10 aprel 2026 01:58
112

Cənubi Qafqaz regionu əməkdaşlıq platformasına çevrilir

Prezident İlham Əliyev bu prosesdə Gürcüstanın rolunu xüsusilə vurğulayaraq bildirib ki, rəsmi Tbilisi regionda sabitliyin möhkəmləndirilməsi, təhlükəsizliyin qorunması, region dövlətləri arasında iqtisadi əməkdaşlıq və dialoq məsələsində aktiv rol oynayır

Azərbaycanın artan iqtisadi imkanları, yerləşdiyi əlverişli coğrafi mövqeyindən maksimum şəkildə səmərəli faydalanmaq bacarığı, beynəlxalq aləmə inteqrasiyası onun qonşuları ilə əlaqələrinə də müsbət təsir göstərib. Azərbaycanın qonşu ölkələrlə bağlı siyasətində Gürcüstanla münasibətlər xüsusi əhəmiyyət kəsb edir. Belə ki, ölkəmizin enerji resurslarının Avropa bazarlarına çatdırılmasında, eyni zamanda, Şərqdən Qərbə gedən yüklərin daşınmasında Gürcüstan mühüm tranzit rol oynayır.

Qarşılıqlı hörmət və etimada əsaslanan Azərbaycan-Gürcüstan əlaqələri ötən illər ərzində dinamik inkişaf edib, ölkələrimiz arasında siyasi, iqtisadi, enerji, mədəni və digər sahələrdə səmərəli əməkdaşlıq formalaşıb. Ümummilli Lider Heydər Əliyevin və sabiq Prezident Eduard Şevardnadzenin dostluq münasibətləri bu əlaqələri inkişaf etdirməyə əhəmiyyətli təkan verib. Ali və yüksək səviyyədə çoxsaylı qarşılıqlı səfərlər həyata keçirilib, indiyədək ölkələrimiz arasında 125-dən çox sənəd imzalanıb.

Ölkələrimiz arasında mütəmadi olaraq yüksək rəsmilərin səfərləri həyata keçirilir və bu, ikitərəfli əlaqələrin yüksək səviyyədə olmasının əyani təzahürüdür. Bu baxımdan Prezident İlham Əliyevin aprelin 6-da Gürcüstana səfəri xüsusi əhəmiyyət daşıyır. Çünki Bakı-Tbilisi münasibətləri hər ötən gün daha da inkişaf edir. Bunun isə ciddi səbəbləri var. Regionda enerji və nəqliyyat dəhlizlərinin yenidən formalaşması və Cənubi Qafqazın dünya dövlətləri üçün hər ötən gün daha da əhəmiyyətli loqistika marşrutuna çevrilməsi əlaqələri strateji müstəviyə daşıyan əsas faktorlardır. Bu prizmadan yanaşanda Orta Dəhlizin əhəmiyyətinin artmasını xüsusilə qeyd etmək yerinə düşər. Eyni zamanda, Prezident İlham Əliyevin Gürcüstana səfəri zamanı bu ölkənin Baş naziri İrakli Kobaxidze ilə mətbuata bəyanatı mühüm siyasi mesajlarla da zəngindir. Bu mesajlar göstərir ki, səfər sadəcə iki ölkə arasında ənənəvi tərəfdaşlığın davamı kimi deyil, həm də regionda sabitliyin qorunması, enerji təhlükəsizliyinin təmin edilməsi və Avropa ilə Asiyanı birləşdirən alternativ kommunikasiya xətlərinin inkişafı baxımından böyük önəm daşıyır. Prezident İlham Əliyevin İrakli Kobaxidze ilə birgə mətbuata bəyənatında Cənubi Qafqazda formalaşan yeni geosiyasi reallıqlara xüsusi diqqət yetirib. Prezident qeyd edib ki, region artıq uzun illər davam edən münaqişə kölgəsindən çıxıb. Bu gün Cənubi Qafqaz regionu sülh, sabitlik və əməkdaşlıq məkanına çevrilib. Yaranan sülh və sabitlik iqtisadi inteqrasiya, enerji əməkdaşlığı və nəqliyyat-kommunikasiya xətlərinin genişlənməsi üçün də böyük əhəmiyyət kəsb edir. Bu isə o deməkdir ki, artıq Cənubi Qafqaz regionu qarşıdurma zonası yox, əməkdaşlıq platformasına çevrilir. İlham Əliyev bu prosesdə Gürcüstanın rolunu xüsusilə vurğulayıb. Gürcüstan tranziti vasitəsilə Azərbaycan hazırda 16 ölkəyə öz təbii qazını ixrac edir. Gürcüstanın istehlak etdiyi təbii qazın 80 faizdən çoxu Azərbaycan mənşəlidir. Dövlət başçısı həmçinin əlavə edib ki, Gürcüstanda çox münbit sərmayə iqlimi var. Məhz buna görə Azərbaycanlı investorlar Gürcüstana maraq göstərirlər. Bu günə qədər Azərbaycan tərəfindən Gürcüstan iqtisadiyyatına 3,7 milyard dollar sərmayə qoyulub və iki ölkə arasında ötənilki ticarət dövriyyəsi 800 milyon dollardan çox olub. 2026-cı ildə isə bu rəqəmin 1 milyard dollara çatacağı gözlənilir

Eyni zamanda, iki ölkə arasında enerji və nəqliyyat sahəsində əməkdaşlıq da xüsusi önəm kəsb edir. Azərbaycanın neft və qazının, yaşıl enerjisinin Avropaya daşınmasında Gürcüstan tranzit ölkə rolunu oynayır. Yeni layihələr isə bu xətt və marşrutları daha əhəmiyyətli, səmərəli və etibarlı mövqeyə yüksəldəcək. Orta Dəhliz kimi logistika yolları yükdaşımaların həcmini artırır, ticarətin diversifikasiyasına şərait yaradır, enerji resurslarının regionda təhlükəsiz və etibarlı şəkildə paylanmasını təmin edir. Yaxın illərdə isə bu əməkdaşlıq təkcə Azərbaycan və Gürcüstan iqtisadiyyatına deyil, eyni zamanda, Cənubi Qafqaz ölkələrinin də iqtisadiyyatına öz töhfəsini verəcək, regionun rolunu artıracaq. Çünki birgə layihələr, enerji infrastrukturlarının modernləşdirilməsi, yeni enerji xətləri rəqabətədavamlı və dayanıqlı enerji bazarını formalaşdıracaq.

Göründüyü kimi, bu səfər yalnız ikitərəfli əlaqələrin inkişafına deyil, həm də regionda sabitliyin və iqtisadi inteqrasiyanın gücləndirilməsinə töhfə verir. Azərbaycan və Gürcüstanın birlikdə göstərdikləri səylər, onların Avropa ilə Asiya arasında mühüm körpü rolunu daha da möhkəmləndirəcək və yeni uğurlu layihələrin əsasını qoyacaq. Prezident İlham Əliyevin bəyanatında vurğulanan əməkdaşlıq perspektivləri hər iki ölkənin xalqlarına və regionun inkişafına xidmət edən strateji hədəfləri əks etdirir. Şübhəsiz ki, bu səfər də Azərbaycan-Gürcüstan tərəfdaşlığının davamlı inkişafına və daha parlaq gələcəyinə doğru atılmış növbəti addımdır.

Sevinc Azadi, “İki sahil”