Bu gün Azərbaycan və Macarıstan arasında münasibətlər yalnız dostluq və qarşılıqlı hörmət prinsiplərinə deyil, eyni zamanda, ortaq strateji maraqlara əsaslanır. İkitərəfli siyasi əlaqələrin dərinləşməsi, enerji sahəsində əməkdaşlığın genişlənməsi, Avropanın enerji təhlükəsizliyinə verilən töhfələr, eləcə də Türk Dövlətləri Təşkilatında birgə təşəbbüslər bu tərəfdaşlığın yeni mərhələyə qədəm qoyduğunu göstərir. Liderlər arasında formalaşmış səmimi münasibətlər isə bu prosesin ən mühüm təməlidir.
Milli Məclisin deputatı Cavanşir Paşazadə İki sahil TV-yə müsahibəsində Azərbaycan-Macarıstan münasibətlərinə nəzər salaraq, əməkdaşlığın regional və qlobal əhəmiyyətini dəyərləndirdi.
- Cavanşir müəllim, Azərbaycan-Macarıstan münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi fonunda bu əlaqələrin təhsil, diplomatiya və diaspor sahələrində hansı real nəticələrini görürük?
- Azərbaycan ilə Macarıstan arasında dostluq, əməkdaşlıq münasibətləri strateji tərəfdaşlıq ruhunda dinamik şəkildə inkişaf edir. Macarıstanla əlaqələrin hərtərəfli dərinləşdirilməsi ölkəmizin xarici siyasətində önəmli istiqamətlərdən biridir. Azərbaycanın müstəqilliyini 1991-ci il dekabrın 26-da tanıyan Macarıstanla diplomatik münasibətlər 1992-ci il aprelin 27-də yaradılıb. Azərbaycanın Macarıstandakı səfirliyi 2004-cü ilin sentyabrında, Macarıstanın Azərbaycandakı səfirliyi isə 2009-cu ilin yanvarında fəaliyyətə başlayıb. 2014-cü il noyabrın 11-də isə Macarıstan Azərbaycanla strateji əməkdaşlıq haqqında razılaşma imzalayıb. Azərbaycan Respublikası Milli Məclisində Azərbaycan-Macarıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. İki ölkə arasında BMT, ATƏT, NATO, Avropa İttifaqı “Şərq Tərəfdaşlığı” Proqramı, Vişeqrad Qrupu və Türk Dövlətləri Təşkilatı kimi çoxtərəfli platformalarda əməkdaşlıq davamlı şəkildə inkişaf etdirilir. Hazırda Macarıstanda xeyli azərbaycanlılar yaşayır və yüzlərlə tələbəmiz bu ölkənin universitetlərində dövlət hesabına təhsil alır. Dövlət rəsmiləri arasında isə mütəmadi görüşlər keçirilir.
- Macarıstanın Türk Dövlətləri Təşkilatında aktivliyi və ev sahibliyi etməsi fonunda bu təşkilat çərçivəsində Azərbaycanın maraqları hansı konkret istiqamətlərdə daha çox irəliləyir?
- Mayın 20-də dövlətimizin başçısı İlham Əliyevin Macarıstana işgüzar səfəri çərçivəsində Macarıstanın Baş naziri Viktor Orbanla məhdud və geniş tərkibdə görüşü oldu. Görüşdə Baş nazir Viktor Orban vurğuladı ki, ölkəsinin Türk Dövlətləri Təşkilatında müşahidəçi dövlət olaraq bu tədbirə ev sahibliyi etməsi Macarıstanın təşkilat çərçivəsində əməkdaşlığa sadiq olduğuna böyük əhəmiyyət verməsinin növbəti göstəricisidir. O, ikitərəfli əlaqələrimizin bütün sahələrdə uğurla inkişaf etməsindən məmnunluğunu bildirdi.
Dövlətimizin başçısı İlham Əliyev ölkələrimiz arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin olduğunu vurğulayaraq, mütəmadi qarşılıqlı səfərlərin həyata keçirildiyini qeyd etdi. Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının qeyri-rəsmi Zirvə görüşünü keçirilməsini vacib bir addım kimi qiymətləndirdi. Azərbaycanın təşəbbüsü ilə Türk Dövlətləri Təşkilatının ilk qeyri-rəsmi Zirvə görüşünün Şuşa şəhərində keçirildiyini xatırladan və bunun artıq ənənəyə çevrildiyini deyən dövlətimizin başçısı ikinci bu cür tədbirin müşahidəçi dövlət olaraq Macarıstanda keçirilməsini məmnunluqla vurğuladı.
- Azərbaycan və Macarıstan arasında enerji sahəsində əməkdaşlığın genişlənməsi ölkəmizin Avropanın enerji təhlükəsizliyindəki mövqeyini necə gücləndirir və bu əməkdaşlığın gələcək perspektivləri nədən ibarətdir?
- Söhbət zamanı Azərbaycan ilə Macarıstan arasında sıx siyasi dialoqun mövcudluğu mütəmadi məsləhətləşmələrin aparıldığı və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin təmin edildiyi vurğulandı. Həmçinin hər iki ölkənin beynəlxalq arenada milli maraqlarına əsaslanan müstəqil siyasət yürütməsi qeyd edildi.
Azərbaycan və Macarıstan arasında enerji sahəsində əməkdaşlıq, Avropanın enerji təhlükəsizliyindəki rolunu daha da möhkəmləndirir. Bu sahədə əməkdaşlığın inkişafı xüsusilə vacibdir. Macarıstan Azərbaycanı enerji sahəsində etibarlı strateji tərəfdaş kimi qiymətləndirir və ölkəmizin Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsindəki rolunu yüksək dəyərləndirir. Azərbaycanın enerji potensialı, xüsusilə təbii qaz və bərpaolunan enerji sahəsindəki nailiyyətləri Macarıstanın enerji təminatını şaxələndirmək məqsədilə Azərbaycanın layihələrinə dəstəyini daha da artırır.
- Cənub Qaz Dəhlizi və yaşıl enerji sahəsində Azərbaycan-Macarıstan əməkdaşlığı Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında hansı rolu oynayır və bu sahədə gələcəkdə hansı addımlar gözlənilir?
- Bu əməkdaşlıq, həmçinin Cənub Qaz Dəhlizi layihəsinin uğurlu həyata keçirilməsi ilə Avropa bazarlarına daha çox enerji təchizatı təmin edilməsi baxımından mühüm rol oynayır. Macarıstanın enerjinin şaxələndirilməsinə olan maraqları Azərbaycanla strateji əməkdaşlığını daha da möhkəmləndirir və ölkələr arasında qarşılıqlı faydalı layihələrin həyata keçirilməsinə şərait yaradır. Azərbaycan xüsusilə Cənubi Qafqaz və Mərkəzi Asiya bölgələrindən Avropaya enerji ixracını artıraraq bu qitənin enerji təminatında əhəmiyyətli rolunu davam etdirir. Bu kontekstdə yaşıl enerji sahəsində imzalanmış müqavilələr və layihələr xüsusi diqqətəlayiqdir. Buxarestdə Azərbaycan, Macarıstan, Rumıniya və Gürcüstan hökumətlərinin yaşıl enerji sahəsində imzaladıqları strateji tərəfdaşlıq Sazişi, ölkələrimiz arasında enerji ötürülməsini və yeni enerji layihələrinin həyata keçirilməsini nəzərdə tutur.
- Xəzər dənizinin külək enerjisi potensialının Avropa bazarlarına inteqrasiyası və Qara dənizdən keçəcək sualtı elektrik xəttinin çəkilməsi Azərbaycanla Avropanın enerji əməkdaşlığını necə gücləndirəcək və bu layihələrin regional əhəmiyyəti nədən ibarətdir?
- Bu təşəbbüs, həmçinin Xəzər dənizinin böyük külək enerjisi potensialının Avropa bazarlarına daxil edilməsinə imkan verəcək və Avropanın enerji təhlükəsizliyini daha da şaxələndirəcək. Bu təşəbbüslər, xüsusən Qara dənizdən keçəcək sualtı elektrik xəttinin çəkilməsi Avropa ilə Azərbaycan arasında enerji daşınmasını artıracaq və bərpaolunan enerji mənbələrinin istifadəsini təşviq edəcək. Beləliklə, enerji sahəsindəki bu yeni əməkdaşlıq Azərbaycanın Avropa ilə daha sıx əlaqələr qurmasına və qlobal enerji təhlükəsizliyinə verdiyi töhfəni gücləndirməsinə şərait yaradır. Bu, yalnız iqtisadi, həm də geostrateji baxımdan əhəmiyyətli addımlardır ki, Avropanın enerji bazarını daha müxtəlif və dayanıqlı etmək məqsədini daşıyır.
- Azərbaycan və Macarıstan arasında liderlər səviyyəsində qurulan şəxsi dostluq və etimadın strateji tərəfdaşlıq əlaqələrinin inkişafına təsiri barədə fikirlərinizi bilmək istərdik? Bu münasibətlərin regional və qlobal sabitliyə töhfələrini necə qiymətləndirirsiniz?
- Azərbaycan-Macarıstan strateji tərəfdaşlıq əlaqələri son illərdə daha da güclənmişdir. Bu münasibətlərin inkişafında liderlərin şəxsi dostluğu və qarşılıqlı səfərləri əsas rol oynayır. Prezident İlham Əliyev və Baş nazir Viktor Orban arasında formalaşan səmimi əlaqələr iki ölkə arasında əməkdaşlığın müxtəlif sahələrdə genişlənməsinə təkan vermişdir. Azərbaycan -Macarıstan strateji tərəfdaşlıq əlaqələri liderlərin şəxsi dostluğuna və qarşılıqlı etimadına əsaslanaraq, müxtəlif sahələrdə uğurla inkişaf edir. Bu münasibətlər hər iki ölkənin milli maraqlarına xidmət etməklə yanaşı, regional və qlobal səviyyədə sülh və sabitliyin təmin edilməsinə də töhfə verir.
Şəmsiyyə Əliqızı,
Səbinə Qorxmaz, “İki sahil”