01 may 2025 12:26
166

Azərbaycan-İran münasibətlərində yeni mərhələ

Aprelin 28-də Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında imzalanmış sənədlərin Azərbaycan Prezidenti İlham Əliyevin və İran Prezidenti Məsud Pezeşkianın iştirakı ilə mübadiləsi mərasimi olub.

Əvvəlcə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian prezidentlərin Birgə Bəyanatını imzaladılar. Daha sonra “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə İran İslam Respublikasının Xarici İşlər Nazirliyi arasında 2025-2027-ci illər üçün Siyasi Məsləhətləşmələr Proqramı”nı Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və İranın xarici işlər naziri Seyid Abbas Əraqçi mübadilə etdilər.

Azərbaycanla İran arasında diplomatik münasibətlərin zəngin tarixi keçmişi vardır. İran və Azərbaycan xalqları islam aləminə mənsub olan xalqlardır. İki xalqın din, mədəniyyət, mənəvi dəyərlər baxımından yaxınlığı, eyni zamanda, ortaq tarixə malik olması dövlətlərarası əlaqələrin inkişafına müsbət dinamika verir. 1918-1920-ci illərdə mövcud olmuş Şərqdə ilk demokratik respublika – Azərbaycan Xalq Cümhuriyyəti dövründə bir sıra mürəkkəb problemlərə və ciddi maneələrə baxmayaraq, iki ölkə arasında diplomatik münasibətlərin qurulmasına nail olunmuşdu. 1918-ci il mayın 30-da Nazirlər Şurasının sədri Fətəli xan Xoyski İran Xarici İşlər Nazirliyinə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması barədə məlumat göndərdi. Xalq Cümhuriyyəti dövründə Bakıda İranın diplomatik nümayəndəliyi fəaliyyət göstərirdi. 1920-ci ilin aprelinədək Azərbaycanın İranda Adil xan Ziyadxanovun başçılığı ilə diplomatik nümayəndəliyi fəaliyyət göstərmişdir. 1920-ci il martın 20-də Azərbaycanla İran arasında əməkdaşlığın bütün sahələrini əhatə edən saziş və müqavilələr imzalanmışdı. Tərəflər arasında imzalanan dostluq müqaviləsinə əsasən, İran Azərbaycan Xalq Cümhuriyyətini de-yure tanımışdı. Qısa müddətdə Tehranda Azərbaycanın səfirliyi, Təbrizdə baş konsulluğu, Rəştdə konsulluğu, Ənzəlidə, Məşhəddə vitse-konsulluğu, Xoy və Əhərdə konsul-agentlikləri yaradılmışdı. 1920-ci ilin aprelində Azərbaycanın bolşevik Rusiyası tərəfindən işğalından sonra bir müddət siyasidiplomatik münasibətlərin qırılmasına gətirib çıxarmışdı. SSRİ dönəmində Azərbaycan müstəqil xarici siyasət yürütmək imkanından məhrum olsa da, İranla münasibətlərdə müəyyən rol oynayırdı. 1922-ci ilin payızında Bakıda İran səlahiyyətli nümayəndəliyi fəaliyyət göstərirdi. İkinci Dünya müharibəsi zamanı sovet qoşunları İran ərazisində yerləşdiyi illərdə Azərbaycanın siyasi və mədəni sahədə tanınmış şəxsiyyətləri ikitərəfli əlaqələrdə önəmli paya malik idi. Sonrakı dövrdə münasibətlər xeyli dərəcədə məhdudlaşsa da, SSRİ ilə İran arasında mədəni və elmi-ədəbi əlaqələrdə Azərbaycanın da özünəməxsus yeri olmuşdur. Xarici ölkələrin dövlət və siyasi xadimləri SSRİ-yə səfər edərkən Azərbaycana da gəlirdilər. Azərbaycana səfər edənlər arasında İranın dövlət xadimləri də olmuşdur. İran ilə sərhədyanı ticarət əlaqələri qurulmuşdu. 1968-ci ildə Bakıda İranın Baş Konsulluğu fəaliyyətə başlamışdı. Azərbaycan müstəqillik qazandıqdan sonra məhz həmin konsulluğun bazasında və binasında İran İslam Respublikasının ölkəmizdəki səfirliyi yaradıldı. Azərbaycanla İran arasında birbaşa əlaqələrin yenidən qurulmasına SSRİ-nin süqutundan bir qədər əvvəl başlanılmışdı. Belə ki, 1989-cu ilin sonlarında – Azərbaycanda milli-azadlıq hərəkatının vüsət aldığıbir dövrdə iki ölkə arasında sərhədlər sökülmüş və sadə insanların qarşılıqlı gediş-gəlişi başlanmışdı. Bu, əslində, siyasi dairələrə xalqların yaxınlaşmaq və əməkdaşlıq etmək istəyini ifadə edən bir mesaj idi. Təsadüfi deyil ki, 1990-cı ildə, yəni hələ SSRİ-nin mövcud olduğu dövrdə İranın o zamankı Prezidenti Əli Əkbər Haşimi-Rəfsəncani Bakıya səfərə gəlmiş və ölkə rəhbərliyi ilə əməkdaşlığa dair müzakirələr aparmışdı. 1991-ci il oktyabrın 18-də Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra iki dövlət arasında diplomatik münasibətlər sürətlə inkişaf etməyə başladı. İran İslam Respublikası Azərbaycanın müstəqilliyini 25 dekabr 1991-ci ildə tanımışdır. 1992-ci ilin fevralında o vaxtkı Prezident Ayaz Mütəllibovun başçılığı ilə geniş tərkibli nümayəndə heyəti İslam İnqilabının ildönümü münasibətilə Tehranda səfərdə olmuşdu. İki ölkə arasında diplomatik əlaqələr 12 mart 1992-ci ildə qurulmuşdur. Həmin vaxtdan İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi fəaliyyətini davam etdirir, 1992-ci ilin dekabr ayından isə Azərbaycan Respublikasının İran İslam Respublikasında səfirliyi fəaliyyətə başlamışdır. 1992-ci ilin dekabr ayından Naxçıvan MR-də İranın Baş Konsulluğu açılmışdır. 20 oktyabr 2004-cü ildən isə Azərbaycan Respublikasının Təbriz şəhərində Baş Konsulluğu fəaliyyət göstərir. Ötən 30 il ərzində iki ölkə arasında münasibətlər heç də həmişə hamar səciyyə daşımasa da, hər iki dövlətin siyasi elitasında müştərək tarixi-mədəni irsə, ümumi mənafelərə istinadla, ş mehriban qonşuluq və qarşılıqlı faydalı əməkdaşlıq çərçivəsində qurulması və inkişafına əsaslanan baxışlar üstünlük təşkil etmişdir. Azərbaycan Respublikası məhz İranla ən uzun sərhədə (765 kilometr) malikdir. Sərhədin o tayında isə on milyonlarla etnik azərbaycanlı yaşamaqdadır. Bu amillər münasibətləri normal məcrada saxlamağı hər iki ölkə üçün zəruri edir

“Azərbaycan və İran ənənəvi olaraq beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəkləyir” deyən Prezident İlham Əliyev bildirib ki, bu barədə bu gün də fikir mübadiləsi aparıldı və gələcək birgə əməkdaşlıq çərçivələri müzakirə edildi. Dövlətimizin başçısı deyib ki, istər BMT olsun, İslam Əməkdaşlıq Təşkilatı, ECO, Qoşulmama Hərəkatı, digər təşkilatlar çərçivəsində bizim nümayəndələrimiz daim bir-birinin yanındadır. Azərbaycan-İran arasında yeni əməkdaşlıq münasibətləri yaranıb. Son illərdə hər iki ölkə arasında müxtəlif sahələri əhatə edən – ticarət, nəqliyyat, energetika və digər sahəsində əməkdaşlığı gücləndirərək yeni imkanlar əldə etmişdir. Hazırda Azərbaycan və İran arasında iqtisadi-ticari əlaqələr dinamizmlə inkişaf edir. Azərbaycanın İranla tarixi-mədəni bağları gələcəkdə bu əməkdaşlığın daha da güclənməsinə töhfədir. İran İslam Respublikası ilə münasibətlər iqtisadi və strateji əməkdaşlıqla məhdudlaşmır, əsrlər boyu davam edən tarixi, mədəni və dini yaxınlıqla daha da möhkəmlənir. Bu iki ölkənin həm coğrafi, həm də mənəvi baxımdan bağlı olduğunu əks etdirir.

Aprelin 28-də Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında imzalanmış sənədlər əməkdaşlığın inkişafında yeni prespektivlər vəd edir. “Bu gün apardığımız danışıqlar və fikir mübadiləsi əsnasında bir çox önəmli məsələlər haqqında söhbət etdik, fikirlərimizi bildirdik, Azərbaycan-İran strateji münasibətlərini bir daha təsdiqlədik. Biz bütün məsələlərə səmimi şərait əsnasında öz fikirlərimizi bildirmişik. Əsas məsələ ondan ibarətdir ki, hər iki tərəf Azərbaycan-İran əlaqələrinin inkişafına çalışmalıdır və çalışır. Hörmətli Prezidentin böyük heyətlə Azərbaycana gəlməsi və bu gün bir çox önəmli sənədlərin imzalanması, o cümlədən prezidentlər səviyyəsində imzalanmış sənəd bir daha bizim xoş niyyətimizi göstərir, onu göstərir ki, biz bütün istiqamətlər üzrə bir-birimizə daha yaxın olmağa çalışırıq”, – deyə Azərbaycan Prezidenti bildirib. Əvvəlcə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian prezidentlərin Birgə Bəyanatını imzalayıblar. “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə İran İslam Respublikasının Xarici İşlər Nazirliyi arasında 2025-2027-ci illər üçün Siyasi Məsləhətləşmələr Proqramı”, “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə İran İslam Respublikasının Yol və Şəhərsalma Nazirliyi arasında 2025-2026-cı illər üçün nəqliyyat sahəsində hərtərəfli əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair 1978-ci il tarixli Beynəlxalq Konvensiya”nın (əlavələrlə) I/10-cu qaydasına əsasən sertifikatların qarşılıqlı tanınmasına dair Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə İran İslam Respublikasının Mədəniyyət və İslami İrşad Nazirliyi arasında 2025-2028-ci illər üzrə Mədəni Mübadilə Proqramı” və digər sənədlər əlaqələrin inkişafında yeni səhifədir.

Gülbəniz İsayeva,
63 saylı tam orta məktəbin müəllimi