01 iyul 2025 01:23
122

Rusiyada neofaşizmin növbəti kükrəyişi

Bastrıkinin səsləndirdiyi statistika və etiraflar göstərir ki, miqrantlar onlar üçün, sadəcə, ucuz işçi qüvvəsi deyil, həm də “insan resursu” kimi müharibə maşınının yanacaq materialına çevriliblər

Əsrlərdir Rusiyanın çevrəsində yaşayan xalqlar bu ölkənin imperialist siyasətinin ağırlığına tab gətirmək məcburiyyəti ilə üz-üzə qalıblar. Gücü və imkanı çatanda hərbi işğallarla, siyasət təcrübəsini növbəti dəfə sınaqdan keçirmək istəyərkən intriqalarla, cəmiyyətləri içdən gəmirən “parçala, hökm et” siyasəti ilə qonşu dövlətlərin ərazisinə yürüyən Rusiya hazırda başıpozuq bandit dəstələri tərəfindən idarə olunan bir ərazini xatırladır. Bir neçə gündür ki, Yekaterinqurqda baş verən hadisələr Rusiyada azərbaycanlılara qarşı aparılan davamlı diskriminasiya siyasətinin daha bir təzahürüdür. Daha öncə də çoxsaylı insan itkisi ilə nəticələnmiş AZAL-a məxsus mülki təyyarənin Rusiya hava məkanında vurulması və Rusiya rəhbərliyi tərəfindən müvafiq addımların atılmaması hadisələrin qərəzli xarakter daşıdığını göstərir. Ukrayna cəbhəsində biabırçı şəkildə uğursuzluğa düçar olmuş Kremlin əsasən qeyri-rus kökənli vətəndaşlarını və hətta vətəndaşlıq statusu olmayan miqrantları məcburən Ukrayna cəbhəsinə göndərmək cəhdləri onu göstərir ki, Rusiya rəhbərliyi ölkəni qeyri-rus kökənli millətlərin nümayəndələrindən təmizləmək yolunu tutub.

Bu ölkədə baş verən hadisələr heç bir sivil qanunla tənzimlənmir. Vaxtaşırı miqrantlara qarşı törədilən zorakılıq halları, öz vətəndaşlarına qarşı tətbiq olunan amansız cəza üsulları onu göstərir ki, dünya ilə siyasi, iqtisadi, mədəni əlaqələrdən təcrid edilmiş Rusiya rəhbərliyi nifrətini öz xalqına qarşı yönəltməkdən başqa bir yol tapmır. Məlumdur ki, Ukraynada davam edən müharibə Rusiya ordusunun canlı qüvvə baxımından çatışmazlığını daha da dərinləşdirib. Bu çatışmazlığı doldurmaq üçün isə miqrantlardan istifadə edilməyə başlanıb. Lakin burada könüllülükdən yox, açıq məcburiyyətdən söhbət gedir. Miqrantlar guya törətdikləri cinayətlərlə şantaj olunur, ailələri ilə təhdid edilirlər. Razılaşmayanlar deportasiya ilə hədələnir. Rusiya vətəndaşı olan, lakin rus olmayan xalqların nümayəndələri – o cümlədən azərbaycanlılar və başqaları da bu siyasətin qurbanıdır. Onlara qarşı da həm etnik, həm dini zəmində təzyiqlər tətbiq olunur. Rusiya hüquq-mühafizə orqanlarının ortaya atdığı “etnocinayətkarlıq” anlayışı da bu siyasətin tərkib hissəsidir. Məqsəd Orta Asiyadan və Qafqazdan gələn insanları əvvəlcədən cinayətkar kimi damğalamaq, ictimai rəyə təsir etmək və gələcək təqiblərə hüquqi əsas yaratmaqdır. Bugünkü Rusiya repressiyaları artıq Stalin dövrünün metodlarını belə geridə qoyur. O zaman belə insanlar formal da olsa məhkəmə qarşısında dayanır, Sibir düşərgələrinə göndərilirdi. İndi isə miqrantları küçədə, evdə işgəncə verərək öldürmək adi hala çevrilib. Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinin miqrantların hərbi xidmətə cəlb olunması ilə bağlı verdiyi açıqlamalar bu prosesin təsadüfi yox, planlı şəkildə həyata keçirildiyini sübut edir. Bastrıkinin səsləndirdiyi statistika və etiraflar göstərir ki, miqrantlar onlar üçün, sadəcə, ucuz işçi qüvvəsi deyil, həm də “insan resursu” kimi müharibə maşınının yanacaq materialına çevriliblər.

Göründüyü kimi, Rusiyada şovinist əhvali-ruhiyyə və milli ayrı-seçkilik pik həddə çatıb. Həmçinin, bütün dünyada antipatiya doğuran neofaşizm və ya ifrat millətçilik də burada əsas siyasi qüvvəyə çevrilməkdədir. Rusiya neofaşitstləri hətta dövlət orqanlarında belə təmsil olunurlar. Onu da qeyd edək ki, Rusiyada skinhedlər (qırxıqbaşlar) faşizmin yeni nəsli sayılır. Onların fərqlənmə nişanları, təzim qaydaları, digər millətlərə qarşı dözümsüzlükləri alman faşizmini xatırladır. Rusiyada neofaşistlər leqal şəkildə fəaliyyət göstərirlər, onların müxtəlif dəstələri, birlikləri, fürerləri (rəhbər) var. Vladimir Jirinovskinin Liberal-Demokrat Partiyası, Dmitrii Roqozinin “Rodina” Partiyası neofaşist təşkilatlar sırasına aid edilir. Rusiyayada ilk skinhedlər ötən əsrin 80-ci illərinin sonlarında peyda olmağa başlayıb. Onların sosial bazasını 14-30 yaş arasında olan gənclər təşkil edir. Rusiya skinhedləri digər millətlərə nifrət bəsləyirlər. Bu ultramillətçi cərəyanın üzvləri öz nifrətlərini ən iyrənc və qəddar hərəkətlərlə həyata keçirirlər.

Rusiyada «qırxıqbaşlar» gəlmələrə, o cümlədən qafqazlılara, xüsusilə də azərbaycanlılara qarşı tez-tez hücumlar edir, insanlığa sığmayan vəhşiliklərə yol verirlər. Rusiya irqi zəmində törədilmiş cinayətlərin sayına görə digər ölkələrdən öndə gedir. Hər il bu ölkədə 500-ə yaxın skinhed hücumu nəticəsində ən azı 50 nəfər qətlə yetirilir. Rusiya neofasistlərinə məxsus internet saytlarında həmin qətliamdan görüntülər yerləşdirilir. Məqsəd digər millətləri qorxu və təşviş içərisində saxlamaqdır. Skinhedlərin hədəfi Qafqaz, Mərkəzi Asiyadan olan əcnəbilərdir. Rusiya skinhedlərinin rəhbərlərinin sözlərinə görə, onların kumirləri Stalin və Hitlerdir. Müşahidələr göstərir ki, son illər həm Rusiya, həm də Avropa ölkələrindəki neofaşistlərin ən böyük aksiyaları Adolf Hitlerin ad günündə (20 aprel) keçirilir. Həmin gün Hitlerin doğum gününü özlərinəməxsus tərzdə qeyd edən neofaşistlər daha aqressivləşir və qana susayırlar. Xüsusilə Rusiyada ultramillətçilər bir qayda olaraq Hitlerin ad günündə əcnəbilərlə daha qəddar davranır, onları vəhşicəsinə döyməkdən, qətlə yetirməkdən çəkinmirlər.

Sevinc Azadi, “İki sahil”