Ağdamda Muğam Mərkəzinin istifadəyə verilməsi, Azərbaycan xalqının mübarizliyinin qədim el sənətinin dili ilə açıqlanması, gənclərin bu sahəyə marağının artması milli-mənəvi dəyərlərimizə sadiqliyimizdən qaynaqlanırdir
Prezident İlham Əliyevin işğaldan azad edlmiş ərazilərə səfərləri tarixi anlarla zəngin olur. Dövlət başçımızın mayın 10-da Ağdam rayonunun Kəngərli kəndində yeni inşa edilmiş fərdi evlərdə yaradılan şəraitlə tanış olması, doğma evlərinə qayıtmış keçmiş məcburi köçkünlərlə görüşməsi, kənddəki tam orta məktəbin, körpələr evi-uşaq bağçasının açılışında iştirakı Böyük Qayıdışın tərkib hissəsi olmaqla doğma evlərində məskunlaşan insanlara diqqət və qayğının ifadəsidir.
Səfərdə yaddaqalan ən mühüm hadisə Ağdam Muğam Mərkəzinin açılışı, tanınmış xanəndələrin biri-birindən gözəl ifaları oldu. Proqramın sonunda üç azyaşlının ifasında səslənən, alqışlanan «Qarabağ şikəstəsi» göstərdi ki, milli-mənəvi dəyərlərimizə varislik gənc nəslimizin mənəvi köklərə bağlılığının ifadəsidir. «Ağdam şəhəri də artıq ərsəyə gəlir. Bu gün səhər Ağdam vağzal kompleksinin açılışını etdim. Bu tədbirdən sonra Ağdam Muğam Mərkəzinin açılışı olacaq. Muğam Mərkəzini Ağdamda ilk layihələrdən biri kimi inşa etməyimiz bizim mənəvi köklərə bağlı olduğumuzu göstərir. Yəni, bizi millət kimi, xalq kimi saxlayan bizim musiqimiz, dilimiz və əyilməz ruhumuz olub» söyləyən Prezident İlham Əliyev əlavə olaraq bildirir ki, bizi millət, xalq kimi saxlayan bizim musiqimiz, dilimiz və əyilməz ruhumuz olub.
«Azərbaycan xalq musiqisinin qüdrətli bir şaxəsi olan muğamın bütün formaları xalq arasında eyni dərəcədə populyardır və eyni dərəcədə sevilir» sözlərinin müəllifi Prezident İlham Əliyev haqlı olaraq onu da əlavə edir ki, muğamlarımız Azərbaycanın milli sərvətidir”. Əsrlərdən üzü bəri ulularımız tərəfindən qiymətli miras kimi qorunub saxlanılan, nəsillər tərəfindən sevilən «Rast», «Şur» «Segah», «Qatar» «Bayatı Kürd», «Heyratı», «Qarabağ şikəstəsi», «Kəsmə şikəstə, «Rast», «Şur», «Kürd ovşarı», «Gülüstan-Bayatı Şiraz»… insanlara mübarizlik ruhu aşılayan, sözlə müsiqinin vəhdətindən yaranan bu qədim el sənəti nəsilləri birləşdirən mənəvi körpüdür. Milli ruhumuzu sətirlərində yaşadan, dərin fəlsəfi məna daşıyan, keçmişimizdən bugünümüzə körpü olan, xalqı birliyə, yeri gələndə mübarizəyə səsləyən muğamlarımız əsrlərdən bəri saf bulaq suyu kimi varlığımıza, ruhumuza hakim kəsilib.
Dərin fəlsəfi məna daşıyan poeziyaya əsaslanan, Füzulinin, Nizaminin, Nəsiminin , Seyid Əzim Şirvaninin, Vahidin dili ilə «danışan» muğamlarımız milli –mənəvi dəyərlərimizin ön sırasında dayanır. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti milli mədəniyyətimizin və xalq sənətinin, o cümlədən, Şərqin ən qiymətli incisi sayılan muğamlarımızın qorunub saxlanmasında, yaşanmasında çox böyük xidmətləri olan Mehriban Əliyevanın səyi ilə gənc nəsillər arasında daha çox sevilən muğamlarımız kədərli, sevincli anlarımızda belə ruhumuzu oxşayır, insanlara saflıq bəxş edir. Tanınımış muğam ustadlarından Seyid Şuşinski muğamı ümmana bənzədirdisə, Xan Şuşinski fikrincə, muğam yaralı ürəklərin məlhəmi, insanlara təsəlli verən, onları ruhən yüngülləşdirən bir sənətdir. Muğamı musiqimizin Quranı, dilinin lüğəti adlandıranlar da yanılmayıblar. Təsadüfi deyil ki, muğam ilə cazın sintezi ilk dəfə ölkəmizdə həyata keçirilib.
Son illərdə Avropa ölkələrində muğama marağın artması, 2003-cü ildə muğamın UNESKO-nun Bəşəriyyətin Şifahi və Qeyri-Maddi irsi Siyahısına daxil edilməsi bu el sənətinə beynəlxalq səviyyədə artan diqqətin ifadəsidir. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Şərq ölkələri arasında ilk olaraq respublikamızda Muğam Mərkəzinin yaradılması, Beynəlxalq Muğam Festivalının İslam mədəniyyətinin paytaxtı seçilmiş Bakıda keçirilməsi də təsadüfi deyil. Tanınmış rəssam Toğrul Nərimanbəyovun «Muğam”» tablosu rəssama dünya şöhrəti qazandırıb. «Biz muğamı gələcək nəsillərə qəlbimizin və ruhumuzun bir hissəsi kimi miras qoyuruq. Məhz muğam bizim varislərimizdə köklərə bağlılıq, milli ləyaqət, qürur, emosional zənginlik, iztirab çəkməyi və başqalarının iztirabına şərik olmağı bacarmaq, muğamın özünün malik olduğu mənəvi kamillik, tamlıq kimi keyfiyyətlər aşılamağa qadirdir» söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın muğamın təbliğində əməyi və xidmətləri böyükdür. Milli-mənəvi dəyərlərimizin nadir inicilərindən olan muğamın yaşadılması naminə respublikamızda görülən işlərdə gənclərin fəallığı xüsusilə qeyd olunmalıdır. Son illərdə ənənəvi muğam müsabiqələri keçirilir və Azərbaycan Televiziyası ilə canlı yayımlanır. Gənc istedadlar arasında bu qədim el sənətinə artan maraq Şərq ölkələrinin ölkəmizə diqqətini də artırır. Müasir dünyamızda muğamın yaşaması böyük dərəcədə Azərbaycan xalqının zəhməti, istedadı hesabına mümkündür. «Biz haqlı olaraq hesab edirik ki, muğamın Vətəni Azərbaycandır və beynəlxalq festivalların keçirilməsi, əlbəttə, bu tezisi daha da möhkəmləndirir» söyləyən Prezident İlham Əliyev milli musiqimizin təbliği ilə bağlı həyata keçirilən layihələri yüksək dəyərləndirir.
Qeyd olunduğu kmi, son illərdə muğamın təbliği ilə əlaqədar ölkəmizdə bir sıra irimiqyaslı layihələr həyata keçirilmiş, muğam müsabiqələri təşkil olunmuş, 24 görkəmli muğam ifaçısının səsləndirdiyi parçalardan ibarət «Qarabağ xanəndələri”» albomu buraxılmışdır. «Muğam”» jurnalı, Azərbaycan, rus və ingilis dillərində ikicildlik «Muğam ensiklopediyası»” nəşr edilmişdir. Muğama dair müasir texnologiyalara əsaslanan və 8 diskdən ibarət «Azərbaycan muğamı” multimedia toplusu» tədris vəsaiti kimi hazırlanmışdır.
Böyük əhəmiyyətə malik həmin layihələrin tətbiqi ilə gənc nəsil yetişir, istedadlar gələcəyə yol tapırlar. Heydər Əliyev Fondunun təşəbbüsü ilə ölkəmizdə ənənəvi olaraq beynəlxalq muğam festivallarının keçirilməsinin çox böyük əhəmiyyəti var. Haqlı olaraq qeyd edilir ki, muğamın vətəni Azərbaycandır. Beynəlxalq festivalların keçirilməsi bu reallığı daha da möhkəmləndirir.”. Ana dilimizin yad təsirlərdən qorunmasında da muğamın rolu böyükdür. Sözlə müsiqinin vəhdəti olan muğamın hikməti
«Çahargah»ı araram «Şur»da dayansam,
«Şuri- sahnaz» ilə dindirin məni.
Əgər «Segah»ında alışıb yansam,
Yanar «Şüstər» ilə sondürün məni
«Humayın» artırır kədəri, ahı
«Rast»a düz deyiblər muğamlar şahı.
Ölüncə dinləyib «Yetim seygah»ı
Sonra cənazəyə mindirin məni.
«Zabul» yaylam olsun, «Şur» nəvazişim,
«Bayatı-Qacar»la hələ var işim,
Deyirəm, bir az da «Dilkəş» gəzişim,
Sonra məzara endirin məni.
Əgər məzarda alışıb yansam
«Bayatı - Şiraz»la söndürün məni
misraları muğamın sehrinə sözün qüdrəti ilə verilən dəyərdir.
Bu misralarının əsl açıqlaması bu günlərdə Ağdam Muğam Mərkəzinin açılışında hiss olundu. Biri-birini əvəz edən muğam sənəkarları ifaları ilə həqiqi mənada bütün Azərbaycan xalqına xoş duyğular yaşatdılar. Mübarizlərin, poladların, xudayarların ruhları şad oldu. Mehriban xanım Əliyevanın «Biz muğamı gələcək nəsillərə qəlbimizin və ruhumuzun bir hissəsi kimi miras qoyuruq. Məhz muğam bizim varislərimizdə köklərə bağlılıq, milli ləyaqət, qürur, emosional zənginlik, iztirab çəkməyi və başqalarının iztirabına şərik olmağı bacarmaq, muğamın özünün malik olduğu mənəvi kamillik, tamlıq kimi keyfiyyətlər aşılamağa qadirdir» sözləri açılışın sonunda azyaşlı muğam ifaçılarının alqışlarla qarşılanan ifasında təsdiqləndi. İkinci Qarabağ müharibəsində Azərbaycan xalqının qazandığı Zəfərin sevinci, mərdliyi, insansevərliyi, mübarizlik ruhu həmin gün sözlə musiqinin vəhdəti, ecazkarlığı ilə bir daha yaşandı.
Xuraman İsmayılqızı, «İki sahil»