27 aprel 2026 17:20
229

Vüqar Rəhimzadə: “Sülh və Barışıq üçün Gernika mükafatı” Azərbaycanın sülh modelinin beynəlxalq səviyyədə qəbulu və təsdiqidir

Qlobal problemlərin təhlili, siyasi dialoqun təşviqi və beynəlxalq tərəfdaşlığın möhkəmləndirilməsi baxımından mühüm strateji platforma statusunu qazanan  Qlobal Bakı Forumunun  “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusunda ötən ay  keçirilən sayca 13-cü toplantısı Azərbaycanın sülh təcrübəsinin, təkmil sülh modelinin təqdimatı kimi tarixə yazıldı. Dövlət başçısı İlham Əliyev bu platformadan da  “Təhlükəsizlik, sabitlik və müdafiə məsələləri hər bir ölkənin gündəliyində bir nömrəli prioritet olmalıdır” çağırışını etdi və bildirdi ki, çünki bunlar olmadan qalan bütün məsələlər tamamilə mənasızdır. Öz inkişafı uğrunda illər, onilliklər ərzində səy göstərmiş ölkələr indi ciddi risklərlə üzləşirlər. Təhlükəsizlik və sabitlik əsas amillər olmalıdır və biz səylərimizi məhz bu istiqamətdə birləşdirməliyik. Regional təhlükəsizlik Azərbaycan üçün hər zaman bir nömrəli məsələ olub.

Azərbaycan 30 illik işğal  dövrünün reallıqlarını ən yüksək tribunalardan beynəlxalq ictimaiyyətə bu gün də çatdırmaq istiqamətində səylərini artırır. İnformasiya cəbhəsində üstünlüyümüzü qorumaq prioritet məsələlərdəndir. Azərbaycanın tarixi faktlara, real həqiqətlərə söykənən təbliğatının uğurlu nəticələri  həm 44 günlük İkinci Qarabağ müharibəsində qazandığımız tarixi Zəfərində, həm bir günlük antiterror tədbirləri nəticəsində suverenliyimizin tam bərpasında, həm də  tarixi sülh razılaşmasının əldə edilməsində  özünün aydın ifadəsini tapir. 30 illik işğal dövründə sülh və suverenliyimizin bərpası hər zaman Azərbaycanın  gündəliyinin  əsası idi. Bu gün isə artıq  sülh şəraitində yaşamaqdan, regionda dayanıqlı sülhün, təhlükəsizliyin yaranmasından bəhs edirik. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, bu, bir daha göstərir ki, sülh və ədalət uğrunda güclü siyasi iradə, cəsarət və sadiqlik nümayiş etdirmək kifayətdir ki, məqsədə nail olunsun.

Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Milli Məclisin deputatı vurğulayıb ki, Azərbaycan tarixi Zəfəri və suverenliyinin tam bərpası ilə bəzi dünya güclərinə  ikili standartlara əsaslanan siyasətlərində dəyişiklik etməyin zamanı olduğunu, yeni münaqişə ocaqlarının, qarşıdurmaların, problemlərin yaranmasında belə yanaşmaların nə qədər böyük rol oynadığının əsaslı şəkildə çatdırdı. 30 il dünyadan ədalət gözləyən ölkənin hazırda sülh şəraitində yaşaması özündə bugünümüz və gələcəyimiz üçün sülhün, təhlükəsizliyin təmin edilməsində zəngin təcrübədir, nümunədir. Azərbaycan  2020-ci ilin 44 günlük Vətən müharibəsi zamanı ərazilərimizi güc vasitəsilə azad etmək təcrübəsini qazandı. Prezident İlham Əliyev  bu məqamı da xüsusi vurğulayır ki, əgər sülh yolu ilə həll üçün bütün ümid itir, ancaq həqiqət və ədalət, beynəlxalq hüquq sizin tərəfinizdədirsə, sülhə nail olmaq üçün gücdən istifadə etmək zəruridir. Məhz belə də oldu. Biz əvvəlcə güc tətbiq etməklə, daha sonra isə siyasi yollarla Ermənistanla sülhə nail olduq. Biz artıq sülhün üstünlüklərini görürük. İşğala, etnik təmizləməyə və soyqırımına məruz qalmış, suverenliyini, ərazi bütövlüyünü və ləyaqətini güc tətbiqi ilə bərpa etmiş, daha sonra isə o zaman məğlub olmuş düşmənə sülh təklif etmiş ölkə olmağımız beynəlxalq ictimaiyyətlə paylaşa biləcəyimiz nadir bir təcrübədir.

Vüqar Rəhimzadə qeyd edib ki, Azərbaycanın dayanıqlı sülhün, təhlükəsizliyin təmin edilməsinə, siyasi dialoqun təşviqinə verdiyi töhfələr beynəlxalq səviyyədə təqdir edilir. Dövlət başçısı İlham Əliyevin 2021-ci ilin noyabrında Türk Dünyasının Ali Ordeninə, bu ilin fevralında “Zayed İnsan Qardaşlığı Mükafatı”na, aprelin 26-da  isə “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülməsi də özündə mühüm məqamları ehtiva edir. Türk Dünyasının Ali Ordeninin təqdimolunma mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu fikirləri xüsusi qeyd etmişdir ki, otuz il davam edən işğala 44 gündə son qoyulması  təkcə azərbaycanlı qardaşlarımız  deyil, bütün Türk dünyası üçün böyük əhəmiyyət daşımaqdadır. Vətən müharibəsi nəticəsində illərdir tətbiq olunmayan BMT Təhlükəsizlik Şurasının qətnamələri həyata keçirilmişdir. Azərbaycan bu yolla beynəlxalq ictimaiyyətin yaddaşına ədalət mesajını həkk etmişdir. Azərbaycanın ərazi bütövlüyünü yenidən təmin etməsi Türk dünyasının birliyini və bərabərliyini genişləndirmişdir.

Dövlətimizin başçısı  İlham Əliyevin bu ilin fevralında  “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi  Azərbaycanın dayanıqlı sülhə verdiyi töhfələrin növbəti təqdimatı oldu. Mükafatın təqdimolunma mərasimi  Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində keçirildi. Sözügedən mərasimdəki çıxışında “Birləşmiş Ərəb Əmirliklərinin banisi, mərhum Şeyx Zayedin adını daşıyan bu mükafata layiq görülmək mənim üçün böyük şərəfdir. O, elə bir böyük lider idi ki, onun uzaqgörənliyi və fəaliyyəti BƏƏ-ni dünyanın ən firavan və ən uğurlu ölkələrindən birinə çevirmişdir” söyləyən Prezident İlham Əliyev bildirdi ki, bizim nümunəmiz öyrənilməli və hələ də müharibə vəziyyətində olanlar üçün yol xəritəsi kimi istifadə edilməlidir. Bizim nümunəmiz göstərir ki, uzunmüddətli münaqişəyə, əzablara və qarşılıqlı etimadsızlığa baxmayaraq, sülh mümkündür. Hər iki tərəfdən güclü siyasi iradə mövcud olduğu və həmin proses dost ölkələr və beynəlxalq ictimaiyyət tərəfindən dəstəkləndiyi halda, sülh mümkündür.

 Millət vəkili bildirib ki, Prezident İlham Əliyev bu günlərdə  daha bir mötəbər beynəlxalq mükafata - “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görüldü. Bu mükafat münaqişələrin həllinə və dialoqun gücləndirilməsinə töhfə verən siyasi və ictimai liderlərə verilir. Azərbaycan Prezidenti İlham Əliyevin Cənubi Qafqaz regionunda sülh gündəliyinin müəllifi olması, dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsinə xidmət göstərən sülh sazişinin imzalanmasına  nail olması  bütün dünyada qəbul olunmuş reallıqdır.  Ölkə Prezidenti bu münasibətlə keçirilən təqdimolunma mərasiminin iştirakçılarına müraciətində vurğulayır ki, Azərbaycan ilə Ermənistan arasında sülhün əldə olunması və dialoqun təşviqi istiqamətində göstərdiyim səylərə görə “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülməyim ilə əlaqədar Gernika-Lumo və Pforshaym şəhər Şuralarına, Gernika Sülh Muzeyinə, Mədəniyyət evinə və “Gernika Qoqoratuz” Sülh Araşdırmaları Mərkəzinə dərin minnətdarlığımı ifadə edirəm. Gernika faciəsinin tarixi yaddaşını yaşatmaq, sülh və barışıq proseslərində töhfəsi olan insanları tanıtmaq məqsədi daşıyan bu mötəbər mükafata layiq görülmək böyük şərəfdir.     Prezident İlham Əliyev həmin müraciətində bir daha bu reallığı diqqətə çatdırır ki, 30 ilə yaxın müddət ərzində münaqişə şəraitində yaşamış, müharibənin ağır fəsadları ilə üzləşmiş Azərbaycan xalqı da sülhün və barışığın dəyərini çox yaxşı anlayır. Azərbaycan bu gün sülh şəraitində yaşamağın nə olduğunu öyrənir. Biz eyni zamanda sülhü möhkəmləndirmək və onu əməli fəaliyyətə çevirmək üçün addımlar atırıq və artıq hər iki cəmiyyətimiz sülhün iqtisadi, ticari və digər sahələrdə real faydalarının şahidi olur. İki ölkə arasında etimad quruculuğu tədbirləri davamlı sülhün bərqərar olmasında mühüm rol oynayır. Dövlət səviyyəsində atılan addımlarla yanaşı, vətəndaş cəmiyyətinin nümayəndələri arasında mütəmadi görüşlər bu prosesə müsbət töhfəsini verir. Dövlətimizin başçısı İlham Əliyev bu müraciətində belə bir çağırışı da diqqətə çatdırır ki,  “Sülh və Barışıq üçün Gernika mükafatı” yalnız artıq əldə olunmuş nailiyyətlərin tanınması deyil, həm də beynəlxalq birliyin ortaq rifahı, sülh naminə atılacaq gələcək addımlar baxımından mühüm ruhlandırıcı stimul və məsuliyyətdir.

Vüqar Rəhimzadə qeyd edib ki, tarixi Zəfərimizin və suverenliyimizin tam bərpasının yaratdığı  reallıqlar fonunda regionda və dünya siyasətində yeniliklər yaranıb.  Yeni dünya nizamının  formalaşdırılması əsas çağırışlar sırasındadır. Təbii ki, burada söhbət ədalətə, beynəlxalq hüququn norma və prinsiplərinə söykənən dünyanın formalaşmasından gedir. Azərbaycan ölkələr arasında münasibətlərin inkişafında hər zaman qarşılıqlı etimad mühitinin qorunmasını prioritet məsələ kimi öndə saxlayır. Ölkəmiz sülh və əməkdaşlıq gündəliyinin müəllifi kimi beynəlxalq münasibətlər sistemində yerini və mövqeyini möhkəmləndirir. “Sülh və Barışıq üçün Gernika mükafatı” Azərbaycanın bu reallıqlarının beynəlxalq səviyyədə qəbulu və təsdiqidir.