09 yanvar 2025 17:58
172

Üçtərəfli əməkdaşlıqda yeni mərhələ: “Yaşıl Dəhliz Birliyi”

Azərbaycanın müasir dünya düzənində qurduğu uğurlu diplomatik münasibətlər çoxsaylı ölkələrlə iqtisadi əlaqələrimizin genişlənməsinə təkan verib. Bu baxımdan Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında əməkdaşlıq çərçivəsində yeni imkanlar açılır. Ölkələrimiz arasında qardaşlıq münasibətləri daha da möhkəmləndirilir və yaşıl enerji sahəsində fəal əməkdaşlıq müsbət dinamika ilə inkişaf edir.

Ötən ilin noyabrında üç qardaş ölkə arasında imzalanan “Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Özbəkistan Respublikası hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” əməkdaşlığın vacib faktorlarından biridir. Sazişin həyata keçirilməsi məqsədilə “Azərenerji” ASC, “Qazaxıstan Elektrik Şəbəkəsi Əməliyyat Şirkəti” və “Özbəkistan Milli Elektrik Şəbəkəsi” SC arasında “Yaşıl Dəhliz Birliyi” Birgə Müəssisəsinin Bakı şəhərində yaradılmasını nəzərdə tutan “Təsis Müqaviləsi” imzalanıb. Adıçəkilən Saziş çərçivəsində “Yaşıl Dəhliz Birliyi” Birgə Müəssisəsinin yaradılması Mərkəzi Asiya və Cənubi Qafqaz regionlarının inkişafı üzrə üçtərəfli əməkdaşlıqda yeni mərhələnin mühüm tərkib hissəsidir.

“Yaşıl Dəhliz Birliyi” adlı Birgə Müəssisə yaşıl enerjinin Azərbaycan ərazisindən keçməklə Avropaya ixracı (“Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi”) layihəsinin texniki-iqtisadi əsaslandırmasının hazırlanmasından irəli gələn zəruri tədbirləri həyata keçirəcək. Müəssisə regionda bərpaolunan enerji layihələrinin, dayanıqlı enerji sistemlərinin və beynəlxalq enerji dəhlizlərinin inkişafını gücləndirmək istiqamətində birgə hədəflərin həyata keçirilməsinə təkan verəcək.

Ölkələrimiz arasında iqtisadi əlaqələrin ardıcıl inkişafını, strateji tərəfdaşlıq və qardaşlıq münasibətlərini, həmçinin “Yaşıl Dəhliz Birliyi” Birgə Müəssisəsinin yaradılmasının əhəmiyyətini “İki sahil”ə şərh edən iqtisadçı-ekspert Eldəniz Əmirov bildirib ki, yeni yaradılan birgə müəssisənin əsası de-fakto olaraq 2022-ci il dekabrın 17-də Buxarestdə imzalanmış “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in icrası ilə əlaqədardır: “Saziş yaşıl enerji sahəsində atılan mühüm addımlardandır. Həmin Sazişə əsasən, artıq bir çox ölkələrin Azərbaycanla əməkdaşlıq perspektivləri reallaşdırılmaqdadır. Sözügedən birgə müəssisə öz konseptini bu Saziş əsasında götürüb. Qeyd etmək yerinə düşər ki, Sazişin imzalanmasından sonra Mərkəzi Asiya ölkələri Azərbaycanla bu istiqamətdə əməkdaşlığa xüsusi maraq göstərirlər. Bununla bağlı Azərbaycan hökumətinə müxtəlif müraciətlər də olunmuşdu. Bunun nəticəsi olaraq artıq Mərkəzi Asiya dövlətləri Azərbaycanın yaşıl enerji strategiyasına qoşulmaqdadırlar. “Yaşıl Dəhliz Birliyi” Birgə Müəssisəsinin müsbət tərəflərinə, perspektivinə gəlincə, ilk növbədə, onu deyə bilərəm ki, bu addım müttəfiq ölkələrin təmiz enerji texnologiyalarının və yaşıl enerjinin inkişafına dəstək olacaq. Azərbaycan, Qazaxıstan və Özbəkistanın böyük həcmdə bərpaolunan enerji potensialı vardır. Bu enerji potensialını real istifadə üçün elektrik enerjisinə çevirə biləcək birgə sistemlərin yaradılması mümkün olacaqdır. Eyni zamanda, bu, regionun ekoloji tarazlığının qorunub saxlanılmasına, su ehtiyatlarının səmərəli istifadə olunmasına, çirklənmənin qarşısının alınmasına öz töhfəsini verəcəkdir. “Yaşıl Dəhliz Birliyi” Birgə Müəssisəsinin yaradılması, həmçinin regiona xarici invistisiyaların cəlb edilməsi baxımından effektiv olacaqdır. Birgə müəssisənin iqtisadi səmərəlilik baxımından da ayrı-ayrı təsərrüfat subyektlərinin fəaliyyətlərinə müsbət təsirlərinin olması gözlənilir.”

Qeyd edək ki, Sazişin imzalanması mərasimində çıxış edən Azərbaycanın energetika naziri Pərviz Şahbazov layihənin ölkələrimizin enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə, Orta Dəhlizin inkişafına və həmçinin Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə inteqrasiyasının dərinləşməsinə töhfə verəcəyini bildirib. Qazaxıstanın energetika naziri Almasadam Satkaliyev və Özbəkistanın energetika nazirinin müavini Umid Mamadaminov da üç ölkənin yaşıl enerji tərəfdaşlığının əhəmiyyətindən bəhs edərək, bu layihənin Avropaya bərpaolunan enerjinin tədarükü üçün imkanlar yaratdığını vurğulayıblar.

Xatırladaq ki, Birgə Müəssisənin idarəetmə sistemi şirkətin ali idarəetmə orqanı kimi Ümumi Yığıncaq vasitəsilə tənzimlənəcək. Fəaliyyətə rəhbərlik isə Baş direktor tərəfindən həyata keçiriləcək. Bu vəzifə hər üç ildən bir tərəflər arasında bərabər rotasiya əsasında dəyişdiriləcək. “Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Özbəkistan Respublikası hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” dövlət başçıları tərəfindən ötən ilin 13 noyabrında COP29 çərçivəsində imzalanıb.

Orxan Vahidoğlu, “İki sahil”