaşı, Nazirlər Şurasının yekunlarına dair “İstanbul Bəyannaməsi”ndə indiki Ermənistan ərazisindən zorla qovulmuş azərbaycanlıların geri qayıdış hüququ təsdiqlənir  və Ermənistanın Qərbi Azərbaycan İcması ilə dialoqu rədd etməsi qınanılır. Qərbi azərbaycanlıların Ermənistandakı öz dədə-baba torpağına sülh yolu ilə qayıdışının təmin edilməsi sahəsində səylər bundan sonra da davam etdiriləcək.”

Bahar Məmmədova, 
YAP Xətai rayon təşkilatının “General Şıxlinski 56/2” ünvanı üzrə ərazi partiya təşkilatının sədri