22 iyul 2026 19:32
140

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında milli mətbuatımızın 151 illiyi qeyd olunub

İyulun 22-də (AMEA) Mərkəzi Elmi Kitabxanasında Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı tərəfindən Azərbaycan Milli Mətbuatının yaranmasının 151 illiyinə həsr edilmiş “Milli mətbuat – dövlətçilik və milli dəyərlərin keşikçisi” mövzusunda tədbir keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycanın Dövlət Himni səsləndirilib.

Tədbirdə AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru Hüseyn Hüseynov, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev çıxış edərək bildiriblər ki, Azərbaycan Milli Mətbuatı xalqımızın maariflənmə və milli oyanış tarixinin ayrılmaz hissəsidir. 1875-ci il iyulun 22-də Həsən bəy Zərdabi tərəfindən nəşrə başlayan “Əkinçi” qəzeti ilə Azərbaycan milli mətbuatının əsası qoyuldu. Qəzetin 1877-ci ilin sentyabrınadək cəmi 56 sayı işıq üzü görsə də, o, Azərbaycan milli mətbuatının təşəkkül tapmasında, inkişafında əvəzsiz rol oynadı.

Qeyd olunub ki, müasir milli mətbuatımızın inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. 1998-ci ildə Ümummilli Lider Heydər Əliyev tərəfindən Azərbaycan mətbuatında dövlət senzurasının ləğv edilməsi ilə ölkəmizdə söz və mətbuat azadlığının əsası qoyuldu. Bu gün Ulu Öndərin mətbuata göstərdiyi diqqət və qayğı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Çıxışlarda Vətən müharibəsində və müharibədən sonrakı dövrdə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında mətbuatın rolundan ətraflı bəhs edilib. Bildirilib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi Zəfər nəticəsində Azərbaycanın ərazi bütövlüyü və dövlət suverenliyi tam bərpa olunub. Bu gün Azərbaycan xalqı qalib xalq kimi müstəqil, güclü və suveren dövlətində yaşayır. İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri ölkənin qüdrətini nümayiş etdirir. Milli mətbuat Azərbaycanın qazandığı tarixi nailiyyətlərin, dövlət maraqlarının və milli dəyərlərimizin ölkə oxucularına və beynəlxalq ictimaiyyətə çatdırılmasında bundan sonra da mühüm rol oynayacaq.

Sonra 22 İyul - Milli Mətbuat Günü münasibətilə bir qrup jurnalistə Fəxri fərman təqdim edilib. Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının himni səsləndirilib.

Sevinc Azadi, “İki sahil”