10 yanvar 2025 22:57
231

Stereotipləri qıran sosial videoçarxlarla təbliğat işi aparılmalıdır - MÜSAHİBƏ

Xəbər verildiyi kimi, yanvarın 7-də Prezident İlham Əliyev yerli telekanallara müsahibə verdi. Dövlətimizin başçısı müsahibəsində əldə olunan uğurlarla yanaşı, mövcud problemlərə də diqqət çəkdi. Ölkə rəhbəri tıxacların həlli ilə bağlı layihələrin icrası məsələsini də gündəmə gətirdi. Hazırda paytaxt Bakı şəhərində ictimai nəqliyyatın fəaliyyətinin yaxşılaşdırılması üçün bir çox tədbirlər görülür. Velozolaqlar, avtobus zolaqlarının yaradılması bu istiqamətdəki addımlardan bəziləridir.

Mövzu ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev “İki sahil”in suallarını cavablandırdı.

Küçə-yol şəbəkəsində ictimai nəqliyyatın üstünlükləri təmin olunmalıdır

- Rauf müəllim, siz tıxac probleminin həllini nədə görürsünüz?

- Ümumi olaraq böyük şəhərlərin yollarında tıxac, sıxlıq gözlənilən haldır, amma buna alternativlər olmalıdır. Bu alternativlər isə ictimai nəqliyyat növləridir. Şəhərlərdə küçə-yol şəbəkəsində ictimai nəqliyyatın üstünlükləri təmin olunmalıdır. İctimai nəqliyyatın maliyyə dayanıqlığı təmin olunmalıdır ki, özünü təmin edə bilsin və çeşidlilik islahatları aparsın.

Maliyyə dayanıqlığı dedikdə "Brutto müqavilələri”nə keçid mütləqdir. "Brutto müqavilələri” avtobus daşıyıcılarılarının maliyyə dayanıqlılığını təmin edəcək, sürücü qıtlığı məsələsini aradan qaldıracaq və əmək haqlarının artırılmasına səbəb olacaq. Həmçinin bir çox güzəştlərin tətbiqinə fürsət yaradacaq. Qısa vaxt aralığında bir növdən digərinə pulsuz keçidlər, sonralar xüsusi güzəşt qruplarının tətbiqinə - tələbələrin, təqaüdçülərin, əlillərin və digər kateqoriyadan olan insanlara güzəştləri “Burutto müqavilələri”nə keçidi təmin edə bilər. Düşünürəm ki, bu işlər təxirə salınmadan icra olunmalıdır.

Sumqayıtda, Xırdalanda 2-ci dəmir yolu stansiyalarının açılmasına ehtiyac var

- Sumqayıtdan Bakıya və əks istiqamətə müntəzəm avtobus xətləri çəkilsə də səhər və axşam saatlarında tıxac problemi hələ də müşahidə olunur. Alternativ olaraq nə tövsiyə edərdiniz?

- Sumqayıt-Bakı arasında daha böyük sərnişin axınının hərəkətini təmin edən növlərdən ən əsası dəmir yolu xətləridir. Düşünürəm ki, dəmir yolu xətlərindən gündəlik 37 min nəfər sərnişin daşınması olduqca kiçik bir kütləni əhatə edir. Bu rəqəmin artırılması istiqamətində işlərin görülməsi vacib amillərdəndir. Yəni, bu gün Sumqayıta Azərbaycanın mövcud dəmir yolu xətti var, amma qatarların sayının artırılmasına ehtiyac var. Ən əsası stansiyaların sayının artırılmasına böyük ehtiyac da duyulur. Sumqayıtda, Xırdalanda 2-ci stansiyaların açılmasına ehtiyac var. Bakı şəhərinin daxilində - Dərnəgüldə, Keşlədə, Heydər Əliyev prospektində, Nərimanov rayonu, Böyük Şor ərazilərində stansiyaların qurulması vacibdir. Bu yeniliklərlə dəmir yolu  nəqliyyat vasitəsi kimi yerüstü metro funksiyasını daşıya bilər. Qrafikə nəzər salsaq görərik ki, gündüz saatlarında qatarların olmadığını görərik. Amma 15-20 dəqiqə intervalla Bakı, Sumqayıt, Xirdalan daxil olmaqla əlavə reyslər təmin olunarsa bu, ciddi şəkildə insanlarda özünəgüvən yarada bilər. Səhər saat 06:00-dan gecə 00:00-dək interval təmin olunsa Bakı-Sumqayıt və əks istiqamətdə olan sıxlıq aradan qalxa bilər. İnsanların bir çoxu dəmir yolu nəqliyyatına yönələ bilər. Bu da öz növbəsində müsbət nəticəsini göstərəcək. Həmçinin ayrılmış xüsusi avtobus zolaqları təşkil edilib ki, bu da öz növbəsində müsbət hal kimi dəyərləndirilir. Bununla yanaşı, dəmir yolunun Sumqayıt, Biləcəri, Abşeron, Lökbatan, Sahil, Ələt qəsəbələrinə və əks istiqamətdə əlaqələnməsinə ehtiyac var. Bölgənin ən böyük ticarət mərkəzləri (“Sədərək”, “Binə”) bu ərazilərdə yerləşir. Bu ticarət mərkəzləri və həmin ərazilərə yaxın yerlərdə yaşayan sakinlərin yaşayış məntəqələri ilə əlaqəsi yalnız avtobus üzərindən qurulub. Həmin istiqamətə və yaxın ərazilərə mövcud dəmir yolu var, qatar sayı əlavə etməklə yükü bir az azaltmaq olar. Bundan əlavə, həmin dəmir yolu xətti ilə metronun “Xocasən” stansiyası ilə əlaqə təmin olunmalıdır.

Zolaqlara sərt nəzarət və cərimə olunanların statistikası göstərilməlidir

- İctimai nəqliyyatda keyfiyyəti artırmaq üçün hansı tədbirləri məqsədəuyğun hesab edirsiniz?

- Bakı şəhərində ictimai nəqliyyatın hazırkı inkişaf mərhələsində daha qabaqcıl tənzimləmə və maliyyələşdirmə modeli olan “Publik xidmət müqavilələri (Brutto müqavilələri)” modelinə keçid konsepsiyası hazırlanıb. Yeni modelin tətbiqi sərnişindaşımanın keyfiyyətinin yaxşılaşdırılması, yeni iş yerlərinin açılması, ictimai nəqliyyata nəzarət sisteminin səmərəliliyinin artırılması və ətraf mühitə mənfi təsirlərin azaldılması ilə müşayiət ediləcək. Ən əsası maliyyə dayanıqlığı təmin olunmalıdır. Əvvəldə də qeyd etdiyim kimi, "Brutto müqavilələri”nə keçid mütləqdir. Bundan əlavə, üstünlüyü təmin olunmuş zolaqlara sərt nəzarət və cərimə olunanların statistikası göstərilməlidir. Həmin zolaqlara gün və ay ərzində nə qədər avtomobil daxil olmasının statistikası aparılmalıdır ki, müəyyən edilsin ki, nə qədər artım, yaxud da azalma müşahidə olunub. Statistikanı yayımlamaqla digər sürücülərə də təsir göstərmək olar. Paytaxt yollarında mikromobillik zolaqları da yaradılıb. Ötən ilin ən böyük layihələrindən biri də budur. Bu şəbəkənin genişləndirilməsinə, bu sahəyə sərt nəzarətin həyata keçirilməsinə, ən önəmlisi isə təbliğatın aparılmasına ehtiyac var. Çünki mövcud stereotiplər dağıdılmalıdır. Cinsindən, yaşından asılı olmayaraq bu növə yönəlmə təmin olunmalı və stereotipləri qıran sosial videoçarxlarla təbliğat işi aparılmalıdır.

Küçəni keçmək üçün 300-350 metrdən bir işıqforlu piyada keçidləri təşkil edilməlidir ki

- Avtobus parkları yenilənir, avtomobillərin yaş hədləri cavanlaşır, bəs, sürücü-piyada mədəniyyəti necə?

- Ümumi olaraq sürücü mədəniyyəti dediyimiz bu anlayış əslində bir vərdişdir. Bu da mövcud infrastrukturdan formalaşır, sonradan həmin vərdiş mədəniyyətə çevrilir. İlk olaraq bütün küçə-yol şəbəkəmizi təftiş edib hibritləşmiş küçələrimizi səhmana salmalıyıq, zolaqları ensizləşdirib sabit axını təmin etməliyik. Təhlükəsizliyin təmini istiqamətində şəhər daxilində eynisəviyyəli keçidlərdə, iki zolaqdan artıq olan küçələrimizdə təhlükəsizlik adacıqları qurulmalı, işıqlandırılma təmin olunmalıdır. Belə olduğu halda tam fərqli bir vərdiş formalaşa bilər. Həmçinin Bakı şəhəri üzrə bütün səkilər bərpa olunmalıdır. Paytaxt ərazisində ən kiçik küçəmiz 300 metr, ən uzun prospektimiz 10 kilometrdir.

Davamlı, baryersiz bir səkimiz yoxdur. Ya səki var, bir qədər sonra bitir, ya da orada hər hansı baryerlər, hər hansı maneələr (işıq dirəyi, reklam lövhəsinin dirəyi, köşklərin soyuducuları, hər hansı obyektin terrası) səkiləri zəbt edir. Bu da insanları səki ilə hərəkət etməkdən çəkindirir və adamlar yolun hərəkət hissəsindən istifadə etməyə məcbur olurlar. Bu da həm qəza riskini artırır, həm də insanlarda fərqli bir vərdişin yaranmasına səbəb olur. Əvvəlcə piyadanın önündəki bütün baryerlər aradan qaldırılmalı, eynisəviyyəli qısa keçidlər təmin olunmalıdır. Yəni küçəni keçmək üçün 300-350 metrdən bir işıqforlu piyada keçidləri təşkil edilməlidir ki, insanlar səfərlərini rahat və təhlükəsiz edə bilsinlər. Eyni küçədə yalnız avtomobil deyil, piyada, velosiped, skuter, avtobus və ictimai nəqliyyat növlərinin də hərəkəti üçün şərait yaradılmalıdır ki, nümunəvi sürücü-piyada vərdişi formalaşsın.

Orxan Vahidoğlu, “İki sahil”