30 iyul 2025 02:24
233

Qarabağ və Şərqi Zəngəzur artıq cənnətin kiçik bir parçasıdır - TƏHLİL

Dövlət başçısı İlham Əliyev bildirir ki, infrastruktur layihələrinin əksəriyyətini başa çatdırandan sonra daha böyük vəsait yaşayış evlərinə istiqamətləndiriləcək

Bu gün böyük qürur hissi ilə Böyük Qayıdış Proqramının icrasından, hər gün soydaşlarımızın mərhələli qaydada azad edilmiş torpaqlavrımıza qayıdışından və burada yeni həyatın başlanmasından bəhs edirik. Dövlət başçısı İlham Əliyev Xankəndi şəhərində keçirilən III Şuşa Qlobal Media Forumunda bugünümüzün reallıqlarına nail olmaq üçün atılan addımların xronologiyasını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı. 30 illik işğal dövrü həm Azərbaycanın hər bir sahədə qüdrətlənməsi, həm də  diplomatik mübarizədə qələbəsini təmin etmək üçün real faktlara, tarixi həqiqətlərə söykənən təbliğatının coğrafiyasını genişləndirməsi, hücum diplomatiyasını uğurla həyata keçirməsi mərəhəlsi idi. Cənab İlham Əliyev bu günlərdə Xankəndidə keçirilən Şuşa Qlobal Media Forumundakı çıxışında da diqqəti  Azərbaycanın tarixi Zəfərə, suverenliyimizin tam bərpasının təmin edilməsinə qədər  keçdiyi inkişaf yoluna  yönəltdi. O illərin əsas çağırışı bu oldu ki, işğalla heç zaman barışmayacağıq. Atılan addımlar, dünyanın ən yüksək tribunalarından səsləndirilən bəyanatlar xalqımızın qələbə əzmini, gələcəyə inamla addımlamasını şərtləndirdi.     

30 il xalqımız bu günləri böyük səbirsizliklə gözlədi. 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz, onun ardınca 2023-cü ilin  sentyabrında həyata keçirilən bir günlük antiterror tədbirləri nəticəsində suverenliyimizin tam bərpa edilməsi bu torpaqlara qayıdışımıza inamı artırdı və artıq bu reallıqların şahidiyik.

Prezident İlham Əliyev bu ilin  əvvəlində yerli televiziya kanallarına müsahibəsində hədəfləri açıqlayarkən bildirmişdi ki,  bu ilin sonuna qədər 30-a yaxın yaşayış məntəqəsində keçmiş köçkünlər məskunlaşacaqlar. Artıq keçmiş məcburi köçkünlərin qayıtdığı şəhər və kəndlərin sayı 18-ə çatdırılıb.

Ümumilikdə Prezident İlham Əliyev Qarabağa və Şərqi Zəngəzura mütəmadi səfərləri zamanı bərpa-quruculuq işləri ilə tanış olur, yaşayış məntəqələrinin, vacib infrastruktur obyektlərinin açılışlarında, təməlqoyma mərasimlərində iştirak edir. Bu baxımdan cənab İlham Əliyevin son Qarabağ səfəri daha yaddaqalan oldu. Şuşada, Ağdamda, Xocalıda olan cənab İlham Əliyev  mühüm obyektlərin açılışındə iştirak etdi, görülən işlərlə tanış oldu.  Onu da qeyd edək ki, bu torpaqlarda soydaşlarımızın  məşğulluğunun təmin edilməsi, qeyri-neft sektorunun inkişafı mühüm hədəflər sırasındadır. Dövlətimizn başçısı   “Tabaterra” MMC-nin Ağdam Sənaye Parkındakı tütün məmulatlarının istehsalı müəssisəsinin açılışında iştirak etdi. Qeyd edək ki,  Ağdam Sənaye Parkında sahibkarlıq fəaliyyətinin inkişafı üçün dövlət tərəfindən əlverişli investisiya mühiti yaradılıb. Bunun nəticəsidir ki, Ağdam Sənaye Parkı rezidentlərinin sayına görə ölkəmizdə mövcud sənaye zonaları arasında Sumqayıt Kimya Sənaye Parkından sonra ikinci sənaye parkıdır. Parkda ümumi investisiyalarının həcmi 270 milyon manatdan çox olan 30 sahibkarlıq subyektinə rezidentlik, 4 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Artıq investorlar tərəfindən Sənaye Parkına 121 milyon manatdan çox investisiya yatırılıb, 650-dən artıq daimi iş yeri yaradılıb. İşlə təmin edilənlərin çoxu Ağdam və ətraf rayonların sakinləridir. Ağdam Sənaye Parkının ərazisinin 70 faizdən çoxu artıq sahibkarların istifadəsinə verilib. “Tabaterra” MMC-nin tütün məmulatlarının istehsalı müəssisəsinin açılması ilə Parkda fəaliyyət göstərən müəssisələrin sayı 10-a çatıb.

O da məlumdur  ki, hazırda ölkədə 9 sənaye parkı var. Bunlar Sumqayıt Kimya, Qaradağ, Pirallahı, Naxçıvan, Hacıqabul, Mingəçevir, Balaxanı, Ağdam və Cəbrayıl rayonunda yerləşən “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarıdır. Bununla yanaşı, Masallı, Neftçala, Sabirabad və Şərurda 4 sənaye məhəlləsi yaradılıb.

Cənab İlham Əliyev həmin səfəri çərçivəsində  Ağdam şəhərində tam orta məktəbin, körpələr evi- uşaq bağçasının, Qiyaslı kəndindəki tarixi məscidin binasının bərpadan sonra  açılışında iştirak etdi. Xocalının Təzəbinə kəndində görülən işlərlə tanış olan cənab İlham Əliyev Xanyurdu kəndində olub sakinlərlə görüşdü. Sakinlərlə görüşündə  “Siz uzun illər çətin şəraitdə yaşamısınız - çadır şəhərciklərində, vaqonlarda, yataqxanalarda, uşaq bağçalarında, məktəblərdə, orada-burada, çox çətin şəraitdə. Amma inamınızı itirməmisiniz. İnanırdınız ki, doğma Vətənə qayıdacaqsınız. O gün də gəldi. İndi də belə gözəl, mənzərəli, səfalı yerlərdə yaşayırsınız və bu onu göstərir ki, ədalət hər zaman zəfər çalmalıdır» söyləyən dövlətimizin başçısı onu da qeyd etdi ki, amma ədaləti təmin etmək üçün gərək gücün və yumruğun olsun.

   2023-cü ilin sentyabrında suverenliyimizin tam bərpasından sonra Xocalı şəhərində qısa müddətdə görülən işlər xocalılıların qayıdışında özünün aydın ifadəsini tapır.  Ölkə Prezidenti Xanyurdu kəndinin sakinləri ilə görüşündə onu da əlavə etdi ki, indi  buraya birinci köçənlərdənsiniz, amma bunun ardı gəlir. Bir, bəlkə də bir neçə aydan sonra burada, hər iki kənddə yəqin ki, minlərlə insan yaşayacaq. Dövlət bütün şəraiti yaradıb - evlər, həyətyanı sahələr, içməli su, təbii qaz, elektrik. Siz buna layiqsiniz. Çünki ən ağır vəziyyətdə yaşayanlar siz olmusunuz. Bütün bu otuz il ərzində yenə də öz iradənizi göstərərək inanırdınız ki, bu tarixi gün gələcək və biz bu torpaqlara qayıdacağıq və qayıtmışıq. Həm 2020-ci ilin Vətən müharibəsi, həm də 2023-cü ilin antiterror əməliyyatı bizim şanlı qələbələrimizdir. Bundan sonra biz burada əbədi yaşayacağıq. Daha heç kim bizi bu yerlərdən çıxara bilməz.

 Qarabağ və Şərqi Zəngəzur bölgələri nəinki Azərbaycanın, Qafqazın, dünyanın ən gözəl yerlərindən biri olacaq. Buranın təbiəti, gözəl mənzərələri, yaşıllıqlar, bulaqlar müasir və eyni zamanda, ənənəvi üslubda inşa edilən binalarla tamamlanır. Elə bir gözəl şəhər yaradılır ki, hər birimiz, hər bir azərbaycanlı bununla fəxr edəcək.

Ümumiyyətlə, ilin elə bir ayı yoxdur ki, dövlət başçısı İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə səfəri olmasın. Hazırda işğaldan azad edilmiş ərazilərdə şəhərlərin və kəndlərin bərpası sürətlə davam etdirilir. Bütün işləri öz daxili imkanları hesabına həyata keçirən Azərbaycanın əsas hədəfi Böyük Qayıdış Proqramının icrasının birinci mərhələsi başa çatanadək 140 min keçmiş məcburi köçkünün qayıdışına nail olmaqdır. Bu fakt ölkəmizin ildən-ilə artan iqtisadi gücünün daha bir göstəricisidir. Hazırda Qarabağda və Şərqi Zəngəzurda ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgələrdə reallaşdırılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 50 minə yaxın insan yaşayır.

Böyük Qayıdışdan bəhs edərkən bu mühüm məqamı xüsusi qeyd etməliyik ki, bu qayıdış Cocuq Mərcanlıdan başladı. Məhz Ulu Öndər Heydər Əliyevin qətiyyəti və siyasi iradəsi sayəsində 1993-cü ilin dekabrından 1994-cü ilin yanvarına qədər davam edən və Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılmış uğurlu Horadiz əməliyyatı nəticəsində Füzuli rayonunun bu qəsəbəsi ilə yanaşı, 20 kəndi, həmçinin Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi işğaldan azad edildi. Lakin təhlükəsizlik baxımından uzun müddət məskunlaşmanın qeyri-mümkün olduğu bu kənd 2016-cı ildə Prezident İlham Əliyevin tarixi xidmətləri sayəsində ikinci həyatını yaşamağa başladı. Buna 2016-cı ilin aprelində qəhrəman Azərbaycan Ordusunun düşmənin təxribatına layiqli cavab verməsi və strateji əhəmiyyətli Lələtəpə yüksəkliyini azad etməsi nəticəsində nail olundu. Ağdərənin, Cəbrayılın, Füzulinin işğaldan azad olunmuş ərazilərində Azərbaycan Bayrağı dalğalandı. Aprel döyüşlərində qazanılan qələbədən sonra Cocuq Mərcanlı kəndində təhlükəsiz yaşayışın bərpa edilməsinə, məcburi köçkünlərin öz ata-baba yurdlarına qaytarılmasına əlverişli şərait yarandı. Cənab İlham Əliyev 2017-ci ildə «Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpası haqqında» Sərəncam imzaladı. Ərazinin minalardan təmizlənməsindən sonra bu kənddə böyük quruculuq işlərinə başlandı. Dövlətimizin başçısının xüsusi diqqət və qayğısı sayəsində həyata keçirilən bərpa işləri uğurla başa çatdı və Cocuq Mərcanlı öz sakinlərini qarşıladı.

Artıq beş ildir Böyük Qayıdışdan qürurla bəhs edirik. Hədəfə doğru atılan addımların uğurlu nəticəsi göz önündədir. Bu ərazilərin bərpası, yenidən qurulması müasir tələblər səviyyəsində həyata keçirilir, soydaşlarımızın gələcəkdə burada yüksək rifah şəraitində yaşayışı üçün bütün zəruri addımlar atılır. Dövlət başçısı İlham Əliyev bütün çıxışlarında diqqət göstərdiyi əsas məsələlərdən biri məhz azad edilmiş torpaqlarımızın bərpasıdır. Ölkə Prezidenti bildirir ki,  icra etdiyimiz layihələrin dünyada misli-bərabəri yoxdur və bəlkə də olmayacaq. Böyük coğrafiyada, 15-16 min kvadratkilometr ərazidə, - hansı ki, Ermənistan onu tamamilə yerlə-yeksan edib, - yeni həyat qurulur.

Xankəndidə keçirilən III Şuşa Qlobal Media Forumu Böyük Qayıdış Proqramının uğurlu icrasının nəticələrinin də təqdimatında əhəmiyyətli rol oynadı. Dünya ictimaiyyəti bir daha ölkəmizin iqtisadi qüdrətinin, xalqımızın necə yaradıcı xalq olduğunun şahidinə çevrildi. Tarixi Zəfərimizdən dərhal sonra bərpa-quruculuq işlərinə start verən Azərbaycan bu günü necə səbirlsizliklə gözlədiyini görülən işlərin miqyası ilə təsdiqləyir.

Bu il tarixi Zəfərimizin beş ili tamam olur. «Konstitusiya və Suverenlik İli» çərçivəsində keçirilən tədbirlərdə şanlı Qələbəmizin mühüm reallıqlarından olan bərpa-quruculuq işlərinə xüsusi diqqət göstərilir. Bu il çərçivəsində dövlət başçısı İlham Əliyev «Azərbaycan Respublikasının 2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın və “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair II Dövlət Proqramı”nın hazırlanması haqqında» Sərəncam imzaladı. “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə uyğun olaraq hazırlanmış “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”, həmçinin “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” uğurla icra olunur və bu, ölkənin sosial, iqtisadi və institusional inkişafı üçün mühüm zəmin yaradır.  Sözügedən Strategiya sosial-iqtisadi inkişaf üzrə müəyyən edilmiş beş Milli Prioritet əsasında həyata keçirilir. Həmin Strategiyanın ardıcıl və sistemli icrası sayəsində iqtisadiyyatın xarici təsirlərə qarşı dayanıqlığı daha da möhkəmlənmiş, şaxələnməsi dərinləşmiş, iqtisadi artım davamlı və inklüziv xarakter almış, əhalinin rifah səviyyəsi yüksəlmiş və gələcək nəsillər üçün irihəcmli maliyyə ehtiyatları formalaşmışdır.
Qeyd olunan nəticələrin əldə edilməsində özəl təşəbbüslərin və investisiyaların cəlbinin təşviqi, biznes mühitinin əlverişliliyinin dəstəklənməsi, qlobal bazarlara çıxış imkanlarının genişləndirilməsi, eləcə də rəqəmsallaşma və insan kapitalının inkişafı mühüm rol oynamışdır. Sənəddə qeyd olunduğu kimi,  işğaldan azad edilmiş ərazilərin bərpası və iqtisadi fəaliyyətə reinteqrasiyası, əhalinin öz yurdlarına təhlükəsiz şəkildə qayıtması, habelə Qarabağ və Şərqi Zəngəzurda dayanıqlı məskunlaşmanın və məşğulluğun təmin olunması istiqamətində görülən işlər Böyük Qayıdış prosesini ölkənin sosial-iqtisadi inkişafında qazanılan nailiyyətlərin ayrılmaz tərkib hissəsinə çevirib.
Azərbaycan qarşıdakı illərdə daha mürəkkəb çağırışların və zəngin imkanların mövcudluğu ilə seçilən yeni mərhələyə daxil olur. Bu mərhələ qlobal iqtisadi qütbləşmənin dərinləşməsi, texnoloji tərəqqinin sürətlənməsi, eləcə də süni intellekt əsaslı texnologiyaların geniş tətbiqi ilə səciyyələnir. Ölkəmizin ötən illərdə əldə etdiyi sosial-iqtisadi nailiyyətlərin davamlı şəkildə artırılması, bunun üçün özəl, o cümlədən birbaşa xarici investisiyaların cəlbinin genişləndirilməsi, biznes mühitinin əlverişliliyinin yüksəldilməsi, iqtisadiyyatın bilik və texnologiya tutumunun gücləndirilməsi, həmçinin işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışın davamlılığının təmin edilməsi məqsədilə imzalanan Sərəncam qarşıdakı dövrün aydın mənzərəsini yaradır.

  Cənab İlham Əliyev Şuşa Qlobal Media Forumunda   «Böyük Qayıdış Proqramı artıq reallaşıb. Təbii ki, bunun mərhələləri olacaq və aydan-aya, ildən-ilə qayıdan vətəndaşların sayı çoxalacaq, Qarabağ, Şərqi Zəngəzur dirçələcək. Mən “Böyük Qayıdış”ın əvvəlində demişdim ki, biz bu bölgəni cənnətə çevirəcəyik, artıq cənnətin kiçik bir parçasıdır. Bunu burada öz gözlərimizlə görürük» söyləyərək onu da əlavə etdi ki, doğrudan da görülən işlər o qədər genişmiqyaslıdır ki, bunu bir cavabda səsləndirmək çətindir. Hər şey göz önündədir. Qayıdan insanların sayı getdikcə artır və bundan sonra daha sürətlə artacaq. Çünki  birinci dörd ildə daha çox infrastruktur layihələri icra edildi.  Onların əsas hissəsi bitib. Bütün Qarabağ və Şərqi Zəngəzur dairəvi elektrik şəbəkə ilə artıq təmin edilib, Azərbaycanın ənənəvi elektrik təsərrüfatına da qoşulub. Burada artıq 280 meqavat gücündə su elektrik stansiyaları enerji istehsal edir və bu enerji Qarabağdan Azərbaycanın digər bölgələrinə gedir. Çünki bu gün Qarabağda o qədər adam yaşamır ki, bu qədər elektrik enerjisi lazım olsun. Təkcə Füzuli  yolunda 7 tunel inşa edilib. Tunellərin ümumi uzunluğu 80 kilometrdir. Ən uzun tunel  növbəti iki-üç ayda hazır olacaq. Murov dağının altındakı tunelin uzunluğu 11 min 700 metrdir. Bu, dünya miqyasında ən uzun tunellərdən biridir. Dəmir yolu çəkilib. İndi Ağdama qatarla rahat getmək mümkün olacaq. Ağdam-Xankəndi dəmir yolunun təməli qoyulub.  Xankəndi-Şuşa kanat yolunun da tikintisi  yaxın zamanlarda başlayacaq və çox mənzərəli bir vasitə olacaq. Eyni zamanda, bunun funksional tərəfi də çox önəmlidir. Hər yerdə inşaat-quruculuq işləri aparılır,  yaşayış binaları tikilir, soydaşlarımız doğma yurd-yuvalarına qayıdır.

  İşğaldan azad olunmuş torpaqlara keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. İyulun 29-da növbəti köç karvanı ilə Ağdam rayonunun Xıdırlı kəndinə çatan ailələrə mənzillərin açarları təqdim olundu. Bu mərhələdə Xıdırlı kəndinə 60 ailə - 236 nəfər köçürüldü. Xıdırlıya köç karvanı ilə qayıdanlar respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət olub.

  Dövlət tərəfindən Xıdırlı kəndində onlar üçün fərdi yaşayış evləri inşa olunub, müasir infrastruktur yaradılıb. Burada çoxfunksiyalı inzibati binanın, klub-icma mərkəzinin, bazar kompleksi, tibb məntəqəsinin, təcili tibbi yardım bölməsinin, təhsil və səhiyyə işçilərinin müvəqqəti yaşayışı üçün qonaq evinin, məişət xidməti obyektinin, emalatxananın, tam orta məktəbin, körpələr evi-uşaq bağçasının inşası həyata keçirilib.

Bu il sakinlərinə qovuşacaq azad şəhərlərimiz sırasında Ağdam şəhərinin də adı var. Rayonun kəndlərinə mərhələ-mərhələ qayıdış soydaşlarımızı Ağdam şəhərinə də qovuşduracaq. «Ağıllı şəhər» və «ağıllı kənd» layihələri  çərçivəsində bərpv olunan torpaqlarımız burada aparılan genişmiqyaslı, müasir quruculuq işləri ilə dünyaya şəhərsalmanın Azərbaycan modelini təqdim edirlər. Ağdam şəhəri ilk «ağıllı şəhər» olacaq. Onu da qeyd edək ki, ilk Milli Azərbaycan Şəhərsalma Forumu Ağdam şəhərində keçirildi. Dövlətimizin başçısı İlham Əliyev bunun öz rəmzi mənası olduğunu açıqladı.

2022-ci ildə  “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı» təsdiqlənərkən bu çağırış vurğulandı ki, Azərbaycan  öz torpaqlarını azad etməklə tarixi inkişafının irimiqyaslı bərpa-quruculuq layihələri ilə səciyyələnən, dayanıqlı sülhə, tərəqqiyə əsaslanan və bir çox ölkələr üçün nümunə olan yeni mərhələsinə qədəm qoydu. Vətən müharibəsindən ötən müddət ərzində işğaldan azad olunmuş ərazilərin minalardan və partlamamış hərbi sursatdan təmizlənməsi, müasir yaşayış, istehsal və xidmət infrastrukturunun qurulması, iqtisadi fəaliyyətin, o cümlədən nəqliyyat-kommunikasiya xətlərinin bərpası, xüsusilə Zəngəzur dəhlizinin açılması istiqamətində mühüm işlər görülüb.  Həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına və davamlı iqtisadi aktivliyinin təmin olunmasına xidmət edir, habelə həmin ərazilərin yüksək inkişaf etmiş regiona çevrilməsi üçün sağlam bünövrə yaradır. İşğaldan azad edilmiş ərazilərə böyük qayıdış Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən olunmuşdur. Bu Milli Prioritetlərə əsaslanan “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” yeni inkişaf mərhələsindəki hədəflərə çatmağa xidmət edən mühüm sənəddir.

Artıq Böyük Qayıdışa dair I Dövlət Proqramının icra müddətinin başa çatmasına  yaxınlaşırıq. Əsas hədəf həmin müddətə qədər 140 min keçmiş məcburi köçkünü doğma yurd-yuvasına qaytarmaqdır.

Yeganə Əliyeva, "İki sahil"