01 may 2025 10:05
209

Ev içindən el içinə: Ucuz reytinq (x)ətrinə

İstər mətbuatda, istərsə də  televiziyada ailə-məişət zəminində yaranan problemlər, baş verən münaqişələr, eləcə də cinayətlərlə bağlı informasiyalar qabarıq şəkildə, ən incə detalları ilə yayımlanır. Xüsusilə bəzi televiziya kanallarında yayımlanan “sosial” məzmunlu proqramlar isə geniş ekspert qrupunun iştirakı ilə “müzakirə məclisi”qurur  ailədaxili məsələləri çək-çevir edir,  problemin mahiyyətini tam  və dəqiq dərk etmədən, məsələnin üzü-astarı bilinmədən haqlı-haqsız  axtarılır, kimlərsə səhv çıxardılır, qınanılır, tənqid atəşinə tuş gəlir. Belə verilişlərin mavi ekranlardan cəmiyyətə ötürdüyü neqativlərdən doymayan bəzi sosial media səhifələri isə  “"Ələkçinin qılverəni" prinsipi ilə belə verilişlərin reytinq gətirən kadrlarından  videolar hazırlayır, pafoslu başlıqlarla paylaşım edirlər. Cəmiyyətin bir qrupu ailə münaqişələrinin baş verməsini, digərləri isə ailə məsələlərini açıq-aşkar şəkildə kütləvi informasiya vasitələrinə daşıyanları, müzakirə predmetinə çevirənləri qınayır.

Maraqlıdır, niyə ev içində olanlar el içinə daşınır? Budəfəki araşdırmamızda  mütəxəssislərlə birgə bu suala cavab tapacağıq.

Media onları təqdim edəndə, artıq xoş olmayan durumlar adiləşir

Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid mövzu ilə bağlı “İki sahil”in suallarını cavablandırarkən diqqətə çatdırdı ki, ailədaxili məsələlərin işıqlandırılmasına pozitiv yanaşmır: “Çünki mahiyyətcə, detallarda ictimai motiv görmürəm. Ailədaxili  problemləri nədən qaynaqlanır, necə olur ki, belə halların sayı çoxalıb, bəli, bu və ya digər hallar kompleks şəkildə ictimai əhəmiyyət daşıya bilər. Çünki problemlər, həqiqətən mövcuddur və fikrimcə, onları doğuran elə məqamlar var ki, həmin məqamlar bütövlükdə cəmiyyətin özündən qaynaqlanır. Yəni media ictimai funksiya yerinə yetirən təsisatdırsa, gərək, cəmiyyət həyatında yaşananlara kompleks yanaşsın, hansısa fərdi durumun üzərində dayanmasın. İkincisi, hər bir halda, ailədaxili  problemlər, eləcə də gərginlik, boşanma, münaqişə, zorakılıq və mövcud xüsusdakı cinayət əməlləri neqativ təmayüllərdir. Media onları təqdim edəndə, artıq xoş olmayan durumlar adiləşir. Beləliklə, istər-istəməz, cəmiyyətin ümumi ahənginə, əsrlərdir formalaşmış düzənə, ənənələrə zərər dəyir. Ailə dövlətin təməlidirsə, ailənin dağılması hallarına adi münasibət, böyük anlamda götürsək, dövlətin varlığına laqeydliyi doğura bilər. Hesab edirəm ki, jurnalist, ilk növbədə, qeyd etdiklərimi nəzərə almalıdır. Əlbəttə, üzərində dayanılmalı digər spesifik məqamların olması mümkündür”.

Rəşad Məcid ailədaxili məsələlərin işıqlandırılması zamanı müşahidə etdiyi nöqsanlardan söz açdı: “Bir çox hallarda media motivi dəqiq bilmir. İkincisi, media orqanı, yaxud jurnalist hansısa tərəfin mənafeyindən çıxış edir. Halbuki tərəf saxlamaq jurnalistikanın prinsip və normalarına ziddir. Üçüncüsü, şəxsi həyat deyilən bir anlayış var. Bu həyatdakı müəyyən mübhəm cəhətlər var ki, onlar açıqlanmamalıdır. Mahiyyətcə, jurnalist həm də psixoloq olmalı, insanların emosional vəziyyətlərini nəzərə almalıdır. Təəssüf ki, biz bu həssaslığı bəzən heç görmürük. Nöqsanlar, ümumən, jurnalistikamızın hazırkı vəziyyətindən qaynaqlanır. Əgər hansısa jurnalist həssas deyilsə, deməli, peşəkarlıqdan uzaqdır”.

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) Media dəstək layihələri və strateji planlaşdırma şöbəsinin müdiri Mehriban Məmmədova mövzu ilə bağlı açıqlamasında bildirdi: “Mediada peşə etikasına riayət edilməsi, müəllif hüquqları, məlumatların dəqiqliyi, qərəzsiz, obyektiv yanaşmanın təmin edilməsi, əxlaq normalarının gözlənməsi və s. məsələlər peşəkar medianın inkişaf etdirilməsi kontekstində daim diqqətdə saxlanılır və bu istiqamətdə müvafiq tədbirlər, təlimlər həyata keçirilir. Medianın İnkişafı Agentliyi mütəxəssislərin prosesə cəlb edilməsi ilə media subyektləri üçün “Redaksiya siyasəti və peşə etikası qaydaları” adlı tövsiyələr hazırlayıb. Həmin tövsiyələr media subyektlərinə göndərilib və hər bir media subyektinin özünə uyğun redaksiya siyasəti çərçivəsində həmin peşə etikası qaydaları təsdiq olunub. Agentlik tərəfindən həyata keçirilən tədbirlərin əsas məqsədlərindən biri informasiya və xəbər mühitində peşəkarlıq səviyyəsini yüksəltmək, jurnalistika peşəsinin cəmiyyətdə nüfuzunu daha da artırmaq, onu yüksək keyfiyyət standartlarına uyğunlaşdırmaqdan ibarətdir.

Televiziya proqramlarının məzmununda zorakılıq, qəddarlıq və cinayətin təbliği halları olduğu təqdirdə…

Audiovizual Şuranın aparat rəhbəri Fazil Novruzov  mövzu ilə bağlı “İki sahil”in sorğusuna cavab olaraq qeyd etdi ki, Şuranın televiziya kanallarında yayımlanan kontentlə bağlı müdaxiləsi yalnız qanunvericilik tələblərinin pozulması halları ilə bağlı ola bilər. Qanunvericilikdə ailə problemlərinin işıqlandırılması ilə bağlı hər hansısa bir məhdudiyyət nəzərdə tutulmamışdır. Lakin televiziya proqramlarının məzmununda zorakılıq, qəddarlıq və cinayətin təbliği halları olduğu təqdirdə “Media  haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunlarından irəli gələn bəndlər çərçivəsində Şura tərəfindən pozuntunu törətmiş subyektə xəbərdarlıq, inzibati sanskiya və yayımın dayandırlması cəzaları tətbiq edilə bilər. Media subyektləri ailə münasibətləri ilə bağlı kontent yayımlayarkən “Media haqqında” Qanunun 14-cü maddəsinin (mediada dərc olunan və (və ya) yayımlanan informasiyaya dair  tələblər) və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Qanuna əsasən uşaqlar arasında dövriyyəsi məhdudlaşdırılmış və qadağan edilmiş informasiyalarla bağlı tələbləri mütləq şəkildə nəzərə alınmalıdır.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) baş məsləhətçisi, hüquqşünas Rafiq Mahmudov sözügedən mövzu ilə bağlı bildirdi ki, televiziya kanallarında xüsusilə özəl yayımlanan əyləncəli verilişlərdə Azərbaycan ailə modelinin yanlış təqdim edilməsi, ailədaxili münasibətlərin, həssas məsələlərin işıqlandırılması, ailə institutunu nüfuzdan salan informasiyaların yayımlanması davranış pozuntularının yaranmasına, şəxsi həyata qanunsuz müdaxilələrin artmasına, hüquq pozuntularının norma kimi təbliğinə, çətin vəziyyətdə olan ailələrin, xüsusilə qadınların, mənfi obrazda təqdim edilməsinə, ailə-qohum münasibətlərində olan tərəflərin qarşı-qarşıya qoyulmasına və ailə dəyərlərinin təhrif olunmasına yol açır, insanların psixo-emosional vəziyyətinə neqativ təsir göstərir: ”Təəssüflər olsun ki, bir çox özəl kanallar reytinq qazanmaq məqsədi ilə məişət zorakılığı ilə bağlı və digər cinayət hadisələrinə dair məlumatları təfərrüatı ilə yaymaqda da maraqlıdırlar. Media subyektləri isə aşkar etdikləri məişət zorakılığı ilə bağlı faktları aidiyyəti dövlət orqanlarına yönləndirmək əvəzinə bilavasitə efirdə həmin halların araşdırılması ilə məşğul olurlar. Bu cür verilişlərdə mütəmadi olaraq süni şəkildə şoular yaradılır. Qurum nümayəndəsi vurğuladı ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən də dəfələrlə bəzi televiziya kanallarında yayımlanan verilişlərin ailələrin və gənclərin, ümumilikdə cəmiyyətin maraqlarına uyğun gəlmədiyi, milli-mənəvi dəyərlərimizə ciddi zərbə vurduğu qeyd edilib, bu cür verilişlərin yayımının dayandırılmasının vacib olduğu vurğulanıb.

Bu nöqsanların aradan qaldırılması  üçün media qurumlarının…

Milli Məclisin deputatı Səbinə Xasayeva mövzu ilə bağlı şərhində bildirdi ki, kütləvi informasiya vasitələrində ailədaxili məsələlərin işıqlandırılmasında müşahidə olunan nöqsanlar əsasən media strukturlarında gender bərabərliyi balansının olmaması, sensasiya yönümlü jurnalistika, zorakılığın sistematik problem kimi təqdim olunmaması və etik prinsiplərin pozulması kimi səbəblərdən qaynaqlanır. Bu nöqsanların aradan qaldırılması  üçün media qurumlarının daha məsuliyyətli və etik yanaşmalar sərgiləməsi, qadınların mediada təmsilçiliyinin artırılması və zorakılıq hallarının daha geniş sosial kontekstdə təqdim olunması vacibdir. Ailədaxili zorakılıq qurbanlarının hekayələrinin paylaşılması, digər qurbanların da səslərini ucaltmalarına və yardım axtarmalarına təşviq edə bilər. Bu, həmçinin cəmiyyətdə empatiyanın artmasına və dəstək xidmətlərinin gücləndirilməsinə səbəb ola bilər.

Həmsöhbətimiz qeyd etdi ki, ailədaxili konfliktlərin mediada işıqlandırılması zamanı jurnalistlər və redaktorlar bir sıra vacib nüanslara diqqət yetirməlidirlər.

…onlar ailə institunun  qorunub saxlanılmasına deyil, dağıdılıb məhv edilməsinə yönəlik fəaliyyət sərgiləyirlər

Mətbuat Şurası İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli mövzu ilə bağlı vurğuladı ki, təəssüf hissi ilə qeyd etmək lazımdır ki, yaşadığımız dövrdə ailə institutunun dağılması istiqamətində ciddi proseslər gedir. Bu, qlobal bir problemdir və Azərbaycandan da yan keçməyib. Düzdür, başqa dövlətlərin statistik göstəriciləri ilə müqayisədə Azərbaycandakı durum normaldır. Amma bu, nisbi göstəricidir. Reallıq budur ki, bizim ölkəmizdə də ailə institutunun dağılmasına yönəlik proseslər intensivləşib. Media strukturlarının gündəlik informasiya siyasətinə diqqət yetirsək görərik ki, onlar ailə institunun  qorunub saxlanılmasına deyil, dağıdılıb məhv edilməsinə yönəlik fəaliyyət sərgiləyirlər. Bu hal, xüsusilə audiovizual media müstəvisində, televiziyaların şou proqramlarında özünü göstərir. Cəmiyyət üzvləri haqlı olaraq TV-lərdə təşkil olunan və ailə-məişət mövzularına, daha dəqiq desək, məişət mübahisələrinə  həsr edilmiş şou proqramlara etiraz edirlər, onların bağlanılmasını tələb edirlər. Bu cür proqramlar həya, abır, ismət hissini zədələyir, ailə institutuna xələl gətirir. Sosial şəbəkələr isə, bu baxımdan ümumiyyətlə problemlidir. Sosial media platformalarında informasiya işinin əksər prinsipləri qorunmur. Bu hal ailə-məişət məsələlərinə yanaşmada da özünü büruzə verir.

Media eksperti əlavə etdi ki, təkcə jurnalistlər deyil, ümumilikdə informasiya istehsalçıları, xəbər yayıcıları ailə-məişət mövzusundan necə yazmalı olduqlarını, hansı məqamlara həssas yanaşmaq tələb edildiyini bilməlidirlər. 

Yaqut Ağaşahqızı, “İki sahil”