26 noyabr 2024 23:56
83

Livanda atəşkəsin təmin edilməsi ilə bağlı sazişin DETALLARI

Bu gün İsrailin baş maziri Benyamin Netanyahu Livanda atəşkəsin təmin olunması ilə bağlı sazişi hökumətin müzakirəsinə təqdim edəcəyini açıqlayıb.

“İki sahil” xəbər verir ki,  Netanyahunun təqdim etdiyi saziş İsrail qoşunlarının Livandan çıxarılmasını nəzərdə tutur.

Sazişə görə “Hizbullah” silahlıları İsrailin Livanla sərhədindən təxminən 30 km məsafədə yerləşən ərazidən çıxmalı və Litani çayının qarşı tərəfinə qədər olan əraziləri tamamilə boşaltmalıdır.

Sazişin ikici əsas bəndlərindən biri isə odur ki, iki ölkə arasındakı sərhəd və sözügedən ərazilər Livan ordusunun nəzarəti altında olmalıdır.

Qeyd edək ki, yeni saziş geniş mənada BMT Təhlükəsizlik Şurasının 2006-cı ildə qəbul edilmiş və İsrailin “Hizbullah”la müharibəsinə son qoyan 1701 saylı qətnaməsinə bənzəsə də daha çox beynəlxalq dəstəyə malikdir.

Belə ki, ABŞ atəşkəs rejiminə əməl olunmasına nəzarət edəcək beş dövlətdən ibarət komitəyə rəhbərlik edəcək. Bu qurum “Hizbullah”ın sazişi pozduğunu hesab edərsə, İsrailin Livana zərbə endirmək hüququnu tanıyan sənəd dərc edəcək.

Ehtimallara görə, saziş İranın dəstəklədiyi qruplaşmanı İsraillə sərhəddən uzaqlaşdıracaq və İsrail qoşunlarının çıxarılmasından sonra sərhəddə yerləşdiriləcək Livan ordusunun nizami qoşunların güclənməsini təmin edəcək.

İsrailin “Kanal 12” kanalının məlumatına görə, razılaşma 60 günlük atəşkəs və İsrailin Livanın cənubunda yaratdığı bufer zonanın ləğvini ehtiva edir.

Kanalın məlumatına görə bu müddət ərzində İsrail ordusu Livanda mövcudluğunu qoruyacaq. Livan hökuməti ölkədə silahların alınması və istehsalına nəzarət edəcək və Livan ordusu bölgədə tədricən İsrail əsgərlərini əvəz edəcək.

Saziş həmçinin 10 min Livan əsgərinin İsrailin Livanla sərhədində yerləşdirilməsinə, ABŞ və digər ölkələrin Livan ordusunun döyüş qabiliyyətini gücləndirməsinə, eyni zamanda “Hizbullah”ın hücumları nəticəsində didərgin düşmüş 60 min insanın İsrailin şimalına qayıtmasına imkan verəcək. (APA)