KÖŞƏ

Sevinc Azadi

Ənənəvi erməni kartı yenidən işə düşür

17 may 2022 02:36
3815

Müxalifət Paşinyanı güllələməklə hədələyir

Ermənistanda Nikol Paşinyan hökumətinə qarşı etirazlar davam etməkdədir. Ermənistan müxalifəti mayın 16-sı səhər saatlarından başlayaraq yenidən etiraz yürüşünə başlayıb. Polis Aştarak yolundan avtomobillərlə başlayan yürüşün İrəvana keçməsinə imkan verməyib. Mitinq iştirakçıları buna etiraz əlaməti olaraq avtomobilləri saxlayaraq Şiraz küçəsində hərəkəti iflic etmək qərarına gəliblər. Yerli media yazır ki, danışıqlardan sonra avtoyürüş davam edib. Hazırda avtomobillər dörd istiqamətdən İrəvana doğru hərəkət edir.

Bu arada Paşinyan hökumətinin ölkədə vəziyyəti qarışdırmaq istəyən müxalifətə qarşı daha sərt davranması gözlənilir. Ermənistanın “Qraparak” nəşri bu xüsusda yazır ki, müxalifət dalğasının cüzi də olsa zəifləməsi halında hakimiyyət tez bir zamanda əks tədbirlərə başlayacaq. Məsələn, hərəkatın liderlərini toxunulmazlıqdan məhrum edib həbs edəcək. Məlumdur ki, Koçaryan və həmkarları uduzduqlarını artıq başa düşüblər. Onlar heç vaxt nəinki bütün erməni xalqını, heç olmasa onların yarısını səfərbər edə bilməyiblər. Bu aksiyalara, mitinqlərə və avtomobil yürüşlərinə baxanda məlum olur ki, müxalifət praktiki olaraq bütün resurslarını tükəndirib və yaxın gələcəkdə etiraz hərəkatı səngiyəcək. Düzdür, Koçaryan, Sarkisyan, Vanetsyan və daşnakların əhatəsində olan digərləri hələ də itaətsizlik aksiyalarının nəticəsi ilə bağlı bəzi illüziyalara malikdirlər. Lakin hərəkatın tükənməyə başladığını başa düşmək üçün politoloq və ya analitik olmağa ehtiyac yoxdur. Onların məğlubiyyətində əsas məqam Paşinyanın kütləvi xalq dəstəyi deyil - bu gün yalnız tənbəllər indiki hökuməti danlamır. Xalq sadəcə olaraq keçmişə və ya qeyri-müəyyən gələcəyə qayıtmaq istəmir. Xalq yeni qanlı müharibə istəmir, sadəcə olaraq normal yaşayıb inkişaf etmək istəyir. Ən azından buna indiki iqtidar zəmanət verir, müxalifət yox. Buna görə də müxalifətin sıralarında ümidsizlik və qıcıqlanma çox güclü şəkildə nəzərə çarpır.

Erməni politoloq Styopa Safaryan meydana yetərli sayda etirazçı çıxara bilməyən müxaliflərin aqressivləşdiyini, dinc insanları hədəf aldıqlarını bildirib. Safaryan mayın 1-dəki mitinqlərə 12 min, mayın 9-dakı aksiyalara isə cəmi 7 min nəfərin qatıldığını vurğulayıb: “Təşkilatçılar üçün anlamaq çətindir, çünki Tavuş, Vayots Dzor və digər yerlərdə keçirilən yürüşlər, qalmaqallı regional turlar heç nəyi dəyişmədi, üstəlik, sayı azaltdı. Elə ilk mərhələdə toqquşmaları hədəfləyən müxalif hərəkat artıq öz sıralarını genişləndirmək üçün başqa yollara əl atıb. Onlar insanları pulla cəlb etməyə çalışırlar”.

Safaryan müxaliflərin Gümrüdə keçirilən aksiyada yaşlı bir kişini döydüklərinə də diqqət çəkib. İşxan Saqtelyan və digərləri əldə olunan nəticələri dərk edərək hərəkatın ikinci mərhələsini elan ediblər: "Blokada, həyatı iflic etmək, dövlət qurumlarının ələ keçirilməsi və müvəqqəti hökumətin yaradılması. Onlar bununla növbəti mərhələyə daxil olmaq illüziyası yaradırlar. Baş verənlərin dinamikası isə bunun tam əksini sübut edir”.

Safaryan müxalifətin müvəqqəti hökumət qurmaq və ya prosesi bu qədər irəli aparmaq üçün yetərli gücünün olmadığını da vurğulayıb. Politoloq müxalifətin Türkiyə və Azərbaycana qarşı ritorikasının Ermənistan üçün ciddi problem yarada biləcəyini deyib: “Mitinqlərdə narahatlıq yaradın bir məqam da var: hərəkatın gündəmini türk etnosuna qarşı yönəlmiş nifrət nitqi təşkil edir. Başqa sözlə, Ermənistanın antitürklükdən qidalandığı, Ermənistanda dinc birgəyaşayış ideyasına müqavimətin olduğu həm daxili, həm də xarici auditoriyaya çatdırılır. Bu isə Ermənistanı müharibə tərəfdarı kimi göstərmək üçün fürsət yaradır. Onlar bunu ya şüurulu, ya da şüursuz şəkildə edirlər”.

Safaryan 7 min nəfərlə Ermənistanda hakimiyyət çevrilişinin baş verəcəyinə inanmadığını söyləyib. Onun sözlərinə görə, yeddi min nəfərlə inqilab heç bir ölkədə olmayıb və olmayacaq. Politoloq onu da xüsusi vurğulayıb ki, məqsədlərinə çata bilməyən müxalifət baş nazir Nikol Paşinyanı güllələməklə hədələdiyib.