25 iyun 2025 15:45
234

Borcu kim ödəyəcək? - HƏYAT SIĞORTASININ GİZLİ GÜCÜ

Çağdaş dövrümüzdə maliyyə institutlarının əhaliyə təqdim etdiyi kredit məhsulları iqtisadi fəallığın genişlənməsi, cəmiyyətdə sosial rifahın yüksəldilməsi və bazar iştirakçılarının maliyyə ehtiyaclarının qarşılanması baxımından mühüm rol oynayır. Bu baxımdan kredit münasibətləri çərçivəsində tərəflərin üzərinə düşən risklər, xüsusilə də fiziki şəxslərin həyat və sağlamlığı ilə bağlı məqamlar bu sahədə təhlükəsizlik mexanizmlərinin mövcudluğunu zəruri edir. Bu kontekstdə “Kredit həyat sığortası” xidməti həm borcalanların hüquq və maraqlarının müdafiəsi, həm də bank sektorunun risklərinin sığortalanması baxımından əhəmiyyətli funksiyalar yerinə yetirir.

“Kredit həyat sığortası” fiziki şəxsin kredit öhdəliyini müəyyən səbəblərdən, xüsusilə də ölüm və ya əmək qabiliyyətinin itirilməsi hallarında yerinə yetirə bilmədiyi şəraitdə, borcun tam və ya qismən sığorta şirkəti tərəfindən ödənilməsini təmin edən maliyyə institutudur. Bu xidmət əsasən kredit müqaviləsi imzalanarkən həyata keçirilir və borcun tam ödənilməsi ilə yekunlaşır. Məqsəd isə borcalanın həyatında baş verə biləcək gözlənilməz hadisələrin onun ailəsinə, yaxınlarına və kredit təşkilatına iqtisadi zərər verməsinin qarşısını almaqdır.

“Kredit həyat sığortası” xidmətinin tətbiqi maliyyə ekosisteminin sabitliyi baxımından da çoxşaxəli təsirlərə malikdir. Əvvəla, bu məhsul kredit təşkilatlarının risklərinin idarə olunmasında mühüm rol oynayır. Kredit götürən ailə başçısının həyatını və ya sağlamlığını itirməsi halında yaranan ödənişsizliyin qarşısının alınması bankların zərər ehtimalını minimuma endirir və ümumi olaraq riski tarazlaşdırır. Beləliklə, maliyyə institutları daha inamlı şəkildə kredit portfellərini genişləndirə, kreditləşmə şərtlərini yumşalda və daha çox müştəriyə xidmət göstərə bilirlər.

Eyni zamanda, “Kredit həyat sığortası” sığorta sektorunun özünün inkişafına da təkan verən xidmətdir. Bu məhsulun geniş tətbiqi sığorta bazarında yeni imkanlar açır, innovativ sığorta paketlərinin formalaşmasına və bu sahədə rəqabətin artmasına şərait yaradır. Digər tərəfdən, bu mexanizm sistemik maliyyə sabitliyinə də müsbət təsir göstərir. Xüsusilə pandemiya, iqtisadi tənəzzül və təbii fəlakətlər zamanı kreditlərin kütləvi şəkildə qaytarılmaması ehtimalı artır. Belə hallarda kredit həyat sığortası bu riskin banklar üzərindən sığorta şirkətlərinə ötürülməsi ilə sistemin dayanıqlığını qoruyur və maliyyə təşvişinin qarşısını alır.

Borcalan şəxslər üçün isə “Kredit həyat sığortası” xidmətinin ən mühüm üstünlüklərindən biri onların ailələrinin maliyyə təhlükəsizliyini təmin etməsidir. Kredit götürən şəxsin həyatını itirdiyi və ya əmək qabiliyyətini itirdiyi hallarda onun ailəsinin həmin borcu ödəmək məcburiyyətində qalması sosial və psixoloji baxımdan da ağır nəticələrə səbəb ola bilər. “Kredit həyat sığortası” ailənin bu yükdən azad olunmasına və sosial rifahın qorunmasına xidmət edir. Bu, həm də borcalan şəxs üçün psixoloji rahatlıq yaradır və onu borc qərarını daha məsuliyyətli və inamlı şəkildə verməyə təşviq edir.

Rəsmi məlumatlara əsasən, Azərbaycanda həyat sığortası üzrə yığımlar ümumilikdə 643,8 milyon manata çatıb. Bu, əvvəlki illə müqayisədə 51,5 faiz artım deməkdir və cəmiyyətin risklərə qarşı daha ayıq olduğunu göstərir. Azərbaycan Sığortaçılar Assosiasiyasının məlumatına görə isə, 2024-cü ildə imzalanmış həyat sığortası müqavilələrinin sayı 850 minə yaxın olub. Ən çox artım ipoteka və istehlak kreditləri sahəsində müşahidə olunub. Bu, həm bank sektorunun, həm də vətəndaşların risklərə qarşı daha hazırlıqlı yanaşdığını göstərir.

Rəqəmlərdən göründüyü kimi, bu istiqamətdə maarifləndirici məlumatların, bir sıra çağırışların azlığı müşahidə olunur. Ən başlıca narahatlıq kredit həyat sığortasının bəzi hallarda müştəriyə məcburi şəkildə təqdim edilməsi, sığorta şərtlərinin isə yetərincə aydın və şəffaf olmamasıdır. Məlumatsızlıq və hüquqi sahədə müəyyən boşluqlar nəticəsində bəzi borcalanlar əlavə maliyyə xərcləri ilə üzləşə və ya imzaladıqları sığorta müqaviləsinin əsl mahiyyətini dərk etmədən öhdəlik altına düşə bilərlər. Bütün bunları nəzərə alaraq, kredit həyat sığortasının effektiv tətbiqi üçün bir sıra maarifləndirici tədbirlərinin həyata keçirilməsi zəruridir.

Nəticə etibarilə, “Kredit həyat sığortası” xidməti həm borcalanlar, həm də kredit təşkilatları üçün mühüm bir təminat mexanizmidir. O, yalnız kredit təşkilatlarının risklərini yüngülləşdirməklə kifayətlənmir, eyni zamanda borcalanların və onların ailələrinin həyat keyfiyyətinə, sosial müdafiəsinə və hüquqi təhlükəsizliyinə töhfə verir. “Kredit həyat sığortası”nın düzgün tətbiqi yalnız maliyyə sektorunun deyil, bütövlükdə cəmiyyətin rifahına xidmət edəcək.

Orxan Vahidoğlu, “İki sahil”
Yazı Azərbaycan Sığortaçılar Assosiasiyasının “Kredit götürənlərin həyat riskləri sığorta təminatında” mövzusu üzrə təşkil etdiyi müsabiqəsinə təqdim edilir