02 may 2026 10:15
375

Azərbaycan idmançıları mötəbər beynəlxalq yarışlarda ölkəmizi layiqincə təmsil edirlər

Prezident İlham Əliyev tərəfindən Avropa çempionatında komanda hesabında birinci olan güləşçilərin qəbul edilməsi idman sahəsində əldə olunan uğurların dəyərləndirilməsi baxımından əlamətdar hadisə kimi yadda qalıb. Dövlətimizin başçısı milli komandanın Albaniyanın paytaxtı Tirana şəhərində qazandığı möhtəşəm nəticəni vurğulayaraq idmançıları təbrik edib. Bu qələbə bütövlükdə cəmiyyət üçün böyük sevinc mənbəyidir və güləşçilər bir daha Avropa miqyasında lider olduqlarını sübut ediblər. Komanda hesabında çempionluğun qazanılması isə xüsusilə gərgin rəqabət şəraitində əldə edildiyi üçün daha böyük əhəmiyyət daşıyır.

Bu gün güləş dünyasında rəqabət son dərəcə kəskindir, müxtəlif ölkələri təmsil edən güclü idmançılar yüksək nəticələr uğrunda mübarizə aparırlar. Belə bir şəraitdə milli komandanın həm sərbəst, həm yunan-Roma güləşi üzrə birinci yerə yüksəlməsi tarixi nailiyyət kimi dəyərləndirilir. Güləş məktəbi möhkəm təməllər üzərində qurulub və uzun illərin formalaşdırdığı ənənələr bu gün də uğurla davam etdirilir. Tanınmış idmançılarla yanaşı, gənc nəsil nümayəndələrinin də yüksək nəticələr göstərməsi seleksiya və hazırlıq prosesinin düzgün təşkil edildiyini təsdiqləyir. Güləş tarixən zəngin ənənələrə malik idman növlərindən biridir. Bu ənənələrin qorunması və inkişaf etdirilməsi isə əldə olunan uğurların davamlılığını təmin edən əsas amillərdəndir. Hazırda məşqçi kimi fəaliyyət göstərən şəxslərin vaxtilə böyük arenalarda çıxış etmiş tanınmış idmançılar olması nəsillər arasında güclü varisliyin formalaşdığını göstərir.

Nəsillər dəyişsə də, uğur ənənəsi dəyişmir, bu davamlılıq sayəsində güləş yalnız mövcudluğunu qoruyub saxlamır, eyni zamanda yeni zirvələr fəth edir. Bu, idman siyasətinin düzgün qurulduğunu və gələcəyə hesablanmış strategiyanın uğurla həyata keçirildiyini nümayiş etdirir. İdman yalnız fiziki hazırlıq deyil, eyni zamanda güclü tərbiyə vasitəsidir. Bayrağın beynəlxalq arenalarda yüksəlməsi hər bir vətəndaşda qürur hissi yaradır. İdmançılar qazandıqları qələbələrlə cəmiyyətə sevinc bəxş edir, gənc nəsildə vətənə bağlılıq və qələbə əzmi formalaşdırırlar. Dövlətimizin başçısının qeyd etdiyi kimi, hər dəfə beynəlxalq yarışlarda bizim bayrağımız qaldırılanda bütün Azərbaycan xalqı qürur hissi keçirir, sevinir: “Bu qələbə sevincini idmançılarımız xalqımıza bəxş edir və bu da öz növbəsində gənc nəsli vətənpərvərlik ruhunda tərbiyə etmək üçün çox önəmli amildir. İdman, ümumiyyətlə, cəmiyyətimizin ayrılmaz hissəsidir və xüsusilə son illər ərzində idmanda gedən müsbət proseslər, əlbəttə ki, hamımızı sevindirir”.

Son illərdə idman sahəsində müşahidə olunan müsbət dinamika bu sahəyə göstərilən diqqət və qayğının nəticəsidir. Müasir idman infrastrukturu, bölgələrdə fəaliyyət göstərən Olimpiya idman kompleksləri və güləş zalları kütləviliyin artırılmasına və istedadlı gənclərin üzə çıxarılmasına geniş imkanlar yaradır. Qızların medalçılar sırasında yer alması bu sahəyə marağın artdığını göstərir. Gələcəkdə qadın güləşçilərin daha böyük uğurlar qazanacağına ciddi inam var, bu amillər idmanın bütün istiqamətlər üzrə balanslı inkişaf etdiyini göstərən mühüm göstəricidir.

İdmançıların uğurları yalnız qazandığı medallarla ölçülmür, onların davranışı, cəmiyyətdə mövqeyi və mənəvi keyfiyyətləri də eyni dərəcədə önəmlidir. Milli idmançılar həm yarış meydanında, həm də gündəlik həyatda nümunəvi davranış sərgiləyirlər. Bu faktorlar onların qazandıqları nailiyyətləri daha da dəyərli edir. Hətta hakim səhvləri və ya ədalətsizlik hallarında belə ləyaqətli davranışın qorunması təqdirəlayiqdir. Həmin yanaşma idmançının yalnız fiziki deyil, həm də mənəvi cəhətdən güclü olduğunu göstərir.

Ölkədə keçirilmiş nüfuzlu beynəlxalq yarışlar – Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları və digər mötəbər tədbirlər böyük təşkilati təcrübənin formalaşmasına səbəb olub. Bu tədbirlər idman növlərinin populyarlaşmasına, eyni zamanda beynəlxalq idman aləmində nüfuzun artmasına mühüm töhfə verib. Bölgələrdə keçirilən yarışlar isə idmanın kütləviliyini artırır və yeni istedadların yetişməsinə şərait yaradır.

Avropa çempionatında əldə olunan komanda birinciliyi təsadüfi nəticə deyil, uzunmüddətli və sistemli fəaliyyətin məntiqi nəticəsidir. Bu uğur həm idmançıların əzminin, həm məşqçilərin zəhmətinin, həm də dövlət səviyyəsində göstərilən diqqətin təcəssümüdür. Bu gün güləş yeni nailiyyətlərə doğru inamla irəliləyir. Mövcud potensial və formalaşmış ənənələr gələcəkdə daha böyük qələbələrin qazanılacağına əminlik yaradır. İdmançılar isə yalnız qələbələri ilə deyil, həm də yüksək mənəvi keyfiyyətləri ilə cəmiyyət üçün nümunə olmağa davam edirlər.

Meydanəli Yolçiyev,

​​​​​​​​YAP Daşkəsən rayon təşkilatının sədri