31 oktyabr 2024 08:14
170

Yakov Milatoviç: Monteneqro ilə Bosniya və Herseqovinanın açıq siyasi problemləri yoxdur

Monteneqro ilə Bosniya və Herseqovina arasında açıq siyasi problemlər yoxdur.

“İki sahil” xəbər verir ki, bunu Bosniya və Herseqovinada rəsmi səfərdə olan Monteneqro Prezidenti Yakov Milatoviç deyib.

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Denis Beçiroviç, Rəyasət Heyətinin üzvləri xanım Jelka Tsviyanoviç və Jelko Komşiçlə görüş keçirən Yakov Milatoviç bu səfərin iki ölkə arasında dostluq əlaqələrinin davamlığının əlaməti olduğunu bildirib.

“Monteneqro və Bosniya və Herseqovinanın ümumi Avropa gələcəyi var. Avropaya inteqrasiya məsələsində Monteneqro regionda liderdir. Monteneqronun Avropa İttifaqına üzvlükdə daha sürətli yolu həm də Bosniya və Herseqovinanın Avropa yolunda daha inamla getməsinə töhfə verir. Qərbi Balkan regionunun sabit statusu bu bölgə ölkələrinin Aİ-yə inteqrasiyası üçün ilkin şərtdir”, - deyə Yakov Milatoviç əlavə edib.

Denis Beçiroviç Bosniya və Herseqovina ilə Monteneqro arasında yaxşı və dostluq münasibətlərinin olduğunu deyib. Jelka Tsviyanoviç isə iki ölkə arasında iqtisadi sahədə daha yaxşı əməkdaşlıq üçün imkanların mövcudluğunu bildirib. Jelko Komşiç də ölkələr arasında əlaqələrin inkişafından məmnunluğunu ifadə edib, Bosniya və Herseqovina ilə Monteneqronun regionda sərhədlə bağlı ikitərəfli saziş imzalayan yeganə iki ölkə olduğunu vurğulayıb.

Yakov Milatoviçin səfəri çərçivəsində Sarayevoda Bosniya və Herseqovina-Monteneqro biznes forumu keçirilib.