03 may 2025 20:58
160

Azərbaycan ilə Özbəkistan arasında kardiologiya sahəsində əməkdaşlıqla bağlı memorandum imzalanıb

Mayın 2-3-də Özbəkistanın Daşkənd şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının II Tibb Konqresi və Özbəkistan Kardioloqlarının Respublika Konfransı keçirilib. Konqresdə ölkəmizi Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat İnstitutunun direktoru, professor Gülnaz Dadaşova və institutun elmi işçisi, tibb üzrə fəlsəfə doktoru Vüsal Hacıyev təmsil ediblər.

“İki sahil” xəbər verir ki, tədbirdə alimlərimiz çıxış edib, Azərbaycan və Özbəkistan arasında kardiologiya sahəsində əməkdaşlıqla bağlı memorandum imzalanıb.

Alimlərimiz çıxışlarında Azərbaycanda səhiyyə sistemində aparılan islahatlardan, tibbi təhsildən və kardiologiya üzrə elmi-tədqiqat mərkəzinin fəaliyyətinin vacibliyindən danışıb, müasir tibbi müalicələrinin araşdırılması və ölkədə kardiologiya sahəsinin inkişafı mövzusuna toxunublar. Həmçinin respublikamızda tətbiq olunan icbari tibbi sığortanın tibbi-sosial həyata təsiri haqqında məlumat veriblər.

Vurğulanıb ki, Şanxay Əməkdaşlıq Təşkilatının ölkələri arasında tibbi sahədə inkişaf və əməkdaşlıq səhiyyə sahəsinin inkişafına böyük töhfə verəcək.

Qeyd olunub ki, Azərbaycanda TAVİ kimi əməliyyatların icrası uğurla həyata keçirilir və bu istiqamətdə aparıcı mütəxəssislər tərəfindən çoxsaylı təlim və kurslar təşkil edilir.