Dəməşqin cənub rayonlarında baş verən icmalararası toqquşmalarda ölənlərin sayı 39 nəfərə çatıb, onlardan 16-sı təhlükəsizlik qüvvələrinin əməkdaşıdır.
“İki sahil” xəbər verir ki, Suriya Daxili İşlər Nazirliyinin məlumatına görə, silahlı qruplar gecə saatlarında şəhərə bitişik ərazilərində nəzarət-buraxılış məntəqələrinə və patrullara koordinasiyalı hücumlar həyata keçirərək həm mülki, həm də təhlükəsizlik qüvvələrinin avtomobillərini hədəfə alıblar. Tərəflər arasında atəşkəs cəhdləri silahlı qrupların hücumları bərpa etməsindən sonra pozulub.
Həmçinin döyüşlərin getdiyi rayonların səmasında alçaqdan uçan İsrail kəşfiyyat təyyarələri görünüb.
Qeyd edək ki, bölgədə vəziyyət druz icmasının dini rəhbərinə aid edilən və İslama qarşı təhqiramiz ifadələrin yer aldığı səs yazısının yayılmasından sonra gərginləşib.
Son zorakılıq dalğası nəticəsində Caramana, Sahnaya və Əşrəfiyyə-Sahnaya rayonlarında hökumət əsgərləri və yerli silahlı qrupların üzvləri də daxil olmaqla, azı 39 nəfər həlak olub.