Bakı nailiyyətini çoxtərəfliliyin təntənəsi kimi qiymətləndirən dövlətimizin başçısı İlham Əliyev bildirdi ki, COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir və bu irs gələcək qlobal iqlim fəaliyyətinə müsbət təsir göstərəcək
Bu gün ölkə və dünya mətbuatında əsas müzakirə mövzularından biri təbii ki, COP29 tədbiridir. Bu tədbir sözün əsl mənasında fərqliliyi ilə diqqətdə oldu. İstər yüksək səviyyədə təşkilatçılığı, istər təmasların qurulması, körpülərin salınması üçün geniş imkanların yaradılması, istərsə də qarşıya qoyulan hədəfə nail olmaq baxımından xüsusi diqqət çəkdi. İnkişaf modeli dünyaya nümunə olan Azərbaycanın ev sahibliyi bu fərqliliyin qazanılmasında əhəmiyyətli rol oynadı. Hər zaman bu reallıq beynəlxalq səviyyədədə qeyd edilir ki, tədbirlərin hansı məkanda keçirilməsindən asılı olmayaraq hər zaman diqqət Azərbaycana yönəldilir. Bunun üçün tarixi Zəfərimizdən ötən dövr ərzində Azərbaycanın ikitərəfli və beynəlxalq təşkilatlar daxilində əlaqələrinin inkişaf səviyyəsinə diqqət yetirmək kifayətdir. Bu, COP29 çərçivəsində keçirilən görüşlərdə, Azərbaycanla bağlı iştirakçıların rəylərində özünün aydın ifadəsini tapdı. COP29-un öz işinə başladığı vaxtdan bir gün sonra, noyabrın 12-də keçirilən Liderlər Sammitində «Uğurlu bir COP-a imza atacağıq» əminliyini ifadə edən BMT-nin Baş katibi Antonio Quterreş onu da vurğuladı ki, COP29 yeni fərq yaratmalıdır və inkişaf edən ölkələr Bakını əliboş tərk etməməlidir. Buna birlikdə nail olacağımıza əminik.
Tədbirlə bağlı rəylərdə bu fikir xüsusi qeyd edilir ki, Bakı dünyanın daha təhlükəsiz, təşkilatlanmış və inkişaf etmiş paytaxtlarından biri kimi iqlim fəaliyyəti sahəsində aparıcı beynəlxalq iştirakçıları bir araya gətirən belə qlobal tədbirə ev sahibliyi etməyə layiq olduğunu bir daha sübut etdi.
Ölkəmizin enerji resursları ilə zəngin olmasına və dünyada enerji resurslarının ixracatçısı kimi tanınmasına baxmayaraq, bərpa edilən enerji mənbələrindən istifadə də hər zaman diqqət mərkəzindədir. Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən enerji təhlükəsizliyi siyasətinin təməl prinsiplərindən biri də ölkəmizdə bərpaolunan enerji mənbələrindən istifadənin gücləndirilməsindən ibarətdir. Dövlətimizin başçısı İlham Əliyev yaşıl dünya naminə həmrəyliyə çağırış edib 2024-cü ilin ölkəmizdə «Yaşıl dünya naminə həmrəylik ili» elan edilməsi ilə bağlı imzaladığı Sərəncamda bu reallığı diqqətə çatdırdı ki, yaşıl enerji növlərinin yaradılması və onun dünya bazarlarına nəqli Azərbaycanın enerji siyasətinin prioritetidir.
Azərbaycan bərpaolunan enerji mənbələri üzrə yüksək potensiala malik olan ölkələrdəndir. Belə ki, ölkəmizin bərpaolunan enerji mənbələrinin texniki potensialı quruda 135, dənizdə 157 QVt-dır. Bərpaolunan enerji mənbələrinin iqtisadi potensialı isə 27 QVt, o cümlədən külək enerjisi üzrə 3000, günəş enerjisi üzrə 23000, bioenerji potensialı 380, dağ çaylarının potensialı 520 MVt həcmində qiymətləndirilir. Cənab İlham Əliyev Liderlər Sammitindəki çıxışında ölkəmizin malik olduğu bu imkanlara bir daha diqqəti yönəldərək vurğuladı ki, 2030-cu ilə qədər təxminən altı giqavatlıq Günəş, külək və hidroenerji stansiyalarının tikilməsini planlaşdırırıq. Lakin bu, tam planlarımızın hamısı deyil, 10 giqavatlıq bərpaolunan enerji layihələri üzrə müqavilələr və Anlaşma memorandumları imzalanıb: «Biz, həmçinin ixrac bazarlarına diqqət yetiririk və Xəzər dənizindən başlayaraq Qara dənizin dibi ilə enerji kabelinin çəkilməsini nəzərdə tutan digər mühüm enerji təhlükəsizliyi layihəsinin həyata keçirilməsi üçün tərəfdaşlarımızla fəal çalışırıq. Bu, bizə Avropaya yaşıl enerjini ixrac etmək imkanı verəcək və bu kabelin texniki potensialı dörd giqavatdır. Yeri gəlmişkən, texniki-əsaslandırma işləri bu yaxınlarda bitəcək. Lakin yenə də bu, yalnız başlanğıcdır.» Yaşıl gündəliyimiz, həmçinin Azərbaycanın müxtəlif bölgələrini əhatə edir. Naxçıvan, Qarabağ və Şərqi Zəngəzur regionları yaşıl enerji zonaları elan edilib. Azərbaycan bərpaolunan enerji sahəsində qabaqcıl ölkələr sırasına yüksəlmək əzmindədir və bu məqsədlə zəngin külək və günəş potensialından istifadə edir. Bu, həmçinin ölkəmizin 2050-ci ilə qədər istixana qazı emissiyalarını 40 faiz azaltmaq planının mühüm tərkib hissəsidir. Ölkəmiz 2030-cu ilə qədər elektrik enerjisində bərpaolunan enerjinin qoyuluş gücü üzrə payını 30 faizə çatdırmaq və yaşıl enerji sahəsində lider olmaq üçün mövcud enerji sistemini şaxələndirir.
Son illər ərzində Azərbaycanda yaşıl enerjiyə keçid prosesi olduqca dinamik xarakter alıb. Bu müstəvidə çoxsaylı beynəlxalq tərəfdaşlarla yüksəksəviyyəli əməkdaşlıq münasibətləri qurulub. Ölkəmizdə bu kontekstdə xarici investisiyalar hesabına çoxsaylı bərpaolunan enerji mənbələri yaradılır. COP29 Azərbaycanın bu imkanlarına, eyni zamanda, beynəlxalq münasibətlər sistemində yeri və rolu barədə aydın mənzərəni yaratdı. «Yaşıl dünya naminə həmrəylik!» şüarını rəhbər tutan Azərbaycan bitərəf vasitəçi kimi çıxış edərək danışıqların qərəzsiz aparılması üçün bütün imkanları yaratdı. Bütün proses boyu ölkəmiz inkişaf etməkdə olan, xüsusilə kiçik ada və ən az inkişaf etmiş dövlətlərin ehtiyaclarını nəzərə alan nəticə əldə etməyə çağırış etdi. Çünki onlar iqlim dəyişmələrinin ağır yükünü daşıyırlar və ekzistensial təhlükə ilə üzləşirlər. Azərbaycan, həmçinin müstəmləkə idarəçiliyi ilə daha da ağırlaşan ekoloji problemlərdən əziyyət çəkən xalqlar və regionlar ilə həmrəylik nümayiş etdirdi, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpülərin qurulması üçün səylərini əsirgəmədi və bunun nəticəsində dünya tarixi Bakı nailiyyətinə şahid oldu.
Geosiyasi parçalanmanın müşahidə edildiyi son bir ildə bir çox insanlar Azərbaycanın buna nail ola biləcəyinə şübhə edirdilər. Hamının razılaşa biləcəyinə şübhə ilə yanaşılırdı. Onlar hər iki məsələdə yanıldılar. Tərəflər BMT İqlim Dəyişmələri Konfransına ev sahibliyi edən Azərbaycan Respublikası Hökumətinin və Azərbaycan xalqının qlobal ictimaiyyətə xidmətlərini yüksək qiymətləndirdilər. Azərbaycanın COP29 Sədrliyi inkişaf etməkdə olan ölkələrə hər il 1,3 trilyon dollar həcmində iqlim maliyyəsini təmin etmək üçün yeni öhdəlik olan Bakı Maliyyə Məqsədi razılaşmasını elan etdi. BMT-nin İqlim Sammiti üçün COP29 Sədrliyinin əsas prioriteti üzrə əldə olunan uğur əvvəlki 100 milyard dollar həcmində iqlim maliyyəsi hədəfindən əhəmiyyətli dərəcədə artım deməkdir və qlobal investisiyaların yeni dalğasına təkan verəcək. Bakı Maliyyə Məqsədi inkişaf etməkdə olan ölkələr üçün 2035-ci ilə qədər hər il ən azı 300 milyard dollar vəsaitin səfərbər olunmasına liderlik etmək üçün inkişaf etmiş ölkələrin əsas hədəfini özündə ehtiva edir. Bu, COP29 Sədrliyi tərəfindən 48 saatlıq intensiv diplomatik fəaliyyətin nəticəsidir. Burada az inkişaf etmiş ölkələri və inkişaf etməkdə olan kiçik ada dövlətlərini dəstəkləməyə xüsusi diqqət yetirilir. Bu sənəddə əlçatanlıq və şəffaflıq haqqında müddəalar da əksini tapdı.
Bakı Maliyyə Məqsədi və 6-cı maddə ilə birlikdə investisiyaları inkişaf etməkdə olan dünyaya yönləndirməklə qlobal iqlim maliyyəsi arxitekturasını həmişəlik dəyişəcək. Bakı Maliyyə Məqsədi bütün iqlim pillələri üzrə tərəqqi təmin edən sazişlər paketinin mərkəzi hissəsidir. COP29 ilk Qlobal Baxışın nəticələrində heç bir geriləmə olmamasını təmin edərək, bundan əlavə, Zərər və İtki Fondunu işə salmağa və fondun 2025-ci ildə maliyyə vəsaitini paylaşdırmağa hazır olmasına müvəffəq oldu. Bu irəliləyişlər çoxtərəfli iqlim fəaliyyətində ən mürəkkəb və mübahisəli vəzifələri yerinə yetirmək üçün Azərbaycan Sədrliyinin aylarla davam edən intensiv diplomatiyasının nəticəsidir. Bu nailiyyətlə Bakı Maliyyə Məqsədi növbəti onillikdə milyardları trilyonlara çevirəcək. Azərbaycan inkişaf etməkdə olan ölkələr üçün əsas illik iqlim maliyyəsi hədəfinin üç dəfə artırılmasını təmin etdi. Bu əminlik də ifadə olunur ki, Bakı irəliləyişi qarşıdan gələn fırtınaların qarşısını almağa kömək edəcək.
COP29 çərçivəsində «SOCAR Green» MMC, Birləşmiş Ərəb Əmirliklərinin «Masdar» şirkəti, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı və Asiya İnfrastruktur və İnvestisiya Bankı arasında Azərbaycanda iki günəş enerjisi layihəsinin maliyyələşdirilməsi üzrə sənədlər imzalandı. 2027-ci ildə istismara veriləcək stansiyalarda illik təxminən 1.7 milyard kilovat-saatdan çox yaşıl enerji istehsalı proqnozlaşdırılır ki, bu da illik 380 milyon kubmetr həcmində təbii qaza qənaət, eyni zamanda, atmosferə atılan karbon emissiyasının 830 min ton azaldılması deməkdir.
Ölkəmizin yaşıl enerjiyə keçidlə bağlı gördüyü işlər, əldə etdiyi nailiyyətlər artıq investorlara təqdim olunub. COP29 Azərbaycan qarşısında yeni investisiyaların cəlbi üçün də əlavə imkanlar açır. Xarici investorları cəlb edən hal təkcə ölkəmizdə yaradılan əlverişli sərmayə mühiti deyil, Azərbaycanın yaxın tezlikdə yaşıl enerjinin mühüm ixracatçısına çevriləcəyi, həmçinin digər mənbələrdən bu enerji növünün nəqlində tranzit əhəmiyyətidir.
COP29-un ölkəmizə nələri qazandıracağını tam əhatə etmək qeyri-mümkündür. Azərbaycanın iqtisadi uğurları siyasi mövqeyinin möhkəmləndirilməsində, söz sahibliyində əhəmiyyətli rol oynayır. Azərbaycan COP29-a uğurla ev sahibliyi etdi, konfrans yüksək təşkilatçılıq, təhlükəsizlik tam təmin olunmaqla, effektiv infrastruktur yaratmaqla keçirildi. Eyni zamanda, qlobal iqlim böhranının aradan qaldırılmasına, həll yollarının tapılmasına öz dəstəyini verdi, təşəbbüslər, təkliflər irəli sürdü. Azərbaycanın bu rolu həm dünya liderləri, həm də ölkəmizdə olan digər COP29 iştirakçıları tərəfindən yüksək qiymətləndirilir. Tədbir çərçivəsində COP29 Sədrliyinin bəyanatı da səsləndirildi. Bəyanatda COP29 çərçivəsində iqlim maliyyələşdirməsinin illik 250 milyard dollara çatdırılması təklif edildi: «COP29 sədrliyi il ərzində tərəflərin ehtiyaclarını və prioritetlərini nəzərə alaraq, ədalətli və iddialı yeni iqlim maliyyəsi məqsədi irəli sürüb. Biz səhərin erkən saatlarına qədər geniş məsləhətləşmə apardıq. Biz hər kəsə, bütün qruplara dünən yaydığımız mətn paketi ilə bağlı münasibət bildirmək imkanı tanıdıq və konstruktiv iştiraklarına görə onlara təşəkkür edirik. Məsləhətləşmələr zamanı səslənən fikirləri nəzərə alaraq, yeni mətni dərc etmişik. Tərəfləri 2035-ci ilə qədər bütün ictimai və özəl mənbələrdə ən azı 1,3 trilyon ABŞ dollarına hədəfinə çatdırmaq üçün birgə işləməyə dəvət edirik. Yeni sənəd layihəsində inkişaf etmiş ölkələrin inkişaf etməkdə olan ölkələr üçün 2035-ci ilə qədər iqlim fəaliyyəti üçün 100 milyard ABŞ dolları məbləğində vəsaitin 250 milyard ABŞ dollarına çatdırılması hədəf göstərilir. Tərəflərlə razılaşdırıla bilinməyən vacib məsələlərə yekun düzəlişlər üçün onlarla daha sıx işləyəcəyik. Biz daha çox şəffaf və inklüziv çalışacağıq ki, daha yüksək ambisiyalı mümkün nəticəni əldə edək.»
COP29 Azərbaycanın növbəti uğurlu kimi tarixə yazıldı. Dövlət başçısı İlham Əliyev tədbirin davam etdiyi 11-23 noyabr tarixlərində atılan addımların, aparılan müzakirələrin və uğurlu nəticələrin fonunda sosial şəbəkə hesablarında «COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir!» sərlövhəsi ilə paylaşım etdi. Bu paylaşım tədbirin ölkəmizə qazvandırdığı iqtisadi və siyasi dividendlərin ümumiləşdirilmiş ifadəsi kimi dəyərləndirilir. Cənab İlham Əliyev, eyni zamanda, COP29-a gedən yolda Azərbaycana göstərdikləri dəstəyə görə bütün Tərəflərə, Birləşmiş Millətlər Təşkilatına və UNFCCC-yə minnətdarlığını bildirdi.
Paylaşımda bir daha qeyd edildi ki, müddətin qısa olmasına baxmayaraq, Azərbaycan COP-un rahat və yüksək səviyyədə keçirilməsi üçün bütün lazımi hazırlıqları həyata keçirməyə nail oldu. Mübaliğəsiz deyə bilərik ki, Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək. Genişmiqyaslı və planlaşdırılmış böhtan və qarayaxma kampaniyasına baxmayaraq, Azərbaycan iqlim danışıqlarında tarixi nəticələr əldə etməyə müvəffəq oldu. «Mən Bakı nailiyyətini çoxtərəfliliyin təntənəsi kimi qiymətləndirirəm» söyləyən dövlətimizn başçısı İlham Əliyev bildirdi ki, COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir və bu irs gələcək qlobal iqlim fəaliyyətinə müsbət təsir göstərəcək.
Tədbirlə bağlı ümumiləşdirmələrdə bu fikir də xüsusi yer alır ki, Azərbaycanın COP29-u ən yüksək səviyyədə keçirməsi ölkəmizin qarşıdakı illərdə uğurlarını daha da artıracaq. Bu əminlik Azərbaycanın xarici siyasətinin dəyişməz prinsiplərinə söykənir. Açıq və çoxşaxəli xarici siyasət kursunu həyata keçirən Azərbaycan birləşdirici aktora çevrilib. Dünyanı narahat edən problemlərin ölkəmizdə müzakirə olunması və birgə razılığa gəlinməsi özündə mühüm məqamları ehtiva edir. COP29-a ev sahibliyi və tədbirin nəticələri Prezident İlham Əliyevin növbəti qələbəsi kimi də dəyərləndirilir. Keçirilən müxtəlif səviyyəli tədbirlərdə, görüşlərdə dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın təkmil inkişaf modelini təqdim etdiyi xüsusi qeyd olundu. Cənab İlham Əliyev ötən ilin dekabr ayında COP29-un ölkəmizdə keçirilməsi ilə bağlı keçirilən müşavirədə belə bir əminliyi ifadə etmişdir ki, irimiqyaslı beynəlxalq tədbirlərin keçirilməsi təbii ki, üzərimizə böyük məsuliyyət qoyur. Ancaq biz bu günə qədər bir çox beynəlxalq tədbirlər keçirmişik. COP29 beynəlxalq konfransını da biz yüksək səviyyədə keçirəcəyik. Bu, ölkəmizin, xalqımızın növbəti böyük uğuru olacaq. Eyni zamanda, Azərbaycan neft-qaz ölkəsi kimi bu sahədə də özünü göstərəcək və dünyada hər kəs bir daha görəcək ki, gündəliyimiz yaşıl enerji ilə bağlıdır. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli hazırda bizim enerji siyasətimizin prioritetidir. Bu, reallıqdır və bütün dünya bunu bir daha görəcək.
COP29-un təhlili dövlətimizin başçısı İlham Əliyevin öncədən ifadə etdiyi bu əminliyin təsdiqidir. Dünya Azərbaycanın nəyə qadir olduğunun bir daha şahidinə çevrildi. Azərbaycanın üzərinə düşən missiya kəskin qlobal qütbləşməyə baxmayaraq, müzakirələrin axarını ortaq mövqeyə doğru yönləndirə bilmək və məntiqi sonluğa gətirib çatdırmaq idi. Belə bir mürəkkəb maraqlar labirintinin içindən ildə 300 milyard dollarlıq maliyyə qərarı ilə çıxmaq iqlim diplomatiyasının ən böyük uğuru sayılmalıdır.
Yeganə Əliyeva, «İki sahil»