Braziliya Ali Məhkəməsi Federal Polisin çevriliş planı ilə bağlı hesabatını ictimaiyyətə təqdim edib.
“İki sahil”in məlumatına görə, hesabatda qeyd olunub ki, istintaq boyu toplanan sübutlar keçmiş prezident Bolsonaronun prezident Lula da Silva hökumətini hakimiyyətdən uzaqlaşdırmaq üçün çevriliş planında iştirak etdiyini göstərir.
Hesabatda Bolsonaronun çevriliş planında fəal iştirak etdiyi vurğulanıb və ordunun müqaviməti nəticəsində çevrilişin həyata keçirilə bilməyəcəyi bildirilib.
Noyabrın 19-da polis 4 əsgər və 1 polis əməkdaşını prezident Lula da Silvanı öldürməyi və hökuməti devirməyi planlaşdırdığı iddiası ilə həbs edib.
Braziliya Federal Polisi noyabrın 21-də Lula da Silva hökumətinə qarşı dövlət çevrilişinə cəhd iddiası ilə keçmiş prezident Jair Bolsonaro da daxil olmaqla 37 nəfərə qarşı cinayət işi açıb.
Bildirilib ki, 2022-ci ilə aid olan polis hesabatında Bolsonaro və bəzi generallar, keçmiş nazirlər və hökumətin keçmiş müşavirləri də daxil olmaqla bir çox yüksək rütbəli məmurlar var.
Xatırladaq ki, 2022-ci il oktyabrın 30-da Braziliyada keçirilən prezident seçkilərinin ikinci turunda solçu prezident Lula da Silva ifrat sağçı keçmiş prezident Jair Bolsonaronu vəzifəsindən kənarlaşdırdı. Seçkilərdə qalib gələn Lula da Silva 2023-cü il yanvarın 1-də parlamentdə and içib.
Seçkilərin nəticələri açıqlandıqdan sonra Bolsonaro tərəfdarları ilk olaraq günlərlə ölkədə magistral yol bağlama aksiyaları keçirdilər və 8 yanvar 2023-cü ildə ordunun müdaxiləsini tələb edən şüarlar səsləndirərək polis səddini aşaraq Milli Konqres binasına basqın etdilər.
Polis həmçinin nümayişçilərin Prezident Sarayı və Ali Məhkəmə binasına daxil olmasına mane ola bilməyib.
Məhərrəm Ağalaroğlu, “İki sahil”