Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2023-cü tədris ilinin hazırlıq planına əsasən Hərbi Dəniz Qüvvələri (HDQ), Quru Qoşunları (QQ), Hərbi Hava Qüvvələri (HHQ) və Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsi ilə qarşılıqlı əlaqədə ”Xəzri dalğası” taktiki təlimi keçirilir.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
İyulun 20-də Müdafiə Nazirliyinin rəhbər heyəti Xəzər dənizinin Azərbaycan Respublikasına məxsus sektorunda enerji infrastrukturlarının mühafizəsi və müdafiəsi zamanı döyüş əməliyyatlarının aparılması üzrə keçirilən təlimi izləmək üçün hərbi-dəniz bazasına gəlib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin HDQ qərargahının ərazisində ucaldılan abidəsi önünə gül dəstələri düzülüb, xatirəsi ehtiramla yad edilib.
Sonra HDQ komandanı vitse-admiral Sübhan Bəkirov təlimin gedişi və icra olunacaq tapşırıqar barədə müdafiə nazirinə məruzə edib.
Bildirilib ki, Xəzər dənizinin Azərbaycan Respublikasına məxsus ərazi sektorunun mühafizə və müdafiəsi HDQ-nin qüvvə və vasitələri ilə yüksək səviyyədə təşkil olunub. Dəniz sularımız pilotsuz uçuş aparatları və digər texniki vasitələrlə fasiləsiz müşahidə edilir.
Qeyd olunub ki, təlimin məqsədi ərazi sularımızda yarana biləcək təhdid zamanı komandirlərin və qərargah zabitlərinin birgə fəaliyyətlərin işlənməsi, eləcə də bölmələrin döyüşdə idarə olunması üzrə bilik və bacarıqlarının təkmilləşdirilməsidir.
Üç mərhələdə keçirilən təlimdə müxtəlif tapşırıqlar üzrə fəaliyyətlər icra edilir.
Xəzər dənizinin Azərbaycan Respublikasına məxsus ərazi sektorunda təlimin gedişatını izləyən müdafiə naziri hərbi qulluqçuların peşəkarlığını yüksək qiymətləndirib.
Qeyd edək ki, təlimə 1500 nəfər şəxsi heyət, HDQ-nin döyüş, təminat, DSX Sahil Mühafizəsinin gözətçi gəmiləri, HHQ-nin helikopterləri, pilotsuz uçuş aparatları və QQ-nin zirehli döyüş maşınları cəlb olunub.