Azər Allahverənov: Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa və yenidənqurma işləri intensiv və genişmiqyaslı şəkildə davam etdirilir
Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Qarabağa növbəti səfəri çərçivəsində mayın 9-da və 10-da baş tutan tədbirlər xüsusilə Şuşa və Ağdam kimi simvolik şəhərlərdə – təkcə infrastrukturun bərpası deyil, həm də mədəni irsin və tarixi yaddaşın yenidən dirçəldilməsinə yönəlib. Şuşa Azərbaycanın mədəniyyət paytaxtı kimi, yalnız daşlardan və binalardan ibarət deyil orada ruh, yaddaş və milli kimlik yaşayır. Eyni zamanda Ağdamda aparılan işlər bu şəhərin keçmiş "ruhlar şəhəri" imicindən çıxaraq yenidən canlı və dinamik bir mərkəzə çevriləcəyinin mesajını verir.
Milli Məclisin deputatı Azər Allahverənov mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirib ki, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa və yenidənqurma işləri olduqca intensiv və genişmiqyaslı şəkildə davam etdirilir: “Bu proseslər həm sürətinə, həm əhatə dairəsinə, həm də icra mexanizminə görə Azərbaycanın bir dövlət kimi malik olduğu potensialı, gücü və iradəni əks etdirir. Niyə? Çünki təsəvvür edin – ölkənin beşdəbir hissəsi 30 ildən artıq bir müddətdə işğal altında olmuşdu və bu zaman ərzində həmin torpaqlar yaşayış üçün tamamilə yararsız hala salınmışdı. Cənab Prezidentin Ağdamda, Ağdam Muğan Mərkəzinin açılışında qeyd etdiyi kimi, bu ərazilərdə ekosid, urbasid törədilib – yəni həm təbiətə, həm şəhərlərə və yaşayış məntəqələrinə qarşı vəhşicəsinə dağıntılar törədilib. Flora və fauna məhv edilib, təbii sərvətlər talan olunub, infrastruktur darmadağın edilib, yaşayış məntəqələri yerlə-yeksan edilib. Mədəni irsimiz – məscidlər, ibadət yerləri və digər mədəni abidələr dağıdılıb, təhqir olunub”.
Deputat qeyd edib ki, bu vəziyyət dövlət qarşısında çox ciddi və kompleks hədəflər qoydu: “Bərpa və yenidənqurma işlərinin ilk mərhələsi əsasən infrastruktur layihələrinin icrasını əhatə edir. Yolların çəkilməsi, tunellərin inşası, beynəlxalq hava limanlarının tikintisi – artıq iki beynəlxalq hava limanı istifadəyə verilib, üçüncü – Laçının Qorçu kəndi yaxınlığında inşa edilən hava limanı da yaxın zamanda istifadəyə veriləcək. Bütün bu işlər böyük zəhmət və səy hesabına baş tutur. Unutmaq olmaz ki, bu ərazilərdə 1,5 milyondan çox mina basdırılıb. Ona görə də əsas məqsəd – ilk növbədə, həmin torpaqları minalardan təmizləmək, təhlükəsiz hala gətirmək, sonra isə orada infrastruktur qurmaq və keçmiş məcburi köçkünlərin ləyaqətli qayıdışını təmin etməkdir. Artıq bu proses başlayıb – 10 mindən çox keçmiş köçkün öz doğma yurduna qayıdıb. Zəngilan, Füzuli, Şuşa, Xankəndi kimi şəhərlərə həyat qayıdır.
Paralel olaraq məşğulluğun təmin olunması, yeni iş yerlərinin açılması, aqrar sahənin dirçəldilməsi, torpaq islahatı, qoyunçuluq və digər sahələrdə də əhəmiyyətli addımlar atılır. Yeni plantasiyalar salınır, aqrar təsərrüfatın müxtəlif sahələri inkişaf etdirilir. Bu ərazilərdə eyni zamanda hidroqovşaqlar, hidroelektrik stansiyalar tikilir, bərpa olunan enerji üçün zəruri infrastruktur yaradılır”.
Azər Allahverənov vurğulayıb ki, cənab Prezidentin Ağdam rayonuna səfəri zamanı Bərdə-Ağdam dəmir yolunun işə salınması olduqca mühüm hadisədir: “Avtomobil yolları əraziləri birləşdirməklə yanaşı, dəmir yolları da həm yük, həm sərnişin daşımalarında mühüm rol oynayacaq. Bu, Qarabağda həyata keçirilən layihələrin nə qədər məqsədyönlü və səmərəli qurulduğunu göstərir. Ən vacib məqamlardan biri də odur ki, bu proseslər əsasən Azərbaycanın daxili imkanları hesabına həyata keçirilir. Doğrudur, bəzi tərəfdaş ölkələrin şirkətləri, xüsusilə də Türk Dövlətləri Təşkilatına üzv olan qardaş ölkələrin şirkətləri də bu işlərdə iştirak edir. Zəngilan, Füzuli, Xankəndi kimi şəhərlərdə bəzi obyektlər məhz onların maliyyə vəsaiti hesabına inşa edilir. Bu, həmin dövlətlərin Azərbaycan xalqına verdiyi dəyərin və qardaşlığın bariz nümunəsidir”.
Deputat diqqətə çatdırib ki, köç prosesi özü-özlüyündə çox çətin və məsuliyyətli bir mərhələdir: “Çünki insanlar 30 ilə yaxın bir müddətdə məskunlaşdıqları yeni mühitlərə müəyyən qədər adaptasiya olublar. Onların doğma torpaqlara ləyaqətli və təhlükəsiz şəkildə qayıdışını təmin etmək üçün zəruri infrastrukturun qurulması, məşğulluq imkanlarının yaradılması və sosial təminatın gücləndirilməsi mühüm rol oynayır. Cənab Prezidentin bölgələrə mütəmadi səfərləri, təhsil müəssisələrinin istifadəyə verilməsi, məsələn, Xankəndidə “Qarabağ Universiteti”nin fəaliyyətə başlaması, Şuşada yaşayış massivlərinin qurulması, iş yerlərinin yaradılması – bütün bunlar xalq tərəfindən böyük rəğbətlə qarşılanır. Xalqın Prezidentə olan inamı böyükdür. Azərbaycan xalqı qürurla deyə bilər ki, Qarabağ problemi artıq həll olunub – bu, Müzəffər Ali Baş Komandanın rəhbərliyi, rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığı və xalqın birliyi sayəsində baş verib. Azərbaycan bu baxımdan dünyada nadir ölkələrdən biridir ki, müstəqil şəkildə ərazi bütövlüyünü təmin etmiş, separatçılığa son qoymuşdur”.
Azər Allahverənovun sözlərinə görə, bu gün Azərbaycanın əldə etdiyi uğurlar nəinki ölkə daxilində, həm də regionda və beynəlxalq müstəvidə böyük rəğbətlə qarşılanır: “Postmünaqişə dövrünün bu ilk mərhələsi bir başlanğıcdır. Bundan sonra daha böyük hədəflər qarşıdadır. Onların əsas məqsədi – azad edilmiş ərazilərin ölkənin iqtisadi sisteminə tam inteqrasiyası, həmin bölgələrin dirçəlməsi və keçmiş köçkünlərin qayıdışı üçün dayanıqlı şəraitin yaradılmasıdır. Bütün bu tədbirlər dövlətin bu məsələdə nə qədər qətiyyətli, sistemli və uzaqgörən siyasət yeritdiyini bir daha sübut edir”.
Nigar Orucova, “İki sahil”