27 oktyabr 2026 10:15
136

Azərbaycanın üzləşdiyi ciddi humanitar problem - Mina terroru

Ermənistanın Azərbaycan ərazilərini təxminən 30 il işğal altında saxlaması ölkəmizə ağır və aradan qaldırılması uzun illər tələb edən miras qoyub. Belə ki, işğal dövründə torpaqlarımızın geniş miqyasda minalanması bu gün Azərbaycanın qarşısında duran ən ciddi problemlərdən biridir. Yeri gəlmişkən, Azərbaycan ərazisinin 13 faizdən çoxu hərbi sursatlarla çirklənib. İlkin qiymətləndirmələrə əsasən, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bir milyondan çox minanın basdırıldığı ehtimal olunur. Hazırda Azərbaycan mina təhlükəsinin aradan qaldırılması istiqamətində genişmiqyaslı tədbirləri davam etdirir. Böyük maliyyə və texniki resursların səfərbər edilməsi, müasir minatəmizləmə vasitələrindən istifadə və mütəxəssislərin fədakar fəaliyyəti nəticəsində mühüm nailiyyətlər əldə olunub. Son məlumatlara görə, 300 min hektardan çox ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib. Bu göstərici görülən işlərin miqyasını və Azərbaycanın təhlükəsiz gələcək naminə həyata keçirdiyi ardıcıl siyasəti əks etdirir.

Lakin minalanmış ərazilərin genişliyi, Ermənistan tərəfindən təqdim edilmiş mina xəritələrinin qeyri-dəqiqliyi minatəmizləmə prosesini ləngidir. Mina probleminin ən ağrılı tərəfi insan itkilərinin və ağır xəsarətlərin davam etməsidir. Vətən müharibəsi başa çatandan bu günədək 443 vətəndaşımız mina və digər partlayıcı sursatların qurbanına çevrilib, onlardan 73-ü həyatını itirib. Ermənistanın Azərbaycana qarşı təcavüzü başladığı vaxtdan bəri isə minalar 3 min 500-dən çox vətəndaşımıza zərər vurub.

Azərbaycan mina təhlükəsinin beynəlxalq miqyasda tanıdılması, dünya ictimaiyyətinin diqqətinin bu humanitar problemə yönəldilməsi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində ardıcıl fəaliyyət göstərir. Ölkəmiz müxtəlif beynəlxalq platformalarda mina problemini gündəmə gətirərək onun yalnız Azərbaycanın deyil, bütövlükdə beynəlxalq humanitar təhlükəsizliyin məsələsi olduğunu diqqətə çatdırır. Bir neçə gün əvvəl Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin birinci katibi Məqsəd Hüseynov BMT Baş Assambleyasının 81-ci sessiyasının Birinci Komitəsində adi silahlarla bağlı tematik müzakirələr zamanı bu məsələyə bir daha toxunub. Diplomat bildirib ki, mina təhlükəsi insan həyatı üçün birbaşa risk yaratmaqla yanaşı, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yenidənqurma və bərpa işlərini ləngidir, kənd təsərrüfatı torpaqlarından istifadəyə mane olur və keçmiş məcburi köçkünlərin doğma yurdlarına təhlükəsiz və ləyaqətli qayıdışını çətinləşdirir. O, mina təhlükəsinin aradan qaldırılmasının davamlı beynəlxalq həmrəylik və əməkdaşlıq tələb etdiyini də vurğulayıb.

Oktyabrın 23-də BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Dmitro Şlapaçenko Xankəndidə keçirilən “Qarabağda Dayanıqlı İnkişaf Məqsədləri anı: Gələcək üçün Azərbaycan–BMT tərəfdaşlığı” mövzusunda yüksəksəviyyəli strateji dialoqun açılışında çıxışı zamanı bildirib ki, əməkdaşlığımız zərər çəkmiş icmaların daha geniş ehtiyacları ilə yanaşı, minatəmizləmə sahəsində də davam etməlidir. Oktyabrın 26-da isə Niderlandın xarici işlər naziri Tom Berendsen Bakıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında vurğulayıb ki, Niderland dünyanın müxtəlif regionlarında minatəmizləmə işlərinə dəstək göstərir: “Əminəm ki, bizim komandalarımız da Azərbaycana yardım göstərmək imkanlarını araşdıracaqlar". Bununla da o, Niderlandın Azərbaycana minatəmizləmə işlərində yardım göstərə biləcəyini bildirib.

Azərbaycanın beynəlxalq təşkilatların triunalarından səsləndirdiyi mövqe mina probleminin yalnız milli səviyyədə həllinin mümkün olmadığını göstərir. Bu təhlükənin aradan qaldırılması üçün beynəlxalq ictimaiyyətin diqqətinin artırılması, donorların və müvafiq təşkilatların dəstəyinin genişləndirilməsi, minatəmizləmə sahəsində təcrübə və texnologiyaların paylaşılması mühüm əhəmiyyət daşıyır.

Azərbaycanın üzləşdiyi mina təhlükəsinin dünya ictimaiyyətinə çatdırılmasında ictimai təşkilatların və vətəndaş cəmiyyəti institutlarının da mühüm rolu vardır. Bu istiqamətdə həyata keçirilən təşəbbüslər problemin humanitar mahiyyətinin daha geniş auditoriyaya çatdırılmasına xidmət edir. Belə ki, oktyabrın 22-də Azərbaycanın “Gilavar Foto Klubu” İctimai Birliyi tərəfindən Avropada həyata keçirilən “Minasız dünya” beynəlxalq kampaniyası çərçivəsində İtaliyanın Milan şəhərində növbəti foto-sərgi təşkil olunub. Sərginin əsas məqsədi Azərbaycanın üzləşdiyi mina problemini beynəlxalq ictimaiyyətə çatdırmaq, mina qurbanlarının yaşadığı faciələri nümayiş etdirmək və bu təhlükənin aradan qaldırılması üçün dünya ölkələrini həmrəyliyə çağırmaqdır. Yeri gəlmişkən, kampaniya çərçivəsində oktyabrın 5-də İsveçrənin Cenevrə, oktyabrın 7-də Çexiyanın Brno, oktyabrın 9-da Sloveniyanın Lyublyana, oktyabrın 11-də Bosniya və Herseqovinanın Sarayevo, oktyabrın 13-də Xorvatiyanın Zaqreb, oktyabrın 15-də Avstriyanın Salzburq, oktyabrın 17-də isə İtaliyanın Roma şəhərlərində də foto-sərgilər təşkil olunub.

Şübhəsiz, bu tədbirlər Azərbaycanın mina probleminin beynəlxalq səviyyədə tanıdılması, mina qurbanlarının taleyinə diqqətin artırılması və humanitar əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Fotoşəkillər vasitəsilə mina təhlükəsinin yaratdığı fəsadların nümayiş etdirilməsi xüsusi təsir gücünə malikdir. Çünki bəzən statistik rəqəmlər insanların yaşadığı faciənin miqyasını tam ifadə edə bilmir. Fotoqrafiya isə mina partlayışları nəticəsində həyatları dəyişən insanların talelərini, ailələrin üzləşdiyi çətinlikləri və təhlükənin yaratdığı mənəvi ağrıları daha aydın şəkildə göstərir.

 Göründüyü kimi, Azərbaycanın üzləş­diyi mina təhlükəsi artıq beynəlxalq alə­min də diqqət mərkəzindədir. Ümid edirik ki, bu cür təşəbbüslər ərazilərimizin mina­lardan təmizlənməsi prosesinə əlavə im­puls verəcək. Bu mübarizədə əsas məqsəd yalnız torpaqları minalardan təmizləmək deyil, həm də insan həyatını qorumaq, doğma yurda qayıdışı təhlükəsiz etmək və gələcək nəsillərə minasız Azərbaycan miras qoymaqdır.

Qvami Məhəbbətoğlu, “İki sahil”