09 may 2025 15:15
369

Ulu Öndərin neft strategiyası milli iradənin təntənəsidir

20-ci əsrin sonlarında, Sovet İttifaqı adlı nəhəng imperiyanın tozlu çöküşü ilə yaranan boşluqda, Xəzərin qərb sahilində yerləşən kiçik bir ölkənin qarşısında yeni və qeyri-müəyyən bir dövr açılırdı. Azərbaycanın durumu qısaca belə idi – müharibə, sarsılmış iqtisadiyyat, qeyri-sabit siyasi sistem və parçalanmaq təhlükəsi. Xalq tarixin dərinliklərindən süzülən təcrübə ilə gələcəyini qorumaq üçün keçmişin ən etibarlı ünvanına üz tutdu.

Ümummilli lider Heydər Əliyev – minillikərin qovuşduğu bu qaranlıq zaman kəsiyində xilaskarını tanıya biləcək qədər böyük, müdrik və zamanla sınanmış bir xalqın qərarı idi. Ciddi, düşüncəli, strateji baxışı ilə fərqlənən bu şəxsiyyət təkcə dövlət idarəçiliyinin ustası deyil, həm də mürəkkəb beynəlxalq enerji oyununda Azərbaycanın səsini eşitdirəcək bir siyasət memarı idi.

Əsrin əvvəllərində dünya artıq anladı ki, enerji sadəcə iqtisadi amil deyil, o həm də siyasi və strateji gücdür. Məhz bu gücü düzgün yönəltmək, onu həm milli maraqların, həm də beynəlxalq təhlükəsizliyin xidmətinə vermək bacarığı Azərbaycanı sadəcə ixracatçı ölkədən, mühüm enerji partnyoruna çevirdi. Bu çevrilmənin arxasında təkcə zəngin yataqlar və boru kəmərləri yox, həm də düşünülmüş, praqmatik və uzaqgörən bir strateji zəka dayanırdı. Bu baxımdan Heydər Əliyev təkcə enerji daşıyan borular çəkmədi, o, yollar saldı – iqtisadi, siyasi və geosiyasi yollar. O yolların bir ucu Azərbaycanın gələcəyinə, digər ucu isə Avropanın enerji təhlükəsizliyinə aparırdı. Həmin dövrdə, ABŞ-ın geosiyasi dairələrində, RAND Corporation-un hesabatlarında, Brookings analitiklərinin qeydlərində Azərbaycan “enerji körpüsü” adlandırılırdı. Bu respublika həm coğrafi, həm də siyasi baxımdan ideal mərkəz idi. Amma bu coğrafi üstünlük siyasi liderliklə birləşməsəydi, sadəcə xəritə üzərindəki potensial olaraq qalardı. Ulu öndər bu üstünlüyü reallığa çevirdi.

Əsrin müqaviləsi – 1994-cü ildə imzalanan və dünya neft nəhənglərini Azərbaycanın Xəzər sahilinə gətirən bu sənəd əslində yeni enerji siyasətinin başlanğıcı idi. Qərb şirkətləri yalnız resursa deyil, həm də siyasi sabitliyə, hüquqi şəffaflığa və liderlik etibarlılığına sərmayə qoyur. ABŞ administrasiyası – istər Klinton dövrü, istərsə də sonrakı administrasiyalar – Azərbaycanla enerji əməkdaşlığını yalnız iqtisadi deyil, həm də strateji əməkdaşlıq kimi qəbul edirdi.

Əgər bir ölkə enerji resurslarına sahibdirsə, o zaman onun mövqeyi yalnız qlobal bazarlarda deyil, həm də regional geosiyasətdə mühüm rol oynayır. Lakin enerji resurslarının strateji istifadəsi heç də sadə məsələ deyil. Hər bir mühüm enerji layihəsi özündə yalnız iqtisadi hesablamaları deyil, həm də mürəkkəb siyasi maraqları və coğrafi strateji əlaqələri daşıyır. Azərbaycanı bu mürəkkəb oyunda mühüm oyunçu edən də məhz bu əlaqələrin siyasi incəliyidir. Ulu öndər Heydər Əliyev bu incəliyi doğru zamanda, doğru yerdə və doğru tərəfdaşlarla təqdim etməyi bacarırdı.

Bu mürəkkəblik, xüsusilə, Rusiya ilə olan münasibətlərdə özünü biruzə verirdi. Əslində, Rusiya üçün Azərbaycan həm məğlubiyyət, həm də bir fürsət idi. Azərbaycanın enerji təhlükəsizliyi və resursları ilə bağlı strateji maraqlar, bir tərəfdən Rusiyanın Cənubi Qafqazdakı təsirini möhkəmləndirmək üçün təzyiq vasitəsi idi, digər tərəfdən isə bu resursların dünyanın başqa tərəflərinə yönəldilməsi, Rusiya üçün ciddi bir təhlükə yaradırdı. Bütün bunlara baxmayaraq Rusiyanın Elmlər Akademiyası və Valday Diskussiya Klubu kimi institutları artıq 2000-ci illərdə Azərbaycanın enerji siyasətinin çoxsəviyyəli və praqmatik bir yanaşma olduğunu etiraf edirdilər. Rusiya ekspertləri zaman-zaman qeyd edirdilər ki, Azərbaycanın enerji siyasəti, xüsusilə də BTC və Şahdəniz layihələri, Rusiya üçün "geosiyasi xəbərdarlıq" kimi qiymətləndirilir. Rusiya, Azərbaycanı bölgədə "bir növ tərəfdaş" olaraq görmək istəyirdi. Lakin Ulu Öndər Heydər Əliyev, Xəzər resurslarının yalnız bir dövlətin maraqlarına xidmət etməyəcəyini, əksinə, bütün regionun maraqlarına uyğun şəkildə istifadə ediləcəyini təmkinlə bəyan edirdi. Paralel olaraq Ulu Öndər Heydər Əliyev hər zaman Rusiya ilə yaxşı münasibətləri qorumağa çalışırdı. Bu, təkcə iqtisadi, siyasi, mədəni əlaqələrin qorunması deyildi həm də etibarlı strateji balansın qorunması idi. Heydər Əliyev nəinki enerji xəttlərinin, həm də diplomatik münasibətlərin xəritəsini və o xəritədədəki sərhədlərin eskizlərini böyük ustalıqla və "çoxqütblü diplomatiya"nın prinsiplərinə dayanaraq çəkirdi. – həm Rusiya ilə, həm də digər böyük dövlətlərlə. Rusiya ilə yanaşı İran da Xəzər regionundakı ən güclü dövlətlərdən biri olaraq, bölgədəki enerji resurslarını öz təsir dairəsində saxlamağı hədəfləyirdi. bu ölkənin enerji siyasəti regional güc balansına təsir etməklə Azərbaycan ilə arasındakı tarixi əlaqələri təzyiq altına salırdı. Lakin Ulu Öndər Heydər Əliyev İranın da maraqlarını nəzərə alaraq balanslı bir siyasət yürüdürdü. İranın enerji üzrə ekspertləri, o cümlədən Tehran Universitetinin Beynəlxalq Əlaqələr fakültəsinin müəllimləri, Azərbaycanın enerji siyasətini həm potensial əməkdaşlıq, həm də rəqabət mənbəyi kimi qiymətləndirirdilər. İranlı tədqiqatçı Mahmud Vaezi qeyd edir ki, “Azərbaycan neft və qazı üçün formalaşdırılan marşrutlar İranın klassik nəql sistemini kənarda qoydu, lakin bu proses Heydər Əliyevin dəfələrlə əməkdaşlıq təkliflərinin cavabsız qalması ilə fərqlənirdi.” Beləcə Azərbaycan enerji resurslarını müxtəlif bazarlara yönləndirməklə bir tərəfdən regional sabitliyi təmin edir, digər tərəfdən isə Avropa və Asiya bazarlarını da birləşdirən bir körpü rolunu oynayırdı.

Türkiyə isə Azərbaycanın enerji strategiyasının ən yaxın və sadiq tərəfdaşı olaraq çıxış edirdi. Türk və Azərbaycan xalqları arasında tarixi və mədəni əlaqələr yalnız diplomatik sferada deyil, enerji sahəsində də özünü göstərirdi. Ümummilli Lider Heydər Əliyevin dövründə, Azərbaycanın neft və qaz resurslarının Türkiyə üzərindən Avropaya daşınması layihələri həyata keçirilməyə başlandı. Bu, təkcə iqtisadi deyil, həm də siyasi və strateji baxımdan çox vacib bir qərar idi. Türkiyənin strateji mövqeyi Azərbaycanın enerji ehtiyatlarının Avropaya ixracında təbii marşrut halına gəlmişdi. Bakı – Tiflis – Ceyhan (BTC) boru kəməri, Türkiyənin coğrafi əhəmiyyətini bir daha ön plana çıxarır, həm də Azərbaycanın mühüm enerji təminatçısı kimi mövqeyini gücləndirirdi. Bu həm də göstərirdi ki, milli enerji məsələləri yalnız iqtisadi və siyasi əsaslarla deyil, həm də uzunmüddətli strateji planlar və milli maraqlar əsasında qurulmalıdır. Bu baxımdan Heydər Əliyevin enerji siyasəti regionda bir çox tərəfdaşın birgə fəaliyyətinin – beynəlxalq əməkdaşlığın əhəmiyyətini önə çıxarır. Türkiyənin aparıcı strateji mərkəzləri – SETA və TASAM – Dahi Şəxsiyyət Heydər Əliyevi “Türk dünyasının enerji memarı” kimi xarakterizə edirlər. Türkiyəli geosiyasətçi Ahmet Uysal yazır: “Əgər BTC layihəsi gerçəkləşməsəydi, Türkiyənin enerji tranzit ölkəsi kimi rolu bu qədər yüksəlməzdi. Bu layihənin siyasi memarı Heydər Əliyev idi.”

Fransa Beynəlxalq Münasibətlər İnstitutu (IFRI) 2007-ci ildə dərc etdiyi “European Energy Security and the Southern Corridor” adlı hesabatında qeyd edir ki, Azərbaycanın enerji diplomatiyasının inkişafı təkcə iqtisadi deyil, həm də siyasi məsələlərə təsir edəcək şəkildə əhəmiyyətlidir. O dövrə qədər, Avropa yalnız Rusiya enerji təchizatından möhkəm asılı idi. Lakin bu asılılıq Azərbaycanın bazara daxil olması ilə azalmağa başladı. Artıq avropalılar üçün Azərbaycan yalnız enerji təchizatçısı olmaqla qalmır, həm də siyasi sabitliyin təminatçısına çevrilirdi. Şahdəniz yatağından çıxarılan qazın Avropaya çatdırılması üçün inşa edilən Southern Gas Corridor layihəsinin həyata keçirilməsi Azərbaycanın həm iqtisadi inkişafına, həm də beynəlxalq miqyasda nüfuzunun artmasına zəmin yaratdı.

Ulu Öndər Heydər Əliyevin tarixi İpək Yolunun bərpası ilə bağlı atdığı addım, onun neft strategiyası ilə bir-birini tamamlayan vizyonun təcəssümüdür. Azərbaycanın zəngin neft və qaz ehtiyatları ilə dünya bazarlarına çıxması üçün Ulu Öndər Heydər Əliyev, ölkəni təkcə enerji resursları ilə deyil, həm də logistika və tranzit mərkəzi kimi möhkəmləndirməyi hədəfləyirdi. Çin Strateji Enerji Araşdırmaları Mərkəzi və Pekin Universitetinin Avrasiya Tədqiqatları Departamenti Azərbaycanı enerji və nəqliyyat baxımından Orta Dəhliz üçün əsas mərkəz sayır. “One Belt, One Road” (Bir Kəmər Bir Yol) təşəbbüsünün yaranmasından uzun illər əvvəl Azərbaycan və xüsusilə Ulu Öndər Heydər Əliyevin regionda yaratdığı infrastruktur, Çin ekspertləri tərəfindən “öncül model” kimi qiymətləndirilmişdir. Çinli analitik Li Xing 2018-ci ildə qeyd edirdi ki, Dahi Şəxsiyyət Heydər Əliyevin zamanında qurulan enerji dəhlizləri gələcəkdə Avrasiya enerji əməkdaşlığına əsaslı baza yaratdı. O yazır: “Azərbaycanın BTC və Şahdəniz kimi layihələrdəki strateji iradəsi olmasaydı, Orta Dəhliz təkcə nəqliyyat deyil, enerji arteriyası kimi də formalaşmazdı. Çin bu siyasəti "şaxələndirmə bacarığı və geoiqtisadi uzaqgörənlik" kimi xarakterizə edir. Tarix göstərdi ki, Çin və Azərbaycanın əlaqələri təkcə iqtisadi maraqlarla məhdudlaşmadı, həm də regionda yeni strateji əməkdaşlığın qurulmasına gətirib çıxardı.

Dünyanın enerji bazarı, zamanla dəyişən təhdidlərə və yeni ehtiyaclara cavab vermək üçün çoxsaylı təbəqələrdən ibarət bir sistemə çevrilir. 21-ci əsr, qlobal enerji mühitində yalnız fiziki ehtiyatların yox, həm də siyasi gücün müəyyənedici olduğu bir dövrə işarə edir. Hər bir dövlət, öz enerji təhlükəsizliyini qorumaq üçün yalnız strateji resurslarla deyil, həm də beynəlxalq tərəfdaşlarla olan əlaqələrinin keyfiyyəti ilə fərqlənir. Bu əlaqələrin təməlinin necə qurulacağı və davamlılığının necə təmin ediləcəyi isə, liderliyin dəqiqliyi və uzaqgörənliyi ilə müəyyənləşir.

Azərbaycan Respublikası Dövlət Neft Fondunun yaradılması zərurəti də məhz Ulu Öndər Heydər Əliyevin uzaqgörən enerji strategiyasının mühüm tərkib hissəsi kimi ortaya çıxdı. Neftdən əldə olunan gəlirlərin yalnız cari tələbat üçün deyil, gələcək nəsillərin rifahı və iqtisadi sabitlik naminə şəffaf və davamlı şəkildə idarə olunması vacib idi. Bu fondun əsas məqsədi, neft gəlirlərinin qeyri-neft sektoruna yönəldilməsi, iqtisadi şoklara qarşı bufer rolunun oynaması, və maliyyə intizamının təmin olunması idi. Beləliklə, neft sərvəti qısa müddətli siyasi dividendlərə deyil, uzunmüddətli dayanıqlı inkişaf strategiyasına xidmət etməyə başladı. Fond həm də beynəlxalq investorlar üçün etibarlılıq siqnalı verərək, Azərbaycanın maliyyə sistemində şəffaflığın və hesabatlılığın əsasını qoydu.

Dahi Şəxsiyyət Heydər Əliyevin Azərbaycanın enerji siyasətindəki irsi, yalnız onun dövrü ilə məhdudlaşmır. Bu məfhum Azərbaycanın siyasətində xüsusilə Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilən bir strateji xəttdir. Azərbaycanın yeni enerji siyasəti, yalnız neft və qazın ixracı ilə kifayətlənməyən, əksinə bu sərvətləri müasir dünyanın tələbləri ilə səsləşən strateji gücə çevirən çoxşaxəli bir yanaşmadır. Prezident İlham Əliyevin rəhbərliyi altında bu siyasət, təkcə boru kəmərlərinin çəkilməsi yox, həm də siyasi sabitliyin və beynəlxalq etimadın inşası kimi reallaşdı. O, enerji layihələrini diplomatik alətlərə , siyasi müdrikliyi ilə enerji diplomatiyasını Azərbaycanın beynəlxalq nüfuz sütunlarından birinə çevirdi. Cənub Qaz Dəhlizinin reallaşması, sözün əsl mənasında bir geoiqtisadi iradənin qalibiyyətinə çevrildi. Hər bir boru kəməri – TANAP, TAP, Bakı-Tbilisi-Ərzurum – sadəcə metal konstruksiya deyil, bir dövlətin vizyonunun canlı damarlarıdır. Prezident İlham Əliyev enerji təhlükəsizliyini təkcə milli məsələ deyil, regional və qlobal əməkdaşlıq platforması kimi təqdim etdi. Bu baxışla Azərbaycan həm də bərpa olunan enerji sahəsində böyük hədəflər irəli sürdü – günəşdən və küləkdən gələcək güc üçün strateji planlar hazırlandı. Yaşıl enerji zonalarının yaradılması, Zəngəzur və Qarabağda həyata keçirilən layihələr, işğaldan azad olunmuş torpaqlarda enerjini yenidən doğurmaqla həm də dirçəlişin simvoluna çevrildi.

Prezident İlham Əliyev təkcə enerji ixrac etmir – o, enerjiyə mənəvi və siyasi məna verir, onu sabitliyin və rifahın əsası kimi təqdim edir. Əməkdaşlığa açıq, milli maraqlara sadiq bu siyasət, Azərbaycanı enerji bazarının passiv oyunçusu deyil, strateji yönverici qüvvəsinə çevirməkdədir. Onun çağırışları – əməkdaşlıq, tərəfdaşlıq və balanslaşdırılmış siyasət – dünya enerji sistemində Azərbaycanın adını etibarlılıqla eyni sıraya yazdırmışdır. Bu gün Prezident İlham Əliyevin hər çıxışı, hər imzaladığı razılaşma, bir ölkənin deyil, bir regionun sabitliyinə çağırışdır.

Xəzərdən Adriatikədək uzanan boru kəmərləri, Azərbaycan liderinin dərin strateji baxışını dünya xəritəsinə həkk etdi. Prezident İlham Əliyev enerji siyasətini yalnız iqtisadi gəlir mənbəyi kimi deyil, dövlətçilik fəlsəfəsinin davamı kimi qurdu. O əmindir ki, enerjidən doğan güc ancaq ədalət, balans və uzaqgörənliklə əbədi ola bilər. Və bu güclə Azərbaycan həm də tarixin enerjisini daşıyan bir dövlət kimi irəliləyir. O, öz siyasətilə sülhün, əməkdaşlığın, etibarlılığın və sabitliyin manifestini yazmaqdadır. Prezident İlham Əliyev sübut edir ki, enerji yalnız yerin altından deyil, ağıl, iradə və gələcəyə inamdan doğmalıdır.

Məcid Kərimli,

Bakı Regional Qaz İstismar İdarəsinin rəis müavini