06 yanvar 2025 18:14
542

Bir elin müəllimi

23 dekabr 2024-cü il səhər saatlarında atam, Laçın rayonunun tanınan ziyalılarından biri Fərəc Ədilov vəfat etdi. Bu mənim üçün həyatımda, gözlərim qarşısında anamdan sonra ən ağır itkilərdən biri oldu. Atamın səhhətində birdən-birə yaranmış problem ilə bağlı əməliyyatından sonra vəziyyətinin pisləşməsindən çox narahat olduğumdan, ölümündən 10 gün öncə Britaniyadan Azərbaycana gəlib Şəkidə onunla birgə vaxt keçirdim.

Atam Laçın rayonunda, uzun müddət məcburi köçkün olaraq yaşadığı Şəki şəhərində, öz icmasında yaşından asılı olmayaraq hər kəsin böyük hörmətini qazanmışdı və ona həmişə “Fərəc müəllim- əsl müəllim, ziyalı” deyə müraciət edilmişdi. Əsas məqamlardan biri də bu idi ki, atam bu ziyalılıq, əsl müəllim missiyasını ömürlük öz çiyinlərində gəzdirə bilmişdir. Onun ölüm xəbəri tanıyan hər kəsi çox məyus etdi, hamı “Fərəc müəllim evdən yox, eldən getdi" söyləyirdi.

Atam ömrünü elmə, gənc nəslin tərbiyəsi və maariflənməsinə həsr etmiş, hər şeyi öz halal zəhməti ilə əldə etmiş bir insan idi. Tərbiyə etdiyi yetirmələrini özünə övlad hesab edirdi. Çətinliklə, çətin şəraitə baxmayaraq doqquz övlad böyüdüb başa çatdırmışdı. Atam tərbiyəsində bizə zəhməti, vətənə bağlılığı, ədaləti, halallıq və dürüstlüyü miras qoyub getdi. Onun övladları kimi biz də hərbi xidmətimizi yerinə yetirib vətən qarşısında borcumuzu ödəməyi şərəf bilmişdik. Hazırda isə iki qardaşım daxili işlər orqanlarında öz xidmətlərini aparırlar.

Bəs zəngin xarakterə və güclü mənəviyyata sahib, fitri zəkası və güclü hafizəsi, zəngin bilik və savadı özündə cəmləşdirən, onu tanıyanların hafizəsində silinməz izlər buraxan bu şəxs kim idi və hansı şərait və mühitdə belə bir nümunəvi insan yetişmişdi?

Atam - Fərəc Ədilov 28 may 1947-ci il tarixində Laçın rayonunun ucqar kəndlərindən birində - Şeylanlı kəndində sadə kəndli ailəsində anadan olub.

1961-ci ildə Laçın rayon Leninkənd kənd yeddiillik məktəbini, daha sonra onbirillik məktəbini əla qiymətlərlə bitirib. O zaman Azərbaycan SSR Maarif Nazirliyi tərəfindən ona fərqlənmə şəhadətnamələri verilib. Orta məktəbi əla qiymətlərlə bitirdikdən sonra 1966-cı ildə S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinə (indiki Bakı Dövlət Universiteti) daxil olmuşdur.

Sovet dövründə ucqar bir kənddə, sadə kəndli ailəsində böyümüş və təhsil almış bir gəncin həmin dövrdə nəinki hər hansı universitetə, eləcə də ən yaxşı ali təhsil ocağına qəbul olmasının çətinliyini o dövrü yaşayan və xatırlayanlar daha yaxşı anlayır və bilir.

Universitet illərində Azərbaycan Lenin Kommunist Gənclər İttifaqına daxil olur və 1967-ci ildə Kirov adına Azərbaycan Dövlət Universiteti Komsomol Komitəsi tərəfindən ona komsomol bileti verilir.

Tələbəlik illərini maksimum dəyərləndirərək, biliklərini daha da zənginləşdirmiş, ali təhsil dövründə yalnız aldığı əlaçı təqaüdü hesabına dolanmışdır. O, 1971-ci ildə biologiya ixtisası üzrə təhsilini başa vurmuş və ona "biologiyaşünas, biologiya və kimya müəllimi" ixtisası verilmişdir.

Hərbi xidmətini universitet təhsili çərçivəsində kiçik leytenant olaraq başa vurmuşdur.

Onun buraxılış (diplom) işi olaraq Bakıda xəstəxanalardan birində qanın genetikasına dair apardığı araşdırması elmi rəhbərləri tərəfindən yüksək qiymətləndirilmiş və "doktorluq dissertasiyasına bənzər bir çalışma" rəyi verilmişdir. Buna görə də ona bu istiqamətdə araşdırmalarını Bakıda davam etdirmək təklifi edilmişdir. Bu yaxşı təklifə baxmayaraq, atam evin tək övladı olduğu üçün və rayonda ata və anasını yalnız buraxmamaq məqsədilə öz kəndinə - Laçın rayonunun Şeylanlı kəndinə geri dönmüşdür. Atamın valideynləri öz doğma torpaqlarına dərin bağlı olublar və həyatlarının hər zərrəsi o yerlərə köklənib. Onların əsas məşğuliyyəti təsərrüfat olduğundan şəhər həyatını nə qəbul edə, nə də ora uyğunlaşa bilərdilər.

Ona görə də əmək fəaliyyətinə elə burada - Şeylanlı 8 illik məktəbində 1971-ci ildə müəllim olaraq başlamışdır. 1977-1982-ci illərdə həmin məktəbin direktoru vəzifəsində çalışmışdır. Həmçinin, 1980-ci ildə Kommunist Partiyasının üzvü olur və ona Azərbaycan Kommunist Partiyası Laçın rayon komitəsi tərəfindən üzvlük vəsiqəsi verilir. 1985-ci il 8 may tarixində isə Böyük Vətən Müharibəsinin 40 illiyi münasibətilə Fəxri Fərmanla təltif edilir.

Atamın kəndə dönüşü ilə elm, maarif, bilik işığı gəlmişdi. İnsanların ümid yeri, güvən qaynağı, hüquqlarının müdafiəçisi olmuşdu.

O, öz işini yalnız dərs deməklə məhdudlaşdırmayıb, yaşadığı icmanın inkişafına töhfə verməyə çalışıb, eyni zamanda digər kəndlərdən onun yanına ali məktəbə hazırlıq üçün gələn və müraciət edən şagirdləri heç bir maddi gəlir güdmədən, təmənnasız öyrədib. Onun yetirmələri özlərini bu ölkənin ən yaxşı həkimləri sırasına yazdıra bilmişdir. Nümunə olaraq, Azərbaycan Tibb Universitetinin müəllimi, tanınmış nevropatoloq, ötən ilin mart ayında qəfil ürəktutmasından dünyasını dəyişən İsa Alışanovu göstərmək olar. Bununla yanaşı hazırda fəaliyyət göstərən bir çox nümunəvi müəllimlər də yetirmişdir. Onların adlarını tək-tək sadalasaq yəqin ki, bitməz.

Atama Azərbaycan SSR Xalq Təhsil Nazirliyinin 16 avqust 1990-cı il tarixli əmri ilə "baş müəllim" adı verilmişdir.

1992-ci ildə Laçın rayonunun işğalı çox təəssüf ki, atamın həyatında və taleyində qara hərflərlə iz buraxmışdır. O, Laçın rayonunun işğalı ilə barışmayan və ona inanmayan bəlkə də az sayda insanlardan biri olmuşdur. Ona görə də rayonun işğalı zamanı ailəmiz kəndi son tərk edən və evdən heç bir əşya götürmədən çıxanlardan olub.

Məcburi köçkünlüklə yanaşı, anası - Qəmzə Abbas qızının öz doğma yurdunu tərk etməməsi və erməni əlinə keçməməsi üçün özünü Ağdərə çayına ataraq qərq etməsi onun üçün daha ağrılı və acılı bir dərd olmuşdur. Atama anasından xatirə olaraq, çay kənarında kola ilişmiş yaylıqdan başqa heç nə qalmamışdır. Atam həmin yaylığı həmişə saxlamışdır.

Sonradan Qəmzə nənəmizə Azərbaycan qadınına yaraşan bu sücayəti və qəhrəmanlığına görə şəhid statusu verildi və hazırda Laçın rayon Şeylanlı 2 saylı məktəb onun adını daşıyır.

Laçın rayonu işğal edildikdən sonra da atam öz peşəsini davam etdirmiş, 1993-1998-ci illərdə Şeylanlı 2 saylı orta məktəbin direktoru olaraq çalışmışdır.

1993-cü ildən Şəkidə məskunlaşdıq və müxtəlif rayonlardan məcburi köçkün düşmüş təxminən 200 ailə "fin evlər"də yerləşdirildi. Öz doğma kəndində halal zəhməti ilə, gecəsini gündüzünə qataraq iki mərtəbəli ev tikmiş, özünə şərait qurmuş, həmişə Laçına- öz doğma kəndinə dönmək arzusu ilə yaşamış atam və onun övladları üçün burada yaşamaq məşəqqət əzabı idi. Ancaq məcbur idik və 1993-dən 2012-ci ilə kimi həmin fin evlərdə yaşamalı olduq. Şəkidə məskunlaşdığımızın heç bir ili tamam olmamış ailəmiz daha bir ağır hadisənin şahidi oldu. 1994-cü ilin yayında ata babamın adını daşıyan qardaşım yolu keçərkən maşın vuraraq öldürdü.

2005-ci ildə atam öz təşəbbüsü ilə Ermənistan tərəfindən pozulmuş hüquqları, şəxsi mülkiyyətinin talan edilməsi ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edir. Avropa İnsan Hüquqları Məhkəməsinin Katibliyi atamın müraciətini cavablayır, şikayətə qovluq nömrəsi verilir və mülkiyyət hüquqlarını təsdiq edən, eləcə də digər müvafiq sənədlər tələb edilir. Atam bu müraciəti tələb edilən sənədlərin rayonun işğalı zamanı talan edildiyi, yandırıldığı üçün davam etdirə bilmir.

2012-ci ildə Şəkidə dövlət tərəfindən müvəqqəti məskunlaşmış məcburi köçkünlər üçün yeni evlər tikildi. Həmin fin evlərdə, eləcə də ətraf ərazilərdə çətin şəraitdə yaşayan məcburi köçkünlər yeni salınmış - Yeni Çələbixan qəsəbəsinə köçürüldü.

Atam Şəki şəhərində yaşadığı müddətdə həm yerli, həm də məcburi köçkün məktəblərində müəllim kimi fəaliyyət göstərmiş, neçə-neçə şagirdin Azərbaycan Tibb Universitetinə yüksək balla qəbul olmağa hazırlamışdır. O, bu hazırlıqların hamısını heç bir maddi təmənna olmadan etmişdir. 2017-ci ildə isə çalışmanın son yaş həddi səbəbindən fəaliyyətini rəsmi olaraq dayandırsa da, təmənnasız şagirdlərə bilik öyrətməni davam etdirmişdir. Həmişə deyərdi, “Elmi pula satmaq olmaz.”

Atam universal bir insan idi. Onun maraq sahəsi və bilgisi sadəcə kimya və biologiya ilə məhdudlaşmırdı. Tarix, coğrafiya ilə yanaşı ədəbiyyata böyük marağı vardı və necə deyərlər yazan əli vardı.

1996-cı ildə qələmə aldığı "Ağır məclisin ağır söhbəti" hekayəsi 90-cı illərdən sonrakı hərc-mərclik dövründə sadə kənd insanlarının öz torpaqlarından qovulması və qarşılaşdıqları çətinliklərdən bəhs edir. Atamın hekayələrində Cəlil Məmməduluqzadənin əsərlərindən tanıdığımız xarakterlərə bənzər obrazlar əsas yer tutur. Əslində bu, onun ədəbiyyata yanaşmasının həm klassik irsə dərin hörmətini, həm də o dövrün ictimai dərdlərini izah etmə bacarığını göstərir.

“Ot”, “Əmrsiz, təqdimatsız” hekayələrində müxtəlif sosial məsələləri-kəndlinin çəkdiyi əziyyətlər, kolxoz qayğıları, eləcə də “Məmmədhəsən əmiyə açıq məktub”, “Məmmədhəsən əmiyə ikinci məktub”da bir qaçqının naləsini ifadə etmişdir. Hətta kəndçilərin bu vəziyyəti barədə o dövr üçün “yuxarılara” məktublar yazaraq, “kəndli ağartı üzünə həsrət qalıb, dördayaqlıdan bir keçiyə güman qalmayıb” fikrini çatdırıb.

Atam "Laçın" qəzetində mütəmadi olaraq rayonun problemlərinə və inkişafa mane olan neqativ hallara dair yazılarla çıxış edirdi. O, yalnız sözləri ilə deyil, əməlləri ilə də rayona bağlı bir insan idi.

Onun ailəsində vətən sevgisi və fədakarlıq nəsildən-nəslə ötürülürdü. Atamın iki əmisi II Dünya Müharibəsində ön cəbhədə döyüşmüş və həyatlarını bu amal uğrunda qurban vermişdilər.

2020-ci ilin 27 sentyabr tarixində başlayan və 44 gün davam edən İkinci Qarabağ Müharibəsini atam böyük həyəcanla izləyirdi və yəqin ki, otuz illik bir acını yaşamış insan üçün əzəli torpaqlarımızın, xüsusən Laçının azad edilməsinin atam üçün nə demək olduğunu anlamaq çətin olmaz. Çünki, o bu xəbəri düz 28 il gözləmişdi.

Atam peşəkar fəaliyyəti ilə yanaşı, təsərrüfata da xüsusi önəm verən, ona bağlı olan birisi idi. Atam ömrü boyu zəhmətkeşliyi ilə seçilən, həyatını dolu-dolu yaşayan bir insan idi. Şəkidə salınmış yeni qəsəbə əvvəllər gur axan Kiş çayının axarı olub və buna görə də daşlıq idi. Atam belə bir ərazidə yeni bir həyat qurmuşdu, torpağı təmizləyib, ağaclar əkmiş, əl izini və zəhmətini torpağa həkk etmişdi.

Mən atamın həyat fəlsəfəsində hazırda haqqında çox danışdığımız ömürboyu öyrənmənin parlaq bir nümunəsini gördüm. Hər şeyə maraq göstərən, yeniliklərə açıq, daim öyrənmək istəyən bir insan idi. 10 cildlik Azərbaycan Sovet Ensiklopediyası hər zaman əlinin altında olan mənbələrdən biri idi.

Yeni biliklər üçün davamlı və könüllü axtarışdaydı. Atamın bu sonsuz öyrənmə həvəsi, həm öz dünyamıza, həm də gələcəyə daha geniş baxmaq üçün bizlərə yol açmışdı.

Allah rəhmət eləsin, ata!

Yolun düşsə bu dünyaya bir də gəl…

Fərid Ədilov, 
İngiltərənin Essex Universitetində doktorant