11 yanvar 2025 01:57
79

Paşinyanın öz xalqının gözünə kül üfürmək şakəri

Qərb isə İrəvandan heç bir real perspektiv təklif etmədən bundan çirkin məqsədləri üçün istifadə edir

Bu günlərdə Ermənistan hökuməti Avropa İttifaqına (Aİ) daxil olmaq prosedurunun başlanmasına dair qanun layihəsini parlamentə təqdim edib. Eyni zamanda, hökumət başçısı Nikol Paşinyan qanunun yalnız bu ideyanı "müzakirə etmək" üçün lazım olduğunu deyib. Onun sözlərinə görə, məsələ referenduma çıxarılacaq. Eyni zamanda, Aİ-nin özündə hələ heç kim Ermənistanı heç yerə dəvət etməyib. Hələlik Brüssel yalnız "yaxınlaşma" təklifi ilə çıxış edib. Sual yaranır: İrəvan dəvət olunmadığı ittifaqa necə daxil olmağı planlaşdırır?

NEWS.ru saytında dərc olunan məqalədə bildirilir ki, Qərb Ermənistanı Ukrayna yolu ilə aparır, ölkədən Rusiya və İrana qarşı istifadə etməyə çalışır. Bu barədə "Ana Ermənistan" hərəkatının lideri, politoloq Andranik Tevanyan da xəbərdarlıq edir. Onun fikrincə, Paşinyan əslində Aİ-yə qoşulmağın qeyri-mümkün olduğunu anlayır, lakin reytinqini saxlamaq üçün bu şüardan istifadə edir. "Paşinyan manipulyasiya edir, Avropa İttifaqında gələcək həyatla bağlı illüziyaları olan əhalinin təbəqələrini aldadır. Əslində bu proses Ermənistanın özünün təhlükəsizliyini təhdid edir. Biz Ukraynanın timsalında Aİ və kollektiv Qərbin nə istədiyini görürük. Onlar hesab edirlər ki, Kiyev Moskvaya qarşı mübarizədə sövdələşmə obyektidir. Eyni şeyi Ermənistanla da edəcəklərini gözləyirlər. Gürcüstanda bunu tez başa düşdülər və buna görə də özlərini xilas etdilər. Paşinyan isə Qərb kuratorlarının sifarişlərini yerinə yetirməklə özünü xilas etmək istəyir", - Tevanyan bildirib.

Rusiyalı politoloq Aleksey Naumov isə bildirib ki, Paşinyan hakimiyyətdə qalması üçün bu qanun layihəsinə ehtiyac duyur: "Bu, Paşinyanın siyasi silah kimi istifadə etdiyi güclü ideyadır. Avropa İttifaqı bunu görür və başa düşür ki, onun təşviqindən faydalanacaq. Əsasən də Brüsselin bunun üçün xüsusi bir iş görməsinə ehtiyac yoxdur - sadəcə olaraq müşahidəçilər göndərir, az miqdarda pul köçürür, bir neçə silah göndərir. Bunun müqabilində Aİ çox şeyə hazır olan, o cümlədən Rusiya və Azərbaycanın regionda maraqlarına qarşı çıxan ölkə əldə edir", - deyə Naumov bildirib. Politoloq qeyd edib ki, Ermənistanın Aİ-yə daxil olması prosesi istənilən halda ümumi sərhədlərin olmaması ilə çətinləşir. "Ermənistan Aİ-yə daxil olmaq niyyətində deyil, xüsusən də onun ittifaqla nə quru, nə də dəniz sərhədləri olmadığına görə", - Naumov bildirib. Onun fikrincə, belə bir ideyanın müzakirəsi Paşinyana sərfəlidir və erməni xalqı ölkənin Qərbə doğru getdiyi illüziyasını qəbul edir.

Məlum məsələdir ki, Avropa İttifaqına üzvlük arzu və istək əsasında reallaşmır. Bu, müəyyən siyasi qərarlar, standartlar çərçivəsində həyata keçirilir. Müasir Ermənistanda isə bu standartların yüzdə biri yoxdur desək, yanılmarıq. Burada rəsmi İrəvanın “avropalı olmaq” üçün həddən artıq tələsdiyini demək lazımdır. Axı, həmin Aİ-də yaxşı bilirlər ki, Ermənistan Moskvanın dominantlıq etdiyi bir sıra siyasi, iqtisadi, eləcə də hərbi ittifaqların, xüsusən də Avrasiya İqtisadi İttifaqı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür. İkincisi, Aİ-yə üzv olmağın əsas şərti ölkənin Avropa qitəsində yerləşməsidir. Ermənistan isə coğrafi nöqteyi-nəzərdən Asiyaya aiddir. Üçüncüsü, Ermənistanın müstəqil iqtisadiyyatı mövcud deyil. Hayastan bu sahədə Moskvadan tam asılı vəziyyətdədir. Bundan başqa, regional şərait və reallıq da İrəvanın Aİ üzvlüyünə namizəd olmasına imkan vermir. Dördüncüsü, Ermənistanın beynəlxalq hüququn tələblərinə cavab verən konstitusiyası yoxdur. Onun əsas qanunu özündə qonşu dövlətlərə qarşı ərazi iddialarını ehtiva edir. Bu durumda Ermənistanın Avropa ailəsinə hansı parametrlərə görə üzv olmağa çalışması heç özünə də tam aydın deyil. Bununla belə, erməni siyasi elitası hələ də xalqa Aİ-yə üzvlüklə bağlı nağıllar danışmaqda davam edir. Paralel olaraq isə hökumət tezisini dəstəkləmək üçün KİV-lərdə tez-tez bu məsələ ilə bağlı palaz-palaz yazılar hazırlanır, artıq yaxın vaxtlarda bunun reallaşacağı bildirilir. Kiçik araşdırmalar zamanı məlum olur ki, yaxın illər ərzində Avropa siyasətinin üfüqündə erməni bayrağının dalğalanması mümkün deyil. Elə bir neçə ay öncə Aİ-nin Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsinin sözçüsü Peter Stano bu barədə maraqlı açıqlama vermişdi. P.Stano “Azadlıq Radiosu”nun Ermənistan bürosuna müsahibəsində bildirmişdi ki, Ermənistanla Avropa İttifaqı arasında danışıqların üzvlük namizədliyi imkanları ilə heç bir əlaqəsi yoxdur: “Bunun potensial üzvlük namizədliyi prosesi ilə heç bir əlaqəsi yoxdur. Aİ-Ermənistan tərəfdaşlığı gündəliyi üzrə danışıqlar hər iki tərəfin birgə daha çox işlər görmək üçün qarşılıqlı istək və iradəsini əks etdirir, mövcud münasibətlərə əsaslanır. Hazırkı əlaqələr isə Hərtərəfli və Genişləndirilmiş Tərəfdaşlıq Sazişi ilə müəyyən edilir. Bu danışıqların potensial üzvlüyə namizədlik imkanları ilə heç bir əlaqəsi yoxdur, bunlar iki fərqli şeydir, bizim artıq Ermənistanla Hərtərəfli və Genişləndirilmiş Tərəfdaşlıq Sazişimiz var və indi biz bu baza əsasında hansı sahələrdə daha sıx əməkdaşlıq edə biləcəyimizi müəyyən edirik”.

İlk dövrlərdə isə vəziyyət tamam fərqli idi. Ermənistanın perspektivdə Aİ-yə üzv olmaq ümidi böyük idi. Ancaq P.Stanonun açıqlaması bu ümidlərin puça çıxacağını göstərir. Ermənistana bu geosiyasi reallığı dərk etmək üçün uzağa getmək lazım deyil. Yetər ki, bu gün Avropa Parlamentində təmsil olunan aparıcı partiyaların planlarına, daha dəqiq desək, Aİ-nin mümkün genişlənmə planlarına göz atsın. Çünki orada Ermənistana aid bir cümləyə rast gəlinmir. Belə ki, nə Ümumavropa məkanında böyük nüfuza malik EPP, yəni Avropa Xalq Partiyasının, nə PES, yəni Avropalı Sosialistlər Partiyasının (nüfuzuna görə ikinci partiyadır), nə ALDE, yəni Avropa Naminə Liberallar və Demokratlar Alyansının (hazırkı parlamentdə üçüncü olan hökumətin bir hissəsidir), nə ECR, yəni Avropa Mühafizəkarlar və İslahatçılar Alyansının (əslində hökumət partiyası yox, avroskeptiklər sırasına daxildir), nə də ki, Avropa Yaşıllar Partiyasının proqramlarına nəzər saldıqda görürük ki, Ermənistan barədə bir söz belə yoxdur. Siyahını uzatmaq olar. Avropa Solçular Partiyası, Avropa Azad Alyansı kimi siyasi qurumların da seçkiqabağı proqramında Ermənistana aid bir cümləyə rast gəlinməmişdi. Qeyd edək ki, yuxarıda adı çəkilən siyasi partiyalar Avropada kifayət qədər çəki və nüfuza malikdir və rəsmi Brüsseldə siyasi qərarların alınmasında həlledici rola malikdirlər.

Fikrimizi ümumiləşdirsək deyə bilərik ki, yaxın illərdə Ermənistanın Aİ-yə üzvlüyündən bəhs edilməyəcək. Bu məsələ ilə bağlı Avropanın əsas siyasi qüvvələrinin heç bir baxışı, vədi yoxdur. Bu isə bir daha deməyə əsas verir ki, erməni siyasi elitası xalqın gözünə kül üfürmək, nağıllar danışmaqla başının altına yastıq qoyur. Amma necə deyərlər, yalan ayaq tutar, yeriməz. Yəqin ki, bir müddətdən sonra sadə erməni xalqı bunun hesabını soruşacaq və Aİ üzvlüyü ilə bağlı verilən vədlərə görə Paşinyan hökuməti cavab verməli olacaq.

Sevinc Azadi, “İki sahil”