05 iyun 2022 07:58
668

Bu gün 17 minə yaxın abituriyent qəbul imtahanı verəcək

5 iyun 2022-ci il tarixində Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən I və IV ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçiriləcək. İmtahanlarda ümumilikdə 16786 abituriyentin iştirakı nəzərdə tutulur.

“İki sahil” xəbər verir ki,  imtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Sumqayıt, Şəki, Bərdə, Göyçay, Şirvan, Salyan, Lənkəran və Xaçmazda azda təşkil olunur.

İmtahan saat 11:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.

Kütləviliyin qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- İmtahana buraxılış vərəqəsi;

- Şəxsiyyəti təsdiq edən sənədin əsli:

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

İmtahan keçirilən şəhər və rayonlarda 70 imtahan binası, 1262 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 70 ümumi imtahan rəhbəri, 211 imtahan rəhbəri, 1557 nəzarətçi–müəllim, 188 buraxılış rejimi əməkdaşı, 70 bina nümayəndəsi ayrılıb.

Bugünkü imtahanlarda ümumilikdə 16786 abituriyentin iştirakı nəzərdə tutulur. Onlardan 11466 nəfər I ixtisas qrupu, 5320 nəfər isə IV ixtisas qrupu üzrə sənəd verənlərdir. Abituriyentlərdən 15535 (I qrup - 10960, IV qrup - 4575) nəfər Azərbaycan, 1251 (I qrup - 506 IV qrup - 745) nəfər isə rus bölməsinin məzunudur. İmtahan verənlərin 8655 (I qrup - 7346, IV qrup - 1309) nəfəri oğlan, 8131 (I qrup - 4120 IV qrup - 4011) nəfəri isə qızdır.

14393 nəfər cari ilin orta ümumtəhsil məktəblərinin, 2167 nəfər əvvəlki illərin məzunudur. 45 nəfər ali təhsil müəssisələrinin, 181 nəfər isə orta ixtisas təhsili müəssisələrinin məzunudur. 47 abituriyent xarici ölkələrin vətəndaşıdır. İmtahanda 5 nəfər fiziki məhdudiyyətli (I qrup gözdən əlil, eşitmə əngəlli və digər) abituriyent də iştirak edir. Bu abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında ayrıca zallar ayrılıb, gözdən əlillər üçün tapşırıqların oxunması, cavab vərəqinin doldurulması və s. işlər üçün fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli abituriyentlərin bina və zala daxil olması və rahat şəkildə hərəkəti üçün də xüsusi şərait yaradılıb.

İmtahanın gedişini işıqlandırmaq üçün regionlar da daxil 23 KİV nümayəndəsi DİM-də akkreditasiyadan keçib.