25 oktyabr 2024 16:29
87

Martinik nümayəndəsi: Fransa öz konstitusiyasına zidd olaraq hüquqları pozur

Fransa insan hüquqları ilə bağlı qoşulduğu konvensiyaların "məcburi" xarakterini qəbul etməyi öhdəlik götürüb. Konstitusiya isə Fransada ən üstün hüquqi "normadır". Lakin bu dövlət Martinikdə konvensiyalara, öz konstitusiyasına zidd olaraq hüquqları pozur.

“İki sahil” xəbər verir ki, bu fikirləri Bakı Təşəbbüs Qrupu (BTQ) tərəfindən hazırlanmış "Fransanın Dənizaşırı Ərazilərində İnsan Hüquqlarının Pozulması Haqqında Hesabat"ın təqdimatına həsr edilən mətbuat konfransında Martinik Ədalət Kollektivinin idarə heyətinin üzvü Arno İnqarjiola deyib.

O qeyd edib ki, fransız icra hakimiyyəti, inzibati orqanlar və məhkəmə hakimiyyəti Martinikdə insan hüquqlarına hörmətdən imtina edir:

"Martinikdə Fransa hökmranlığı özünü daha ağır büruzə verir. Fransa burada Avropa İnsan Hüquqları Konvensiyasının 1-ci maddəsini kobud şəkildə pozur. Hökumət, inzibati və məhkəmə orqanları qanunun aliliyini pozur və insan hüquqlarını tapdalayır, xalqın haqlı etirazlarına məhəl qoymur. Rəsmi Parisin ratifikasiya etdiyi insan hüquqları haqqında konvensiyalara əməl edilmir. Martinikdə fiziki şəxslər, eləcə də hüquqi şəxslər təqib edilir, saxta prosedurların qurbanına çevrilir, hüquqi dövlətin və insan hüquqlarının qorunmasını tələb etdikdə həbs edilir və cəzalandırılırlar".