21 may 2025 08:06
86

ABŞ müdafiə naziri Əfqanıstandan çıxarılma əməliyyatının araşdırılması üçün komissiya yaradıb

ABŞ-nin müdafiə naziri Pit Heqset 2021-ci ildə əvvəlki administrasiyanın qərarı ilə Əfqanıstandan qoşunların çıxarılması prosesinin araşdırılması üçün xüsusi komissiya yaradılması barədə göstəriş verib.

“İki sahil” xəbər verir ki, bu barədə müvafiq sənəd Pentaqon rəhbərinin sosial şəbəkə hesabında dərc olunub.

“Son üç ayda Müdafiə Nazirliyi silahlı qüvvələrimizin tarixindəki bu fəlakətli hadisənin hərtərəfli icmalı ilə məşğul olub”, – sənəddə qeyd olunub.

Heqset bildirib ki, ABŞ vətəndaşlarına həmin dövrdə baş verənlərlə bağlı tam mənzərəni təqdim etmək üçün genişmiqyaslı yoxlama zəruridir. Komissiya həmçinin daha əvvəl aparılmış araşdırmaların nəticələrini də təhlil edəcək.

Sənəddə iddia olunur ki, ABŞ-nin keçmiş prezidenti Co Baydenin administrasiyası tərəfindən təşkil edilən çıxarılma xaotik şəkildə həyata keçirilib. Xatırladaq ki, 2021-ci il avqustun 26-da Kabil hava limanında törədilən terror aktı nəticəsində 13 amerikalı hərbçi və 170 mülki şəxs həlak olmuşdu.

Co Bayden isə həmin vaxt çıxarılmanı ABŞ maraqlarına uyğun və uğurlu əməliyyat kimi qiymətləndirmişdi. ABŞ və NATO qüvvələrinin çıxarılmasından sonra Əfqanıstanda hakimiyyəti “Taliban” radikal hərəkatı ələ keçirmişdi.