KÖŞƏ

Sevinc Azadi

Erməni müxalifətindən yeni çağırış: İtaətsizlik və radikallıq

11 may 2022 00:48
3823

Bu gün regionda gedən yeni proseslər fonunda Ermənistanda baş verənlər, xüsusilə müxalifət sayılan qüvvələrin fəaliyyət və tələbləri çox gülünc görünür. Bu ölkənin havadarları və müxalifəti saxta vətənpərvərlik şüarları ilə itaətsizlik aksiyalarını davam etdirirlər. Onlar Azərbaycanın və Türkiyənin əleyhinə mənasız çıxışlar etməklə mövcud vəziyyəti dəyişmək kimi gerçəkləşməsi mümkün olmayacaq iddialar irəli sürməklə Ermənistan cəmiyyətini aldadır, sakinlərə yalan danışırlar. Həmçinin müxalifət sayılan bu qüvvələr normallaşma proseslərinə mane olmağa səy göstərirlər.

Ermənistandakı müxalifət kimlərdən ibarətdir? 1998-ci ildə Azərbaycan torpaqlarının dinc yolla, mərhələli şəkildə geri qaytarılmasını istəməyənlər, 1999-cu ilin oktyabrında parlamentin binasında dövlət terrorunu təşkil edənlər, 2008-ci il martın 1-də prezident seçkisinin nəticələrinin saxtalaşdırılmasına etiraz edən 8 dinc nümayişçinin qətli, 130-dan çox aksiya iştirakçısının yaralanmasına bais olan Robert Koçaryan və onun başçılıq etdiyi “Ermənistan” bloku, Serjik Sarkisyan və rəhbərlik etdiyi Respublikaçılar Partiyası, bir də xarici dövlətlə əlaqədər olmaqda şübhəli bilinən, 2002-ci ildə Rusiya Federal Təhlükəsizlik Xidmətinin Akademiyasında hazırlıq keçmiş Artur Vanesyan və yedəkdə olan “Daşnaksütyun” partiyası. Xarakter və siyasi-ideoloji baxımdan çoxdan ifşa olunmuş bu siyasətçilər və onların başçıları yeni fikir və ideya irəli sürmək potensialına malik deyillər. Onlar Ermənistanda tutuquşuluq siyasətini davam etdirirlər. Maraqlısı odur ki, bu qüvvələr hələ də Ermənistanda elita sayılır. Halbuki bu dövlətin bəlalarının başlıca günahkarı həmin “elitadır”. Onlar mürtəce düşüncələri, geri qalmış siyasi təfəkkürlə Ermənistanı uçuruma aparırlar. Onlar dünyada və regionda baş verənlərdən hələ də dərs almayıblar.

Ermənistan KİV-lərinin yaydığı xəbərə görə, hazırda müxalifət liderləri Paşinyana qarşı birləşib daha radikal addımlar atmağı müzakirə edirlər. Müxalifət liderləri əmindirlər ki, küçələrdə kritik kütlə olduğu halda, hakimiyyət dəyişikliyi bir-iki günün işidir. “Müqavimət hərəkatı”nın liderlərindən olan Milli Təhlükəsizlik Xidmətinin sabiq rəisi, parlamentdəki “Mənim şərəfim var” fraksiyasının rəhbəri Artur Vanetsyan deyib ki, Ermənistan hakimiyyəti ilə heç bir danışıqlar aparılmır, müxalifət mübarizəni davam etdirir.

"Biz xalqla küçədə qalmağa davam edirik, hakimiyyətlə heç bir danışıq aparmırıq, heç bir razılaşmamız yoxdur. Tələblərimizdə israrlı olmaqda davam edirik", - siyasətçi bildirib. Liderlər deyirlər ki, indi müxalifətin əsas vəzifəsi maksimum sayda insanı küçələrə çıxarmaqdır. Müxalifət iddia edir ki, guya 1 may mitinqində 30 mindən çox adam iştirak edib. Qeyd olunur ki, dövlət idarələrində xeyli sayda orta rütbəli işçilər var ki, məlum səbəblərdən aksiyalarda iştirakını ictimailəşdirmək istəmirlər. Parlamentin vitse-spikeri, “Daşnaksütyun” partiyasının sədr müavini İşxan Saqatelyan hakim “Vətəndaş müqaviləsi” partiyasının üzvlərini də etiraz hərəkatına qoşulmağa çağıraraq, onların baş nazir Nikol Paşinyanın əlində girov olduğunu qeyd edib. O, bəyan edib ki, müxalifət Nikol Paşinyanın iştirakı ilə yeni növbədənkənar seçkiləri istisna edir.

Artur Vanesyan qeyd edib ki, müxalifət tərəfdarlarının sayı sürətlə artır. Müxalifətçi onu da qeyd edib ki, onların dəqiq planı var, baxmayaraq ki, bəzən vəziyyət kortəbii şəkildə inkişaf edir və bu, fəaliyyət taktikasını diktə edir: "Hər şey vətəndaşlardan asılıdır: daha çox insan küçələrə çıxsa, o zaman hakimiyyət dəyişikliyi bir-iki günün işidir. Əgər uğursuzluğa düçar olsaq, Ermənistanı itirəcəyik, Qarabağı itirəcəyik, kimliyimizi itirəcəyik”.

Bütün bunların fonunda siyasi ekspertlər hesab edirlər ki, müxalifətlə hakimiyyət arasında hansısa dialoq əsla baş tutan deyil. Erməni politoloq Vazgen Xaçaturyanın sözlərinə görə, hakimiyyətin vəzifəsi təkcə polisə və qoşunlara əmr verməkdən ibarət deyil: "Yəni ölkədə hakimiyyət olması, əmrlərin yerinə yetirilməsi üçün cəmiyyət iqtidara inanmalıdır. İndi bu inam yoxdur. Ermənistan baş naziri legitimliyini itirməyə doğru gedir. Onsuz da onun legitimliyi yox idi. İndi o nə xarici siyasəti, nə də daxili siyasəti müəyyənləşdirə bilir". Politoloqun fikrincə, siyasi partiyalar vəziyyətdən sui-istifadə etməyə can atmaq əvəzinə böhrandan çıxış yolunu aramalıdır: "Problemin həlli N.Paşinyanın mövqeyində yox, cəmiyyətin konkret qərarlar qəbul etməsindədir. Cəmiyyət isə indiki hakimiyyətin iqtidardan getməsini tələb edir və bu hal Paşinyan komandasının durumunu daha da ağırlaşdırır".

Qeyd edək ki, Ermənistanın müxalifət qüvvələri Qarabağla bağlı siyasətə görə hakimiyyətin istefasını tələb edirlər. Etirazçılar vaxtaşırı İrəvanın müxtəlif yerlərində küçələri bağlayırlar. Etiraz fəallığının artmasına Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağ üzrə danışıqlar prosesi ilə bağlı bir neçə səs-küylü bəyanatı səbəb olub.