Elnur Nəsibov: Ən böyük nailiyyətlərdən biri qızların ali təhsil almasına dəstək məqsədilə başladılan təqaüd proqramlarından artıq 300-dən çox qızın yararlanmasıdır
Təhsil sisteminin inkişafına yönəlmiş proqram və layihələri dəstəkləmək, təhsil və iqtisadiyyatın inteqrasiyasının və gücləndirilməsinə töhfə vermək, dövlət təhsil müəssisələrinin infrastrukturunun inkişafı ilə bağlı proqramlar həyata keçirmək məqsədilə Təhsilin İnkişafı Fondu yaradılıb. Bu qurumun missiyasını necə yerinə yetirdiyi, fəaliyyəti dövründə hansı uğurlar qazandığı, eləcə də gələcək hədəflərə çatmaq üçün görəcəyi tədbirlərlə bağlı Fondun İdarə Heyətinin sədri Elnur Nəsibovla həmsöhbət olduq.
-Elnur müəllim, Təhsilin İnkişafı Fondu niyə yarandı?
-Təhsilin İnkişafı Fondu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 19 iyul 2021-ci il tarixli Fərmanı ilə yaradılıb. Fondun yaradılması ölkədə təhsil sahəsində daha səmərəli və davamlı inkişafı təmin etmək, bu sahədə əlavə dəstək mexanizmi formalaşdırmaq məqsədi daşıyır. Ölkəmizin sürətlə inkişaf edən iqtisadiyyatı, müasir dünyada dəyişən təhsil tələbləri və rəqabətqabiliyyətli insan kapitalının formalaşdırılması üçün təhsildə innovativ yanaşmaların dəstəklənməsi bu Fondun yaradılmasını zəruri edən əsas səbəblər sırasında yer alıb.
- Təhsilin İnkişafı Fondunun missiyası nədir?
-Təhsilin İnkişafı Fondunun əsas missiyası Azərbaycan Respublikasında təhsil sisteminin inkişafına yönəlmiş proqram və layihələrin dəstəklənməsi və dövlət təhsil müəssisələrinin maddi-texniki bazasının müasir tələblərə uyğunlaşdırılması yolu ilə təhsilin dayanıqlı inkişafına nail olmaqdır. Fond, eyni zamanda, müxtəlif maraqlı tərəfləri - dövlət qurumlarını, özəl sektoru və ictimai təşkilatları bir araya gətirərək, ortaq məqsədlər ətrafında əməkdaşlıq platforması yaratmağı qarşısına məqsəd qoyub. Beləliklə, Fond yalnız maliyyə dəstəyi ilə kifayətlənməyən, sistemli və strateji təsir gücünə malik bir qurum kimi fəaliyyət göstərir.
“TələbəPlus” kartı proqramının əhatə dairəsinin genişləndirilməsi,
yeni universitetlər və tərəfdaş şirkətlərin proqrama cəlb olunması da yaxın hədəflər sırasındadır.
Bununla yanaşı, təhsil sahəsində çalışan sosial rifahına töhfə verəcək
“TəhsilPlus” adlı yeni bir proqram hazırlanır
- Fondun fəaliyyəti dövründə təhsilimizə verdiyi töhfələrdən söz açmağınızı istərdik...
-Təhsilin İnkişafı Fondu qısa müddətdə bir sıra uğurlu layihə və təşəbbüslərə imza ataraq təhsil sahəsinə real və ölçülə bilən töhfələr vermişdir. İlk gündən etibarən Fondun əsas prioritetlərindən biri tələbələrin sosial rifahının yaxşılaşdırılması olub. Ən böyük nailiyyətlərdən biri də məhz qızların ali təhsil almasına dəstək məqsədilə başladılan təqaüd proqramlarıdır. Artıq 300-dən çox qız Fondun müxtəlif təqaüd proqramlarından yararlanır. Fond tərəfindən həyata keçirilən hər proqram ilə qürur duyduğumu deyə bilərəm, çünki onların hər biri təhsil sahəsinin ehtiyaclarına əsaslanır. Onlardan biri IELTS imtahanına təşviqlə bağlı layihədir. Bu günə qədər bu proqramdan ümumilikdə 511 nəfər olmaqla 31 müəllim, 480 tələbə faydalanıb. İştirakçılar imtahanda 6.5 baldan yuxarı topladıqları təqdirdə onların IELTS ödənişləri Fond tərəfindən qarşılanır.
Son bir neçə aydır başladığımız “TələbəPlus” kartı proqramı haqqında da danışmaq istərdim. Proqram hazırda 190 min tələbəni əhatə edir. Növbəti illərdə bu sayın 250 minə çatdırılması nəzərdə tutulur. Bu layihə tələbələrin sosial, maddi vəziyyətlərinin yaxşılaşdırılması üçün mühüm addımdır. Burada bu günə qədər 350-dək şirkətlə (kafe, restoran, sağlamlıq mərkəzləri, özəl xəstəxanalar, kinoteatrlar və s.) əməkdaşlıq edilir.
Bu yaxınlarda “NEQSOL Holding”in tərkibinə daxil olan “NEQSOL Academy”, Təhsilin İnkişafı Fondu və Technology SNI tərəfdaşlığı ilə yaradılan “Peerstack Academy”nin rəsmi açılış tədbiri keçirilmişdir. “Peerstack Academy” Azərbaycanda informasiya texnologiyaları sahəsində beynəlxalq səviyyəli mütəxəssislərin hazırlanması üçün ABŞ-da yerləşən tanınmış texnologiya təhsili təminatçısı olan “Qwasar Silicon Valley “ilə tərəfdaşlıq edərək onların təhsil proqramlarını təqdim edir. Akademiya Azərbaycan Texniki Universitetinin ərazisində bu məqsədlə yaradılmış müasir tədris məkanında fəaliyyət göstərir. “Peerstack Academy” rəqəmsal gələcəyə yönəlmiş uzunmüddətli sərmayədir və regionda innovasiya, təhsil və insan kapitalının inkişafını dəstəkləyən geniş strategiyamızın bir hissəsidir.
-Fond xüsusilə qızların təhsil almasında, müəyyən bacarıqlara yiyələnməsində hansı imkanları təqdim edir?
-Təhsilin İnkişafı Fondu 2022-ci ildən etibartən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə “Hənifə Məlikova – Zərdabi adına qızların təhsilinə dəstək” proqramı çərçivəsində tələbə qızlara təqaüd verməyə başladı. Əgər ilkin mərhələdə bu proqramdan 25 tələbə qız faydalanırdısa, daha sonra bu rəqəm 135 nəfərə qədər artdı. Sevindirici haldır ki, bu təşəbbüsə “NEQSOL Holding”, STP Şirkətlər Qrupu kimi böyük şirkətlər qoşularaq, “Parla” təqaüd və inkişaf proqramı çərçivəsində 100 nəfərin, “Zərif mühəndislər” layihəsi çərçivəsində 50 nəfərin təqaüdünü maliyyələşdiriblər. Layihənin əsas məqsədi əhalinin sosial həssas qrupundan olan, lakin təhsildə yüksək nəticə göstərən qızların təhsilinə davamlı dəstək vermək, onların ali təhsil müəssisələrində uğurla təhsil almalarına şərait yaratmaqdır.
Qızların sosial-iqtisadi müstəqilliyə sahib olmaları üçün Təhsilin İnkişafı Fondu xüsusi diqqət və həssaslıqla fəaliyyət göstərir. Fond proqram iştirakçılarını yalnız maliyyə baxımından deyil, eyni zamanda, fərdi və peşəkar bacarıqlar baxımından da gücləndirmək istəyir. Onlar üçün seminarlar, liderlik və kommunikasiya üzrə təlimlər, həmçinin peşəkarlarla görüşlər və motivasiya proqramları təşkil olunur. Bu yolla məqsəd yalnız onların universitetdə oxuması deyil, həm də gələcəkdə cəmiyyətə faydalı, öz hüquq və imkanlarını tanıyan, təşəbbüskar fərdlər kimi formalaşmalarını təmin etməkdir. Proqram iştirakçılarının bir neçəsi artıq “NEQSOL Holding”, “Azerconnect”, “Norm” kimi böyük şirkətlərdə işlə təmin olunublar.
-Bildiyimiz qədər, regionları əhatə edən layihələriniz də var. Bu barədə ətraflı məlumat verə bilərsinizmi? Fondun regionlara xüsusi həssaslıqla yanaşması nədən irəli gəlir və daha hansı işlərin görülməsi planlaşdırılır?
-Layihələrimiz paytaxt və regionlarda eyni səviyyədə həyata keçirilir. Təhsilin İnkişafı Fondu üçün regionlarla bağlı fəaliyyətlər xüsusi əhəmiyyət kəsb edir. Fondun regionlarda həyata keçirdiyi layihələr sırasında qızlar üçün təqaüd proqramının bölgələri əhatə etməsi, “TələbəPlus” kartlarının Naxçıvan, Gəncə, Mingəçevir, Lənkəranda təhsil alan tələbələrə təqdim olunması ön plana çıxır. Dövlət-özəl tərəfdaşlığı çərçivəsində “Məktəblərə kitab ianəsi” layihəmiz var. 2023-cü ildə 4800, 2024-cü ildə isə 5000 kitab layihə çərçivəsində Abşeron-Xızı, Mərkəzi Aran, Dağlıq Şirvan, Gəncə-Daşkəsən, Lənkəran-Astara, Quba-Xaçmaz, Qazax-Tovuz,Qarabağ-Şərqi Zəngəzur, Şirvan-Salyan, Şəki-Zaqatala regionlarında yerləşən məktəblərə təqdim edilib. Bundan əlavə, Sumqayıt Dövlət Universitetində Davamlı İnkişaf Mərkəzi açmışıq. Kürdəmirdə Fond tərəfindən 264 şagird yerlik məktəb binasının tikilməsi davam edir, Qubadlıda inşa ediləcək məktəbin isə layihə sənədləri hazırlanmaqdadır. Gələcək planlara gəldikdə isə Fond üçün regionlarda mövcud fəaliyyətlərin davam etdirilməsi və onların miqyasının daha da genişləndirilməsi əsas prioritetlərdən biri olaraq qalır. Bu istiqamətdə yeni layihələrin icrası, mövcud təşəbbüslərin təkmilləşdirilməsi və region gənclərinin daha geniş imkanlarla əhatə olunması nəzərdə tutulur. Bundan əlavə, işğaldan azad olunmuş ərazilərdə də aktiv fəaliyyətin genişləndirilməsi nəzərdə tutulur.
-Vətəndaşlar Fondun təqdim etdiyi imkanlardan yararlanmaq üçün hansı şəkildə müraciət edə bilərlər?
-Təhsilin İnkişafı Fondunun təqdim etdiyi imkanlardan faydalanmaq üçün müraciət prosesi olduqca şəffaf və sadədir. Vətəndaşlar, o cümlədən tələbələr və müəllimlər Fondun rəsmi internet səhifəsi vasitəsilə bütün elanlarla tanış ola və müvafiq müraciət formalarını doldura bilərlər. Hər layihənin özünəməxsus şərtləri, iştirak meyarları və sənəd təqdimetmə qaydaları olur. Məsələn, təqaüd proqramları üçün müraciət edən şəxslərdən müəyyən sənədlər-şəxsiyyət vəsiqəsi, təhsil haqqında məlumatlar, sosial vəziyyəti təsdiq edən sənədlər tələb olunur. Müraciətlər adətən onlayn şəkildə qəbul olunur və daha sonra münsiflər heyəti tərəfindən qiymətləndirilir. Fond, həmçinin müxtəlif dövrlərdə infosessiyalar təşkil edir. Bu tədbirlər vasitəsilə vətəndaşlara layihələr haqqında daha ətraflı məlumat verilir, suallar cavablandırılır və müraciət qaydaları izah olunur. Fondun sosial şəbəkə səhifələri də (“Facebook”, “Instagram” və s.) daim aktivdir və bütün yeni layihələr, proqramlar barədə məlumatlar operativ şəkildə paylaşılır. Təhsilin İnkişafı Fondunun təqdim etdiyi imkanlardan faydalanmaq üçün vətəndaşların layihə elanlarını diqqətlə izləmələri, müəyyən edilmiş şərtləri nəzərdən keçirmələri və müraciətlərini müəyyən edilmiş müddətdə və düzgün formada təqdim etmələri vacibdir.
-Fondun müəllimlərin peşəkar inkişafına dəstək proqramları həyata keçirməsi nəzərdə tutulurmu?
-Təhsilin İnkişafı Fondu müəllimlərin peşəkar inkişafına dəstək vermək məqsədilə bir sıra proqramlar həyata keçirir. Bu sahədə əhəmiyyətli təşəbbüslərdən biri “4Sİ Akademiyası” layihəsidir. Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) və “Coursera” şirkətinin əməkdaşlığı ilə həyata keçirilən layihə müəllimlərə rəqəmsal bacarıqlarını artırmaq üçün 8.000-dən çox kurs təklif edir. 2024-cü ildə 10.000 nəfər faydalansa da, bu il bu sayın daha da artması və təxminən 70.000 nəfərin iştirak etməsi gözlənilir. Kurslar arasında süni intellekt, data analitika, blokçeyn, yumşaq bacarıqlar, dil biliklərinin artırılmas və digər sahələrə aid təlimlər mövcuddur. Bu proqramlar müəllimlərin bilik və bacarıqlarını artıraraq, təhsil sahəsində keyfiyyətin yüksəlməsinə mühüm töhfə verir.
- İşğaldan azad olunan ərazilərə təhsilin qayıtması üçün Fond tərəfindən hansı addımlar atılır?
-Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə Qarabağ Universiteti yaradıldı və Elm və Təhsil Nazirliyi universitetin qısa müddətdə fəaliyyətə başlaması üçün bütün tədbirləri gördü. Bu, böyük hazırlıq işləri tələb edirdi. 2024-2025-ci təhsil ilinin əvvəlində universitet öz qapılarını tələbələrə açdı. Universitet açılmazdan əvvəl Xankəndiyə səfər etdik. Universitetin kitabxanasının zənginləşdirilməsi üçün dövlət-özəl tərəfdaşlığı çərçivəsində müxtəlif kitablar ianələri etdik.
İşğaldan azad olunmuş ərazilərə həyatın, xüsusilə də təhsilin qayıdışı dövlət siyasətinin əsas prioritetlərindən biridir və bu istiqamətdə Təhsilin İnkişafı Fondu da üzərinə düşən məsuliyyəti ciddi şəkildə dərk edir. Fond bu bölgələrdə təhsilin bərpası və inkişafına töhfə vermək üçün həm infrastruktur, həm də insan kapitalı yönümlü təşəbbüslərlə çıxış edir. İlk növbədə, Fond azad olunmuş ərazilərdə təhsil infrastrukturunun qurulmasında və məktəblərin bərpasında iştirak edir.
-Təhsilimizin hazırkı durumunu necə şərh edərdiniz? Sizcə, təhsilimizin daha da inkişafı üçün hansı amillər əsasdır, nələrə xüsusi diqqət göstərilməlidir ki, tərəqqiyə gedən yolu uğurla addımlayaq?
-Hazırda Azərbaycanda təhsil sistemi ciddi transformasiya mərhələsindədir. Həm dövlət səviyyəsində aparılan islahatlar, həm də özəl və ictimai təşkilatların müxtəlif fəaliyyət və təşəbbüsləri nəticəsində sistemə yeni nəfəs gəlməkdədir. Bununla belə, qarşıda duran çağırışlar da az deyil. Əsasən, təhsilin keyfiyyətinin yüksəldilməsi üçün bilikdən bacarığa keçid, yəni şagirdlərin məlumatı əzbərləmək deyil, onu tətbiq etmə bacarığının inkişaf etdirilməsi vacibdir. XXI əsr bacarıqları – tənqidi düşüncə, problem həll etmə, komanda ilə işləmək və texnologiyalardan istifadə – müasir təhsil sistemimizin əsas sütunlarına çevrilməlidir. Təhsilin inkişafı üçün bir neçə vacib amili xüsusilə qeyd etmək istərdim. Birincisi, valideyn-məktəb əməkdaşlığıdır. Uğurlu təhsil yalnız məktəbin deyil, ailə və cəmiyyətin birgə fəaliyyətinin nəticəsidir. Valideynlərin təhsilə fəal şəkildə cəlb olunması, məktəblə daimi əlaqədə olmaları və şagirdin inkişafını izləmələri təhsilin səmərəliliyini artırır. Bu əməkdaşlıq, həmçinin şagirdin motivasiyasına və təhsil uğurlarına müsbət təsir edir. Bundan əlavə, təhsildə rəqəmsal transformasiya sürətləndirilməli və texnologiyaların tətbiqi ilə həm müəllimlər, həm də şagirdlər daha yüksək rəqəmsal savadlılığa sahib olmalıdır. Tərəqqiyə gedən yol uzun və davamlı əmək tələb edir. Lakin doğru istiqamətlərə fokuslanaraq və əməkdaşlıq ruhunda çalışaraq bu yolu uğurla qət edə bilərik.
-Gənclərə, xüsusilə təhsil sahəsində uğur qazanmaq istəyənlərə hansı tövsiyələri vermək istərdiniz?
-Bugünkü dünyada uğur yalnız yüksək ballarla və ya diplomlarla ölçülmür. Uğur – davamlı inkişaf, təcrübə toplamaq, dəyərli əlaqələr qurmaq və real problemləri həll etmək bacarığı ilə formalaşır. Buna görə də hər bir gənc ilk növbədə öz maraqlarını tanımalı, hansı sahədə çalışmaq istədiyini, nədən zövq aldığını və nəyə töhfə vermək istədiyini müəyyənləşdirməlidir. Çünki təhsil bu hədəflərə çatmaq üçün bir vasitədir. Təkcə dərslərlə kifayətlənməyib aktiv olmaq, könüllülük, sosial layihələr, debatlar və startaplar kimi fəaliyyətlərdə iştirak etmək, dünyagörüşünü zənginləşdirir. Eyni zamanda, texnologiyadan düzgün istifadə etməklə onlayn kurslar, seminarlar və rəqəmsal resurslar vasitəsilə özünü inkişaf etdirmək mümkündür. Xarici dilləri öyrənmək isə qlobal düşünmək, fərqli mədəniyyətləri anlamaq və beynəlxalq təcrübələri araşdırmaq baxımından əvəzsizdir. Ən əsası isə təhsilə yalnız vəzifə qazanmaq vasitəsi kimi deyil, insan kimi formalaşmaq yolu kimi yanaşmaq lazımdır. Çünki dürüstlük, empatiya, əməksevərlik və sosial məsuliyyət kimi dəyərlər təhsilin insana qazandırmalı olduğu əsas prinsiplərdir. Gənclər unutmamalıdır ki, uğur kiçik və davamlı addımlarla inşa olunan uzun bir yolun nəticəsidir və bu yolda irəliləyən hər bir gənc həm özünün, həm də ölkəsinin gələcəyini dəyişə bilər.
Hazırda Fond tərəfindən
ölkənin müxtəlif bölgələrində
7 məktəbin tikintisi aparılır və
bu istiqamətdə layihələrin
sayının artırılması planlaşdırılır
-Təhsilin İnkişafı Fondunun yeni hədəfləri nədən ibarətdir? Bu qurumdan hansı yenilikləri gözləyək?
-Təhsilin İnkişafı Fondunun yeni hədəfləri Azərbaycanın təhsil sistemindəki ehtiyaclara və dinamik çağırışlara cavab vermək məqsədilə mütəmadi şəkildə yenilənir. Fond həyata keçirdiyi layihə və proqramlarda təhsil sahəsinin aktual prioritetlərini əsas götürərək, davamlı inkişafı hədəfləyir. Hazırda Fond tərəfindən ölkənin müxtəlif bölgələrində 7 məktəbin tikintisi aparılır və bu istiqamətdə layihələrin sayının artırılması planlaşdırılır. Eyni zamanda, dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilən təşəbbüslərin, eləcə də tələbələr üçün nəzərdə tutulan təcrübə və təqaüd proqramlarının genişləndirilməsi nəzərdə tutulur. Xarici tələbələrin ölkəmizdə təhsil almasını təşviq edən “Study in Azerbaijan” layihəsi çərçivəsində beynəlxalq əməkdaşlıqlar gücləndiriləcək. Xüsusi olaraq Qarabağ Universitetində təhsil alan tələbələr üçün təqaüd proqramlarının tətbiqi də gündəmdədir və bu, regionun təhsil potensialının inkişafına mühüm töhfə verəcək. Fond, həmçinin təhsil müəssisələrinin fəaliyyətini dəstəkləməyə, tələbələr üçün müxtəlif müsabiqə və tədbirlər keçirməyə davam edəcək.“TələbəPlus” kartı proqramının əhatə dairəsinin genişləndirilməsi, yeni universitetlər və tərəfdaş şirkətlərin proqrama cəlb olunması da yaxın hədəflər sırasındadır. Bununla yanaşı, təhsil işçiləri üçün “TəhsilPlus” adlı yeni bir proqram hazırlanır ki, bu da müəllimləri, idarəedici heyəti, ümumiyyətlə, təhsil sahəsində çalışan hər kəsi əhatə edəcək və onların sosial rifahına töhfə verəcəkdir.
Yaqut Ağaşahqızı, “İki sahil”