03 may 2025 19:42
152

Bakı metrosunda enerjinin verilməsində məhdudiyyətlər tam aradan qaldırılıb

Bakı metropoliteninin "Həzi Aslanov" və "Xalqlar dostluğu" stansiyalarına şəhər şəbəkəsindən gələn yüksək gərginlikli xətlərdə elektrik enerjisinin verilməsində məhdudiyyətlər tam aradan qaldırılıb.

“İki sahil” xəbər verir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.

Bildirilib ki, bu səbəbdən həmin istiqamətdə metropolitenin dizel-generatorları yenidən ehtiyat rejimə keçirilib.

Məlumata görə, qatarlar arasında interval hərəkət qrafikinə uyğun təmin edilməklə gecikmələr aradan qaldırılıb: “Bakı metropoliteninin stansiyaları normal iş rejimi şəraitində fəaliyyətini davam etdirir”.

Xatırladaq ki, Bakı metrosunun "Həzi Aslanov" və "Xalqlar dostluğu" stansiyaları istiqamətindəki şəhər şəbəkəsindən Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) tərkibində fəaliyyət göstərən "Bakı Metropoliteni" QSC-yə gələn yüksək gərginlikli elektrik xətləri ilə enerjinin verilişində məhdudiyyətlər yaranmışdı.