31 may 2025 00:28
283

Qardaşlıq salnaməsinin Laçın səhifəsi

Azərbaycan, Türkiyə və Pakistan arasında qardaşlıq əlaqələri günün tələbləri səviyyəsində davamlı inkişaf etməkdədir. 28 May-Müstəqillik Günündə işğaldan azad edilmiş Şərqi Zəngəzurun Laçın şəhərində qardaş ölkələrin liderlərinin iştirakı ilə keçirilən üçtərəfli Zirvə görüşü də bunu bir daha təsdiq edir. Onu da qeyd edək ki, belə bir Zirvə görüşünün Laçında keçirilməsi Türkiyə və Pakistanın ölkəmizin ərazi bütövlüyünə, suverenliyinə dəstəyinin növbəti nümayişi idi. Bunu həm də Türkiyə və Pakistanın liderlərinin, bu ölkələrin ictimaiyyətinin Prezident İlham Əliyevin şəxsiyyətinə böyük hörməti kimi dəyərləndirmək olar.

Məlumat üçün bildirək ki, keçən ilin iyulunda Astanada Şanxay Əməkdaşlıq Təşkilatının Dövlət Başçıları Şurasının 24-cü iclası çərçivəsində Azərbaycan-Türkiyə-Pakistan liderlərinin birinci Zirvə görüşü keçirilmişdi. Məhz həmin görüşdə Azərbaycan Prezidentinin, Türkiyə Prezidentinin və Pakistanın Baş nazirinin üçtərəfli formatda Zirvə görüşünün tarixi əhəmiyyəti qeyd olunmuş və bu görüşlərin bundan sonra mütəmadi xarakter daşıyacağına əminlik ifadə edilmişdi. Həmçinin üç ölkə arasında əməkdaşlıq imkanlarını inkişaf etdirmək üçün ortaq niyyət təsdiqlənmişdi. Azərbaycan-Türkiyə-Pakistan üçtərəfli əməkdaşlığının möhkəmləndirilməsinin hər üç ölkənin xalqlarının inkişafı ilə yanaşı, regional qlobal sülhün və sabitliyin möhkəmlənməsinə xidmət edəcəyinə inam ifadə olumuşdu. 

İkinci üçtərəfli Zirvə görüşündə Azərbaycan, Türkiyə və Pakistanın gələcəkdə də qarşılıqlı əməkdaşlığın bütün sahələrdə - siyasət, iqtisadiyyat, investisiya və müdafiə sahələrində inkişaf etdirilməsi məsələləri prioritet kimi bir daha vurğulandı. Ötən il D-8-in 11-ci Zirvə görüşü zamanı yekdilliklə bu təşkilatın üzvü seçilməsində göstərilən dəstəyə görə qardaş Türkiyəyə və qardaş Pakistana bir daha təşəkkür edən Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan Türkiyə iqtisadiyyatına 20 milyard ABŞ dollarından çox sərmayə qoyub, Pakistan iqtisadiyyatına 2 milyard ABŞ dolları qoymağa hazırdır. Eyni zamanda, dövlətimizin başçısı vurğuladı ki, Azərbaycan və Türkiyənin əməkdaşlığı nəticəsində yalnız bölgəmizin deyil, geniş coğrafiyanın enerji xəritəsi dəyişib:”Bununla yanaşı, Azərbaycan və Türkiyədən keçməklə Asiya ilə Avropanı birləşdirən nəqliyyat yolları strateji əhəmiyyət daşıyır. Multimodal yük marşrutunun inkişafı yolu ilə Pakistanın da bu təşəbbüsdə yaxından iştirakının əməkdaşlığımıza daha da təkan verəcəyinə əminik”. Həm də qeyd olundu ki, müdafiə sahəsində əməkdaşlıq bu tərəfdaşlığın önəmli istiqamətlərindən biridir. Bu isə o deməkdir ki, təxminən 350 milyon əhaliyə və 1,5 trilyon dollar iqtisadi gücə sahib bu ölkələr arasındakı bağlar daha da gücləndirilir, daha yüksək nəticələr əldə etmək məqsədilə mühüm mövzularda fikir mübadiləsi aparılır. Bu mənada həmin görüş beynəlxalq və regional platformalarda biri-birini dəstəkləyən Azərbaycan-Türkiyə-Pakistan birliyinin, qardaşlığının növbəti təzahürü oldu desək yanılmarıq. Azərbaycan, Türkiyə və Pakistan liderləri bu görüşlə dünyaya mesaj verdilər ki, üç qardaş ölkə təkcə regionda deyil, həm də daha geniş coğrafiyada sülhə, inkişafa xidmət etməyə qadirdirlər.

Yeri gəlmişkən qeyd edək ki, bu münasibətlər çətin günlərin sınağından uğurla çıxıb. Həm Türkiyə, həm də Pakistan 44 günlük Vətən müharibəsində, birgünlük lokal antiterror əməliyyatında və sonrakı müddətdə xalqımızın haqq işini birmənalı şəkildə müdafiə ediblər, Azərbaycana siyasi və mənəvi dəstək veriblər. Bu dəstək Azərbaycana qarşı beynəlxalq təzyiqlərin qarşısının alınmasında və Ermənistan üzərində hərbi-siyasi qələbəmizin qazanılmasında mühüm rol oynayıb. Həmin çətin günlərdə paytax­tımızda, eləcə də bölgələrimizdə Azərbaycan Bayrağı ilə yanaşı, Türkiyə və Pakistan bayraqları da dalğalanıb. Hazırda azad edilmiş ərazilərdə aparılan yenidənqurma işlərinə də bu qardaş ölkələlər öz yardımlarını əsirgəmirlər.

Bu yaxınlarda Pakistan və Hindistan arasında yaşanan gərginlik zamanı həm Azərbaycan, həm də Türkiyə qardaş ölkəni dəstəkləyib. Bu məqamda Laçında keçirilən Zirvə görüşündə Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifinin bu sözlərini xatırlatmaq yerinə düşər: ”Bugünkü təlatümlü dünyada siyasi və təhlükəsizlik arxitekturaları, bağlantı layihələri və aparıcı texnologiyalar yeni reallığı şərtləndirir. Belə bir şəraitdə Pakistanın bəxti gətirib ki, Türkiyə və Azərbaycan kimi səmimi qardaşları var”.

Bu isə o deməkdir ki, artıq bu üç qardaş ölkə vahid ailə olaraq bir araya gəliblər. Hətta artıq dünya Azərbaycan, Türkiyə və Pakistanın bu ailəsinə heyranlığını belə gizlətmir. Bu aspektdən çıxış etsək əminliklə deyə bilərik ki, Azər­baycan–Türkiyə–Pakistan münasibətləri, dostluğumuz və qardaşlığımız bundan sonra da yalnız yüksələn xətt üzrə inkişaf edəcək. Şübhəsiz, zamanın sınağından keçmiş bu münasibətlər həm də regionda və daha geniş coğrafiyada sülhə, firavanlığa töhfə verəcək. Prezident İlham Əliyev əbəs yerə demədi ki, bu gün bizim üçtərəfli əməkdaşlığımızın yeni səhifəsi açılır.

Qvami Məhəbbətoğlu, “İki sahil”