26 noyabr 2024 16:49
162

Nə üçün yeməkləri alüminium folqada saxlamaq olmaz? - OXUYUN XƏBƏRİNİZ OLSUN!

Bəzi insanlar  yemək qalıqlarını sonradan yenə istifadə etmək üçün alüminium folqada saxlayır. Bu, əlverişli üsul kimi görünə bilər. Bəs alüminium folqa yeməkləri saxlamaq üçün həqiqətən təhlükəsizdirmi?

Plastik torbalar və qablarda qida saxlama üsullarından fərqli olaraq, alüminium folqa az da olsa hava keçirir. Bu isə o deməkdir ki, yeməyinizi alüminium folqada nə qədər sıx bağlasanız da, hava yenə də qida ilə təmasda olacaq.

Yeməyin düzgün saxlanmasının əsas qaydası onun hava ilə təmasını məhdudlaşdırmaq, hətta tamamilə kəsməkdir. Bununla da nəm itkisinin qarşısı alınmış olur və bakteriyaların böyüməsi riski azalır. Alüminium folqa hər iki halda da fayda vermir .

AQUALAB-ın Qida Təhlükəsizliyi və Keyfiyyətinin İdarə Edilməsi Şöbəsinin direktoru Zachary Cartwright deyib: “Alüminium folqa hava keçirməzliyini tək təmin edə bilməz, çünki o təbii olaraq yapışqan deyil. Ona görə də səthlərə ideal uyğunluq təmin edə bilməz.

Xəstəliklərə Nəzarət Mərkəzi (CDC) bildirir ki, qidanın hava ilə təmasda olması stafilokok kimi təhlükəli bakteriyaların yaranma riskini artırır Bu bakteriya stafilokok infeksiyalarına səbəb olur ki, bu da əsasən dəriyə təsir edir. Bəzən müalicə üçün antibiotiklərə ehtiyac yarana bilər.

CDC təxminən  hər dörd nəfərdən birinin dərisində və burnunda stafilokok olduğunu təxmin edir. Bakteriya daşıyan insanlar əllərini yumadan yeməyə toxunduqları zaman bu, qidanın stafilokokla yoluxmasına səbəb ola bilər. Qidada çoxala bilən stafilokoklar hətta bişirildikdən sonra da qida zəhərlənməsinə səbəb olan toksinlərlə zəngin olur.

Cartwright, alüminium folqanın düzgün saxlanmamasının “Clostridium botulinum” və “Listeria monocytogenes” kimi qida yoluxucu xəstəliklər riskini artırdığını bildirir və nadir də olsa, bu bakteriyaların hər ikisinin ciddi xəstəliklərə səbəb ola biləcəyi ilə bağlı xəbərdarlıq edir. Qidaların düzgün olmayan şəraitdə saxlanması sağlamlıq problemlərinə səbəb ola bilər.

Cartwrighta görə, alüminium folqa turşulu qidalarla (məsələn, pomidor sousu) və ya duzlu qidalarla reaksiya verə bilər və bu, tərkibindəki alüminiumun qidaya qarışmasına səbəb olur. Bu, yeməyin dadını dəyişə bilər, həmçinin çox istehlak edildikdə sağlamlıq problemləri ilə əlaqəli olan alüminium qəbulunu artıra bilər.

Qidaları qorumaq üçün alüminium folqadan istifadə edirsinizsə, onu iki gündən artıq saxlamayın. İsti və ya ilıq yeməkləri birbaşa folqa ilə bükməkdən çəkinin. Bunun əvəzinə yeməyi otaq temperaturuna qədər soyudun və ya gözləmədən birbaşa soyuducuya qoyun. Mütəxəssislər, həmçinin qida məhsullarını ikiqat alüminium folqa ilə bükməyi də məsləhət görmürlər.

Vüsal Cahanov, “İki sahil”