11 yanvar 2025 00:58
94

Müasir texnologiyalara əsaslanan yeniliklər tətbiq edilir və ediləcək

Dövlət başçısı İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində dövrün tələbinə uyğun olaraq idarəetmədə yeniləşmənin, təkmilləşmənin yol açdığı uğurlardan bəhs etdi

Hər dövrün öz çağırışları vardır. Bu çağırışların yüksək səviyyədə yerinə yetirilməsi düşünülmüş siyasətdən, ən əsası idarəçilik sisteminin düzgün qurulmasından asılıdır. Azərbaycanda idarəçilik beynəlxalq səviyyədə təqdir edilir. Dövlətimizin başçısı İlham Əliyev ilk gündən bu çağırışı səsləndirdi ki, ən yeni təcrübələr Azərbaycanda tətbiq olunmalıdır. Cənab İlham Əliyev, eyni zamanda, çıxışlarında bu məqamı xüsusi qeyd edir ki, bugünkü çağırışları düzgün cavablandırmaqla gələcək üçün möhkəm baza formalaşdırmış oluruq.

2016-cı ildə ölkəmizdə keçirilən ümumxalq səsverməsinə çıxarılan əlavə və dəyişikliklərdən biri vitse-prezidentlik institutunun yaradılması oldu. Dövlətimizin başçısı İlham Əliyevin 2017-ci ilin fevralında imzaladığı Sərəncama uyğun olaraq Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva Azərbaycanın Birinci vitse-prezidenti təyin edildi. Vitse-prezidentlik institutunun yaradılması ölkəmizdə idarəetmədə təkmilləşmənin bariz nümunəsi kimi dəyərləndirildi. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın dövlətimizin başçısı İlham Əliyevin sədrliyi ilə 2017-ci ildə keçirilən Təhlükəsizlik Şurasının iclasında ona göstərilən bu etimadı yüksək dəyərləndirərək söylədiyi fikirləri xatırlamaq istərdik: «Mən əminəm ki, vəzifədən asılı olmayaraq, insan öz yolunu, peşəsini seçəndə hər hansı bir işinə, əməyinə vicdanla yanaşmalı, qarşısına aydın məqsədlər qoyub, bu məqsədlərə nail olmağa çalışmalı, söz və işlərində bütöv olmalıdır.»

Azərbaycanın bugünkü uğurları, eyni zamanda, cənab İlham Əliyevin «Biz zamanı qabaqlamalıyıq» çağırışının reallıqda öz əksini tapmasıdır. «Mən əldə edilmiş uğurlar haqqında həmişə danışmağa hazıram və fəxr ediləsi məsələlər kifayət qədər çoxdur» söyləyən dövlətimizin başçısı onu da bildirir ki, uğurlarla kifayətlənməyib, daim irəliyə baxmaq davamlı inkişafda böyük rol oynayır. Ancaq mən həmişə narazı oluram. Çünki mən istəyirəm ki, daha yaxşı olsun. İstəyirəm ki, bu pozuntular olmasın. Harada ki mümkündür, biz maksimum dərəcədə öz imkanlarımızdan istifadə edək ki, işlər daha da yaxşı getsin. Ona görə kadr islahatı da bu məqsədi daşıyır. Yeni idarəetmə strukturunun olması dövrün tələbidir. Daha çevik, daha yığcam, daha məqsədyönlü idarəetmənin olması uğurların miqyasının genişlənməsində əsas faktorlardır. Çünki illər boyu yeni qurumlar yaranır. Onlar yarananda o qədər də hiss olunmur. Biri orada, biri burada yarandı, bir agentlik, bir xidmət yarandı. Sonra da baxanda görürük ki, bizim idarəetmə strukturumuz böyük dərəcədə şişirdilib. İndi dünyada əks proses gedir - idarəetmə daha yığcam, çevik, daha da məqsədyönlü və az işçi ilə böyük iş görmək üçün. Amma bizdə idarəetmə sistemi şişir.

Ölkə Prezidenti İlham Əliyevin dövlət orqanlarının və qurumlarının fəaliyyətinin daha səmərəli və düzgün təşkili, idarəçiliyinin təkmilləşdirilməsi, eyni və ya oxşar səlahiyyətlərin daha optimal həcmdə resurs sərf edilməklə həyata keçirilməsi məqsədilə həmin dövlət orqanlarının və qurumlarının sayının, saxlanma xərclərinin və işçilərinin say həddinin optimallaşdırılmasına xidmət edən sərəncamları bir daha bu reallığı ortaya qoydu ki, idarəetmə sisteminin təkmilləşdirilməsi dövrün, zamanın tələbidir. Bu təkmilləşmə davamlı olaraq həyata keçirildikdə sosial-iqtisadi göstəricilərimiz daha böyük rəqəmlərlə ifadə olunur, Azərbaycan ən islahatçı ölkə imicinə yeni əlavələr edir.

Hər sahədə təcrübəsi nümunə olan Azərbaycanın uğurları yeni-yeni hədəflərin müəyyənləşdirilməsini bir tələbə çevirir. Eyni zamanda, uğurlu başlanğıc davamlı uğurlar üçün əsasdır. Atılan addımlar eyni zamanda günümüzün əsas çağırışlarından biri kimi sahibkarlığın inkişafına geniş yol açır. Həyata keçirdiyi siyasətin önündə yeniləşməni, modernləşməni əsas amil kimi önə çəkən Azərbaycan hər zaman ilklərə imza atan ölkə kimi tanınır və nüfuz qazanır. Azərbaycan brendi kimi dünyaya səs salan «ASAN xidmət» ABAD, DOST layihələri də şəffaflığın artırılmasına, əmək, sosial müdafiə və təminat sahələrində vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsinə, elektron xidmətlərə keçidin sürətləndirilməsinə, habelə süründürməçilik hallarının qarşısının alınmasına və vətəndaş məmnunluğunun yüksəldilməsinə xidmət edir.

Müasir dövrün əsas çağırışlarından olan yoxsulluqla mübarizə sahəsində daim Azərbaycanın təcrübəsini yüksək qiymətləndirən xarici qonaqlar bu fikri bildirirlər ki, yoxsul yox, yaxşı idarə olunmayan ölkə var. Azərbaycanın idarəçilik sistemində həyata keçirdiyi təkmil islahatlar uğurların davamlılığında əhəmiyyətli rol oynayır. Bu baxımdan «ASAN xidmət» dövlət idarəçiliyində innovasiyaların tətbiqi baxımından uğurlu bir nümunədir. Hər bir layihə özlüyündə inkişaf, tərəqqi deməkdir. Atılan hər addımda vətəndaş amilinə verilən dəyər daha qabarıq şəkildə özünü büruzə verir.

Yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində cənab İlham Əliyevin diqqət yönəltdiyi məsələlərdən biri məhz idarəetmə sistemi ilə bağlı oldu. Jurnalistin «Dünyamız dəyişir, şəhərlərimiz dəyişir, təbii ki, idarəetmə sistemi də dəyişir. Azərbaycan da dünyanın bir parçasıdır və təbii ki, bu proseslərdən kənarda qalmır. Misal üçün, icra hakimiyyəti başçılarını Prezidentin xüsusi nümayəndələri əvəz edir və yaxud da böyük təşkilatları, fərdi təşkilatları vahid platformadan idarə edən holdinqlər yaradılır və sair. Sualım Sizin Sərəncamınızla bağlıdır. Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) yaradılması nəyə xidmət edir və ümumiyyətlə, bu təsisatdan bizim gözləntilərimiz nədən ibarətdir» sualını cavablandıran cənab İlham Əliyev bildirdi ki, son bir neçə il ərzində dövlət şirkətlərində yeni idarəetmə modeli tətbiq olunmağa başlanmışdır. İdarə heyətləri yaradıldı, idarə heyətlərinin rəhbərləri vəzifəsinə dövlət məmurları təyin edildi və beləliklə, dövlət şirkətlərindəki problemlər tam açıldı. Uzun illər dövlət şirkətləri təkcə təbii inhisarçı deyil, eyni zamanda, zərərlə işləyən şirkətlər idi. Bunun bir çox səbəbləri var. Əsas səbəb idarəetmədə olan qüsurlar və pozuntular idi: «Buna son qoymaq üçün artıq mənim tərəfimdən belə qərar qəbul edildi və bütün şirkətlərdə, - onlar çox deyil, haradasa 10-a yaxın dövlət şirkəti var, - yeni idarəetmə modeli yaradıldı və biz bunun müsbət tərəflərini dərhal görməyə başlamışıq. Yəni, uzun illər ərzində zərərlə işləyən, hər dəfə dövlət büdcəsinə, necə deyərlər, müraciət edən SOCAR, məsəl üçün, indi gəlirlə işləyir. Uzun illər ərzində zərərlə işləyən və hər dəfə dövlətdən dotasiya alan “Azərbaycan Hava Yolları” gəlirlə işləyir və səhv etmirəmsə, keçən ilin gəlirləri bir neçə 100 milyon manat səviyyəsindədir. İndi öz ehtiyaclarını özü qarşılayacaq. Dəmir yolu idarəsi də, həmçinin. Uzun illər dövlətdən yardım alan, indi təqribən 100-150 milyon manat gəlirlə işləyir və digər şirkətlər. Yəni, bu, birinci mərhələ idi. O sağlamlaşdırma və kadr islahatı mərhələsi artıq başa çatdı. O ki qaldı, ASKON qurumuna, bunun da məqsədi nəqliyyat sektorunu vahid çətir altında bir platforma kimi yaratmaqdır. Çünki baxmayaraq ki, idarəetmədə dediyim müsbət dəyişikliklər baş verdi, ancaq nəqliyyat qurumları arasındakı koordinasiya zəif idi və nəzərə alsaq ki, bundan sonrakı illərdə bizim həm əsas gəlir mənbəyimiz, həm siyasi çəkimizi gücləndirən amillərdən biri nəqliyyat və bağlantılar olacaq, əlbəttə ki, burada biz tam şəffaf və koordinasiya şəklində işlək mexanizm yaratmalı idik.»

Dövlətimizin başçısı bu əminliyi də ifadə etdi ki, formalaşmaqda olan bu qurum tezliklə öz səmərəliliyini göstərəcək. Bununla paralel olaraq, şəhər nəqliyyatı problemləri də göz önündədir. Vaxtilə şəhər nəqliyyatını yüngülləşdirmək və tıxacları azaltmaq üçün bir çox böyük layihələr icra etdik. Bir çox tunellər, yol qovşaqları inşa edildi. Amma indi görürük ki, yenə də nəqliyyat vasitələrinin sayı artır, insanlar daha çox maşın alır, iqtisadi fəallıq artır. Yenə də şəhər tıxaclarda boğulmağa başlamışdır: «Ona görə mənim tərəfimdən, o cümlədən bu məsələ də tapşırıq kimi verildi və indi Baş plan faktiki olaraq hazırlanıb. Burada avtobus nəqliyyatını metro nəqliyyatı ilə uzlaşdırmaq məsələləri dayanır. Biz son vaxtlar bir neçə metro stansiyasını istifadəyə verdik. Amma bu, kifayət deyil və mənim göstərişimlə yeni 10 metro stansiyası inşa ediləcək. Onların yerləri də seçildi və bu ildən başlayaraq artıq investisiyalar da qoyulacaq. Bununla bərabər, yeni yol infrastruktur layihələrini Bakı şəhərində icra etmək üçün artıq ilk 7-8 layihə seçildi. Beynəlxalq mütəxəssislər cəlb edildi. Biz hansı yollara üstünlük verməliyik. Bəzən yeni yol açılır, amma o, tıxacın azalmasına yox, artmasına gətirib çıxarır. Yəni, burada beynəlxalq təcrübə çox vacibdir və bu məsələ də mütləq öz həllini tapacaq.» Cənab İlham Əliyev vurğuladı ki, bir çox müasir texnologiyalara əsaslanan yeniliklər tətbiq edilir və ediləcək.

Son illərdə Azərbaycan özünün nəqliyyat infrastrukturuna milyardlarla dollar həcmində sərmayə qoyub, Avrasiyanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində yerləşən nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. Dövlət başçısı İlham Əliyev BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının – SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşündə bir daha diqqəti ölkəmizin son 20 ildə əldə etdiyi sosial-iqtisadi göstəricilərə yönəldərək bildirmişdir ki, ümumilikdə ölkə iqtisadiyyatına 310 milyard dollar investisiya yatırılıb ki, bunun 200 milyard dolları qeyri-neft sektorunun payına düşür.

Bu mühüm məqamı da qeyd edək ki, cənab İlham Əliyevin Sərəncamı ilə «Azərbaycan Respublikasının ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin tranzit potensialının artırılmasına və tranzit yükdaşımaların təşviqinə dair 2024-2026-cı illər üçün Fəaliyyət Planı» təsdiq edildi.  Azərbaycanın tranzit potensialının daha da gücləndirilməsi, eləcə də ölkə ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin rəqabətqabiliyyətliliyinin yüksəldilməsi üçün qısa və orta müddətli perspektivdə həyata keçiriləcək tədbirləri özündə ehtiva edən sənədin hazırlanmasına ehtiyac yaranmışdır. Bununla əlaqədar hazırlanmış «Azərbaycan Respublikasının ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin tranzit potensialının artırılmasına və tranzit yükdaşımaların təşviqinə dair 2024-2026-cı illər üçün Fəaliyyət Planı» nəqliyyat sahəsində, xüsusilə tranzit yükdaşımalarında qlobal trendləri nəzərə almaqla mövcud vəziyyətin təhlilini və ölkəmizin tranzit potensialının daha da artırılması üçün hədəf göstəriciləri, məqsədləri, prioritet istiqamətləri və tədbirlər planını özündə ehtiva edir. Cənab İlham Əliyev son vaxtlar nəqliyyat sektorunun əhəmiyyətinin daha da artdığını önə çəkərək bildirir ki, çünki bəzi məhdudlaşdırıcı tədbirlər yeni nəqliyyat marşrutlarının açılmasına gətirib çıxarır və Azərbaycanın əlverişli coğrafi vəziyyəti əlavə imkanlar yaradır. Azərbaycan nəqliyyat sektorunun inkişafı ilə bağlı uzun illər ardıcıl siyasət aparır və öz ərazisində infrastrukturu əvvəlki dövrün tələbatına uyğun olaraq tam modernləşdirir. Bu gün tələbat daha da artır. Çünki yüklər artır, nəqliyyat marşrutları məhdudlaşır. Həm Şimaldan Cənuba və əks istiqamətdə, həm də Şərqdən Qərbə və əks istiqamətdə yükdaşımaların artması göz önündədir. Burada da Azərbaycan çox etibarlı tərəfdaş kimi çıxış edir və öz qonşuları ilə sıx təmasdadır. Qonşuların nəqliyyat problemlərinin həlli üçün öz köməyini də əsirgəmir.

Dövlət başçısı İlham Əliyev çıxışlarında bu mühüm məqamı bildirir ki, istəyimiz təkcə böyük yükləri aşıran tranzit ölkə olmaq deyil. İstəyimiz odur ki, bu nəqliyyat marşrutları üzərində istehsal sahələri, biznes imkanları yaradılsın, sərmayə qoyulsun. Bunun üçün hüquqi baza var. Sənaye zonaları artıq uzun illərdir ki, fəaliyyət göstərir. Ələt Azad İqtisadi Zonasının rəsmi açılışı oldu və dövlət tərəfindən qoyulan sərmayə artıq nəticə verməyə başlamışdır. Özəl investorlar da artıq cəlb edilib və bunun nəticələrini görürük.

Açıq dənizə çıxışı olmayan ölkə olmasına baxmayaraq, Azərbaycan beynəlxalq nəqliyyat mərkəzlərindən birinə çevrilib. Dünyanın 100 möhtəşəm layihəsi siyahısına daxil edilən, Azərbaycanın təşəbbüsü ilə gerçəkləşən neft- qaz kəmərlərindən sonra qitələri birləşdirən önəmli layihə kimi dünya birliyinin diqqətini cəlb edən Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu Azərbaycanın tranzit ölkə kimi mövqeyini daha da möhkəmləndirdi. Təkcə Azərbaycan deyil, bölgə dövlətləri üçün siyasi, iqtisadi, strateji baxımdan böyük əhəmiyyət daşıyan, Çindən başlayaraq Londona qədər uzanan Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizlərinə və Türkiyəyə birbaşa gediş imkanları yaranır. Diqqətçəkən məqam odur ki, əvvəlki neft-qaz layihələrinin gerçəkləşməsində beynəlxalq maliyyə təşkilatlarının dəstəyindən istifadə edən təşəbbüskar dövlətlər böyük geosiyasi inqilab adlandırılan BTQ-nin çəkilişini yalnız öz vəsaitləri hesabına reallaşdırdılar. Bu sahədə Azərbaycanın rolu daha böyükdür. İqtisadiyyatının dinamik inkişafı sayəsində maliyyə imkanları artan Azərbaycan dəmir yolunun Gürcüstan hissəsinin inşası üçün dost ölkəyə 25 il müddətinə illik bir faizlə 200 milyon dollar kredit ayırmaqla daha qüdrətli, müstəqil dövlət olduğunu sübuta yetirdi.

Xəzər hövzəsindəki karbohidrogen ehtiyatlarını dünya bazarına çıxaran Azərbaycan yükdaşımalarının təminatında da logistik mərkəz rolunu oynamaqla regional əhəmiyyətini artırır. Ölkəmizin təşəbbüsü ilə həyata keçirilən Bakı-Tbilisi-Qars, Şimal-Cənub, Cənub-Qərb nəqliyyat dəhlizlərin, eləcə də Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu kimi layihələr təkcə iqtisadi səmərəsi ilə deyil, ölkələrarası əməkdaşlığın genişləndirilməsi baxımından da diqqət çəkir. Reallaşan hər bir layihə isə respublikamızın dünya birliyində siyasi, iqtisadi əhəmiyyətini artırmaqla, enerji və nəqliyyat təhlükəsizliyinin təminatındakı rolunun əvəzedilməzliyini göstərir. Prezident İlham Əliyev vurğulayır ki, Azərbaycanın təşəbbüsü ilə reallaşan, gəlir gətirən layihələr həm də başqa ölkələrin iqtisadi inkişafı üçün əlavə imkanlar yaradır. «Lakin uzunmüddətli investisiyalara gəldikdə əsas məqsəd elə bir infrastrukturun yaradılmasıdır ki, o, uzun zaman ərzində fəaliyyət göstərsin və ölkəni dəyişmiş olsun, dünyanın ölkəyə münasibətini dəyişmiş olsun. Çünki bu infrastruktur layihələri olmadan Azərbaycanın coğrafi mövqeyinin bir o qədər də böyük mənası yoxdur. Biz ölkələri və insanları birləşdirməyə nail olmuşuq. Sizə deyə bilərəm ki, nəqliyyatla bağlı infrastruktur layihələri regionumuzda tamamilə yeni siyasi vəziyyət yaradır. Bir-birindən asılı olan ölkələr; biri tranzit ölkəsindən asılıdır, digəri tranzit ölkəsi olur, əlbəttə ki, onlar arasında daha yaxın münasibətlər yaranır. Onlar faydaları paylaşır, onlar bütün tərəflərin uduzmadığı bir vəziyyət tapa bilir» söyləyən dövlət başçısı İlham Əliyev onu da əlavə edir ki, təkcə ikitərəfli yox, çoxtərəfli formatda da Xəzər dənizi vasitəsilə qitələrin birləşdirilməsi, Bakıda dəniz limanının tikintisi, dəmir yolu sisteminin Avropa strukturları ilə birləşməsi yeni əməkdaşlıq formatını yaradır: “Bizim hədəfimiz Azərbaycanda müasir infrastruktur yaratmaq və ölkəni müasirləşdirməkdir. Eyni zamanda, məqsədlərimizə - siyasi, iqtisadi və maliyyə məqsədlərimizə fəal əməkdaşlıq və qarşılıqlı dəstək vasitəsilə nail olmaqdır.”

Asiya və Avropanı birləşdirən yeni marşrutların keçdiyi əsas ölkələr arasında Azərbaycanın ön sıralarda yer alması təsadüfi deyil. Dünyanın ən böyük iqtisadiyyatına malik ölkələrdən biri olan, ixrac həcminə görə beynəlxalq reytinq cədvəlində ilk pillədə qərarlaşan Çinin Avropa, eləcə də Qara dəniz, Aralıq dənizi hövzəsində yerləşən ölkələrlə nəqliyyat xətləri vasitəsilə birləşməsində Azərbaycan getdikcə daha vacib rol oynayır. Burada o da xüsusi qeyd edilməlidir ki, Azərbaycanın malik olduğu nəqliyyat infrastrukturu, o cümlədən dəmir yolları Çinin «Bir kəmər, bir nol» təşəbbüsünün vacib hissəsidir. Hadisələrin inkişafı Zəngəzur dəhlizinin də həyati əhəmiyyət daşıdığını göstərir. Zəngəzur dəhlizi regionda yeni nəqliyyat imkanları yaradacaq, Bütün bunlar Azərbaycanın Avropa ilə Asiya arasında ticari-iqtisadi əlaqələrdə nə dərəcədə vacib rol oynadığını əyani şəkildə təcəssüm etdirir.

Prezident İlham Əliyevin həyata keçirdiyi yeni iqtisadi strategiya ölkənin bütövlükdə iqtisadiyyatının şaxələndirilməsinə və xüsusən də iqtisadiyyatın bütün digər sahələrinin inkişafına yönəldilib. Logistika və ticarət isə sürətlə qloballaşan dünyada iqtisadi artımın mühüm təkanverici qüvvəsinə çevrilməklə, əsas sektorlarda birbaşa xarici investisiya qoyuluşlarının həcmini artırmağa şərait yaradır. Görülmüş tədbirlər nəticəsində bu gün Azərbaycan nəqliyyat sahəsində dünyada lider dövlətlərdən biridir.

Son dörd ildən artıq dövrdə işğaldan azad edilmiş ərazilərimizin bərpası və yenidən qurulması prioritet olsa da, digər regionlarımızın da dayanıqlı inkişafının təmin edilməsi üçün davamlı addımlar atılır. Azərbaycan ərazisindən keçən yolların çoxşaxəli olması imkanlarımızı böyük dərəcədə artırır. Hava nəqliyyatına gəldikdə isə Heydər Əliyev Beynəlxalq Aeroportu MDB məkanında birinci yerdədir. «Mənim göstərişimlə digər şəhərlərimizdə inşa edilmiş hava limanları bizim nəqliyyat potensialımızı böyük dərəcədə gücləndirir» söyləyən cənab İlham Əliyev diqqəti işğaldan azad edilmiş ərazilərimizdə tikilən Beynəlxalq Hava limanlarına yönəldir. Artıq 2021-ci ildə Füzuli, 2022-ci ildə isə Zəngilan Beynəlxalq Hava limanlarının açılışı oldu. Üçüncü Beynəlxalq Hava Limanı isə Laçın rayonu ərazisindədir və 2025-ci ildə istifadəyə verilməsi nəzərdə tutulur. Bu Beynəlxalq Hava limanları Azərbaycanın dünya birliyində roluna, möhkəmlənən mövqeyinə aydınlıq gətirir. Beynəlxalq status almış bu hava limanları işğaldan azad edilmiş ərazilərimizin turizm imkanlarından istifadəyə geniş imkanlar açacaq. 

Nəqliyyat sektoruna göstərilən diqqət və aparılan düşünülmüş siyasət bu reallığı yaratmışdır. Bu gün nəqliyyat sektorumuz həm müasir, həm də ölkə qarşısında duran vəzifələri icra etməyə imkan verir. Eyni zamanda, bu sahəyə qoyulan milyardlarla dollar səviyyəsində sərmayələr artıq bizim qeyri-neft iqtisadiyyatımıza öz müsbət təsirini göstərir. Dövlətimizin başçısı İlham Əliyev onu da bildirir ki, nəqliyyat sektoruna qoyulan sərmayələr 1-2 ilə, hətta 5-10 ilə geri qayıdan sərmayələr deyil. Bu, uzunmüddətli sərmayədir. Bu sərmayələr insanların rahatlığına və ölkənin uzunmüddətli dayanıqlı inkişafına nail olmaq üçün qoyulub.

Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər»də də möhkəm iqtisadi təmələ əsaslanan ölkəmizdə qarşıdakı on il üçün görüləcək işlər, icra mexanizmi tam aydınlığı ilə göstərilib. Qarşıdakı illərdə həyatımızın bütün sahələrinə bələdçilik edəcək sənəddə qüdrətli dövlət, yüksək rifah cəmiyyətinin inkişafı naminə müəyyənləşdirilən vəzifələr elmi cəhətdən təhlil edilir. İşğaldan azad edilmiş ərazilərin bərpası, erməni vandalları tərəfindən dağıdılmış yaşayış məskənlərinin müasir şəhərsalma qaydalarına uyğun görkəmə salınması, beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmaqla, nəzərdə tutulan vəzifələrin həlli Azərbaycanın inkişafına böyük təkan verəcək.

Göründüyü kimi, idarəetmə sistemində yeniləşmə, təkmilləşmə davamlı uğurları şərtləndirir. Azərbaycan daim yeniliyə maraq göstərir. Hazırda işğaldan azad edilmiş ərazilərdə də müasir idarəçilik sistemi tətbiq edilir. Bu ərazilərdə Prezidentin şəxsi nümayəndəliyinin yaradılması işin səmərəliliyinin artırılmasında öz sözünü deyir. Bu sistemin gələcəkdə digər bölgələrimizdə də tətbiqi əsas hədəflər sırasındadır.

Yeganə Əliyeva, «İki sahil»