44 günlük haqq savaşımızda Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda odlu səngərlərdən keçərək qanı bahasına tarix yazan qəhrəman oğullardan bir də şəhid mayor Ramil Ağayevdir. Hünəri dillərdə dastan olan Lerikin qartal balası şərəfli ölümü ilə milyonların qəlbində özünə əzəmətli adidə ucaltmaqla, həm də dövlət tərəfindən 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeninə, "İgidliyə görə", "Döyüşdə fərqlənməyə görə", “Vətən uğrunda" və Cəbrayılın, Füzulinin, Xocavəndin azadlığı uğrunda medallarına layiq görülüb. Ramil cismən aramızdan getsə də, hər dəfə adı çəkiləndə dağlar diyarında böyük də, kiçik də qürur duyur. Ölümsüzlüyə qovuşan qəhrəman Ramil leriklilərin gözündə dağlar qədər mətin, bayram kimi ucadır.
Vətən sevdalısının 40 yaşı tamam oldu. Bu münasibətlə Lerik Rayon İcra Hakimiyyətinin, YAP Lerik rayon təşkilatının , idarə müəssisə rəhbərləri və şəhidin ailə üzvləri qəhrəmanın uyuduğu müqəddəs məzarını ziyarət edib önünə gül-çiçək dəstələri düzərək əziz xatirəsini ehtiramla andılar. Çıxışlar zamanı bildirildi ki, mayor Ramil Vətən naminə, bizim xoş gələcəyimiz üçün özünü qurban verdi. Onun həyat yolu qısa olsa da, fədakarlıqla, mərdliklə doludur. Çətin məqamda sinəsini Vətənə sipər edən Ramil kimi mərd igidlər hər zaman sonsuz ehtirama, sevgi və məhəbbətə layiqdirlər. Qərinələr ötəcək şəhid Ramil Ağayev heç vaxt unudulmaz.
Xatırladaq ki, Ramil Mərdan oğlu Ağayev 1984-cü il dekabrın 20-də Lerik şəhərində dünyaya göz açıb. Azərbaycan Ordusunun mayoru kimi 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində Cəbrayılın və Füzulinin azadlığı uğrunda döyüşüb. Oktyabrın 8-də Füzuli döyüşləri zamanı ölüm-dirim savaşında böyük şücaət göstərərək şəhadətə yetib.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü