20 iyul 2023 18:13
416

Zakir Həsənov Azərbaycan Ordusunun Xəzər dənizindəki təlimlərini yüksək qiymətləndirib

Xəzər dənizinin Azərbaycan Respublikasına məxsus ərazi sektorunda təlimin gedişatını izləyən Müdafiə naziri, general-polkovnik Zakir Həsənov hərbi qulluqçuların peşəkarlığını yüksək qiymətləndirib.

“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumatda deyilir.

Qeyd edək ki, Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2023-cü tədris ilinin hazırlıq planına əsasən, Hərbi Dəniz Qüvvələri (HDQ), Quru Qoşunları (QQ), Hərbi Hava Qüvvələri (HHQ) və Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsi ilə qarşılıqlı əlaqədə ”Xəzri dalğası” taktiki təlimi keçirilir.

İyulun 20-də Müdafiə Nazirliyinin rəhbər heyəti Xəzər dənizinin Azərbaycan Respublikasına məxsus sektorunda enerji infrastrukturlarının mühafizəsi və müdafiəsi zamanı döyüş əməliyyatlarının aparılması üzrə keçirilən təlimi izləmək üçün hərbi-dəniz bazasına gəlib.

Təlimə 1500 nəfər şəxsi heyət, HDQ-nin döyüş, təminat, DSX Sahil Mühafizəsinin gözətçi gəmiləri, HHQ-nin helikopterləri, pilotsuz uçuş aparatları və QQ-nin zirehli döyüş maşınları cəlb olunub.