14 may 2025 03:02
149

"Casus qalmaqalları" Parisin avantüra siyasətinin tərkib hissəsidir

Bir neçə əsrlik kolonializm "ənənəsinə" malik olan Fransa tarixən müxtəlif dövlətlərə və xalqlara qarşı bu mənfur siyasətini yürüdüb

Fransanın yeni müstəmləkəçilik siyasəti qlobal təhlükəyə çevrilib. Bir neçə əsrlik kolonializm "ənənəsinə" malik olan Fransa tarixən müxtəlif dövlətlərə və xalqlara qarşı bu mənfur siyasətini yürüdüb. Rəsmi Paris bu gün uzun bir dövr ərzində Afrika ölkələrində törətdiyi cinayətlərdən, insanlığa, bəşəri dəyərlərə zidd davranışlardan, o xalqlarının sərvətlərini talamaqdan, dəyərlərini məhv etməkdən, insanlarını kütləvi şəkildə qırmaqdan utanmaq əvəzinə yeni kolonizm siyasəti sərgiləyir. Belə ki, Əlcəzairlə Fransa arasında gərginlik kritik həddə çatıb. Ölkələr arasında diplomatik qalmaqal Fransaya bağlı kəşfiyyat əməkdaşlarının Əlcəzairdən qovulması ilə güclənib. Hadisə Fransanın ölkə ərazisində törətdiyi soyqırımının növbəti ildönümündən bir gün sonra baş verib. Belə ki, iki fransız casusun diplomatik pasportla Əlcəzairə daxil olduqları, lakin yerli hakimiyyət orqanlarına əvvəlcədən məlumat vermədikləri bildirilib. Bu, son bir ayda Fransa ilə Əlcəzair arasında baş verən ikinci belə hadisədir. Daha əvvəl Əlcəzair Parisdəki nümayəndəsinin həbsinə cavab olaraq 12 fransız diplomatı ölkədən çıxarmışdı. Rəsmi Əlcəzair dəfələrlə bəyan edib ki, Fransa ikitərəfli sazişləri, onun hüquqlarını pozur. Yelisey Sarayını qarşılıqlı hörmət prinsiplərinə əməl etməyə çağırsa da, reaksiya olmayıb. Ən maraqlısı da odur ki, budəfəki diplomatik qalmaqal dövlət başçılarının telefon danışığından və Fransa diplomatiyasının başçısının Əlcəzairə səfərindən sonra baş verib. Ümumiyyətlə, "casus qalmaqallarını" Parisin avantüra siyasətinin tərkib hissəsi də adlandırmaq olar. Yəni, Əlcəzairdə baş verənlər ilk hal deyil. Bundan əvvəl analoji hal Azərbaycanda, Mərkəzi Asiyada, Türkiyə və Gürcüstanda da yaşanıb. Həmçinin Tbilisi Gürcüstandakı Fransa səfirliyini radikal siyasi qruplara maliyyə ayırmaqla onların hökumət əleyhinə fəaliyyətlərini dolayı yolla maliyyələşdirməkdə ittiham edib.

Əlcəzairlə Fransa arasında ikitərəfli münasibətlərə mənfi təsir göstərən daha bir səbəb də var. Birinci ehtimal odur ki, Əlcəzair Mərakeşin özünə birləşdirdiyi Cənubi Səhraya iddia edir. Bu mənada, Əlcəzairin Mərakeşlə gərgin münasibətləri var. Makron hökuməti indi Mərakeşi dəstəkləməyə meyillidir və Cənubi Səhranın ona birləşdirilməsi məsələsinə razılaşır. Bu fakt Əlcəzairdə çox aqressiv reaksiya doğurur. İkincisi, fransız qoşunlar tərəfindən quraşdırılmış milyonlarla mina 60 ildən çox vaxt keçməsinə baxmayaraq, hələ də Əlcəzair ərazisində qalır. Fransa Əlcəzair ərazisində 14 nüvə sınağı həyata keçirib, partlayışlar həm quruda, həm də havada təşkil edilib. Bütün bunlar Fransa-Əlcəzair münasibətlərini ağırlaşdıran amillərdir.

Qeyd edək ki, Fransa ilə Əlcəzair arasındakı münasibətlər təkcə son illərin gərginliyi ilə deyil, əsrlərlə davam edən zülmlə, qanla, göz yaşları ilə yoğrulub. Mayın 8-də Fransanın Əlcəzairdə törətdiyi qətliamların 80-ci ildönümündə də bildirilib ki, 132 il Fransanın işğal altında qalan Əlcəzair xalqının yaddaşında bu illər dərin izlər qoyub. Həmin vaxt müstəqillik tələb edən əhalinin müstəmləkə hakimiyyəti tərəfindən amansız surətdə yatırılması nəticəsində 45 000-dən çox əlcəzairli öldürülmüşdü. İnsanlar müttəfiqlərin qələbəsini qeyd etmək üçün şimali Əlcəzair şəhəri Setifdə toplaşanda izdiham üzərində Əlcəzair bayraqları və müstəqillik tələb edən şüarlar qaldırılıb. Fransa hakimiyyəti bu bayraqları endirməyi əmr edib. Nümayiş iştirakçıları imtina edəndə əsgərlər izdihama atəş açıblar. Atışma xəbəri Gelma və Xerrata daxil olmaqla yaxınlıqdakı şəhərlərə yayılıb, orada iğtişaşlar başlayıb. Təxminən 100 fransız müstəmləkəçi öldürülüb. Cavab olaraq, müstəmləkə hakimiyyəti əlcəzairlilərə qarşı amansız repressiyalara başlayıb. O zaman Fransaya rəhbərlik edən Şarl de Qoll "bütün antifransız hərəkətlərini yatırmaq üçün zəruri tədbirlərə" icazə verib. Ordu və hərbi hava qüvvələrinin dəstəyi ilə müstəmləkə qoşunları kəndləri bombalayıb və bütün bölgədə məhkəməsiz edamlar keçirib. Kişilər, qadınlar və uşaqlar may və iyun ayları boyunca öldürülüblər. Lakin qırğın Əlcəzairin özünütəyin hərəkatının yaranmasına təkan verib. 1 noyabr 1954-cü ildə əlcəzairlilər fransızlara qarşı inqilaba başlayıblar, nəticədə fransızlar 1962-ci ildə müstəmləkəyə müstəqillik verməyə məcbur olublar.

Təəssüf ki, Fransanın cinayətləri heç vaxt hüquqi qiymətini almayıb. Bugünkü Emmanuel Makron hakimiyyəti peşmanlıq çəkməyə meyilli deyil. Onilliklər sonra Əlcəzair və Fransa arasında münasibətlər gərgin olaraq qalır. Əlcəzair hökuməti dəfələrlə Parisdən Fransanın müstəmləkə cinayətlərinin rəsmi tanınmasını tələb edib. Əlcəzairdəki bir çox siyasətçilər və ictimai xadimlər Fransa dövləti tərəfindən üzr istənilməsində israr edirlər. Əlcəzairin müstəqillik qazanmasından 63 il keçsə də, Fransa hələ də öz müstəmləkə cinayətlərini tanımayıb.

Sevinc Azadi, “İki sahil”