KÖŞƏ

Sevinc Azadi

Müasir logistika-nəqliyyat mərkəzinin yeni ünvanı - Zəngilan

06 may 2022 00:34
2242

Azərbaycanın cənub-qərb bölgəsində yerləşən Zəngilan rayonunun özünəməxsus təbiəti, coğrafiyası, həm də maddi-mədəni özəlliyi ilə seçilən iç dünyası var. Yəni, bu rayon həm Qərbi Azərbaycan torpaqları, həm də Qubadlı və Cəbrayılla həmsərhəd olduğundan Zəngilanda həyat səviyyəsinin inkişaf tempi, eləcə də iqtisadi resursları həmişə diqqəti çəkib. Zəngilan rayonu bir ərazi vahidi kimi sovet dönəmində, yəni 1930-cu ildə təşkil edilib. Və bu rayon yaradılarkən, hətta Qubadlı və onun 18 kəndi də eyni ərazi vahidində birləşdirilmişdi. Lakin 1933-cü ildə Qubadlı və onun 18 kəndi Zəngilan rayonundan ayrıldı və həmin vaxtdan etibarən Zəngilan Azərbaycanın cənub-qərbindəki ən böyük rayonlarımızdan biri kimi formalaşmağa başladı.

Tarixə baş vuranda həm Zəngilan ərazisinin, həm də bütövlükdə Azərbaycan coğrafiyasının zənginliyi insana qürur hissi bəxş edir. Çox təəssüf ki, 1993-cü ilin oktyabr ayının 29-da Ermənistan silahlı qüvvələri Azərbaycanın bu rayonunu da işğal edərək buradakı tarixi abidələrimizə, maddi-mənəvi sərvətimiz olan ziyarətgahlara, arxitektura nümunələrinə, hətta bu ərazidəki həyat əlaməti olan hər şeyə faşist təfəkkürü ilə yanaşaraq məhv etmişlər. Düşmənin yerlə yeksan etdiyi Zəngilan böyük qələbəmizin hesabına işğaldan azad edildikdən sonra bu rayonun bərpası, yenidən qurulması üçün Azərbaycan Prezidentinin verdiyi tapşırıq və sərəncamlar tam sürətlə, yüksək keyfiyyətlə yerinə yetirilməkdədir. Böyük Qayıdışın tərkib hissəsi olan Zəngilanda əvvəlkindən də yüksək səviyyədə quruculuq işlərinin gerçəkləşdirilməsi qarşıda duran ən böyük vəzifələrdən biridir. Zəngilanın özünün həm təbii, həm də coğrafi imkanları burada müasir şəhər-kənd salma üsullarından istifadəyə geniş meydan açır. Zəngilan iqtisadi rayonunun bir coğrafi ərazi olaraq yeni tarixə qədəm qoyması artıq birmənalıdır. Belə ki, bu rayonun ərazisində artıq "Ağıllı kənd" layihəsinin reallaşmasının yaxın müddətdə şahidinə çevriləcəyik. Yəni, bu ərazidə həmin layihənin gerçəkləşdirilməsi üçün başlamış böyük işlər artıq yekunlaşmaq üzrədir.

“Biz azad edilmiş bütün torpaqları bərpa edəcəyik və Zəngilan rayonu bu sahədə birinci rayondur ki, artıq keçmiş məcburi köçkünlər yaxın gələcəkdə oraya qayıdacaqlar. Bildiyiniz kimi, birinci pilot layihə Zəngilanın Ağalı kəndində həyata keçirilir. Ağalı kəndi faktiki olaraq yenidən qurulur, böyük və rahat kənd olacaq. Ağalı kəndinin timsalında hər bir Azərbaycan vətəndaşı və ümumiyyətlə, hər bir insan bizim planlarımızı görə bilər. Biz azad edilmiş torpaqları necə görmək istəyirik? Biz insanlara, oraya qayıdacaq insanlara hansı şəraiti yaratmaq istəyirik? Hər kəs görəcək ki, işlərimiz planlı və sistemli şəkildə aparılacaq, bütün amillər nəzərə alınacaq – təhlükəsizlik, rahatlıq, rifah, məşğulluq və gələcək inkişaf”.

Bu sözləri Prezident İlham Əliyev mayın 4-də Vahid Hacıyevi Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən deyib. Ölkə başçısı, həmçinin vurğulayıb ki, Zəngilan rayonunda icra edilən böyük layihələrdən biri olan Zəngəzur dəhlizi nəqliyyat infrastrukturunun yenidən qurulmasında müstəsna rol oynayacaq. Həmçinin bu il istismara verilməsi planlaşdırılan və funksionallığı ilə seçilən Zəngilan Beynəlxalq Hava Limanı Zəngilanı gələcəkdə beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevirəcək.

Qeyd edək ki, aparılan tikinti-abadlıq işlərində bu yeni layihənin gerçəkləşdirilməsində bir çox ölkələrin həm təcrübəsindən, həm də onların mütəxəssis gücündən istifadə olunur. Xüsusilə qardaş Türkiyənin burada gördüyü işlər həqiqətən ürəkaçandır. Yeri gəlmişkən onu da xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Prezidenti ilə birlikdə Zəngilanda olması, burada keçirilən görüş, həmçinin Zəngilan Beynəlxalq Hava Limanının bünövrəsinin qoyulması Böyük Qayıdışın əsas parametrlərindəndir. Bütün bunlar göstərir ki, Azərbaycan Prezidentinin regionların inkişafına dair tapşırıq və göstərişləri böyük sürətlə, vətəndaş əzmkarlığı ilə həyata keçirilir.

Doğrudur, sovet dönəmində rayon ərazisindən keçən dəmiryolu xətti həm sakinlərə iş yeri, həm də dəmir yolunun imkanlarından istifadə etmək baxımından çox sərfəli idi. Həmin dövrün faktlarına üz tutanda məlum olur ki, rayon ərazisində 21 dəmir yolu müəssisəsi və 6 dəmir yolu vağzalı fəaliyyət göstərib. Bu gün həmin dəmir yolunun bərpası təbii ki, daha böyük imkanların yaradılmasına səbəb olacaq. Eləcə də Zəngilandan Naxçıvana quru sərhədinin açılması da gələcəkdə bu rayonun inkişaf perspektivini daha da artıracaq. Prezident İlham Əliyev: “Dəmir yoluna gəldikdə, hazırda bizim sonuncu dəmir yolu infrastrukturu olan bu istiqamətdə stansiyamız Horadizdir. Horadizdən Ağbəndə gedən dəmir yolunun inşası artıq sürətlə aparılır və əminəm ki, gələn il tam istismara veriləcəkdir. Bu da həm vətəndaşlar üçün, həm də beynəlxalq yükgöndərənlər üçün çox əlverişli bir infrastruktur olacaqdır. Biz həm Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə Zəngəzur dəhlizi vasitəsilə birləşdirəcəyik, tam yeni nəqliyyat dəhlizi açılacaq”.

Bir sözlə, Zəngilan tezliklə Azərbaycanın ən müasir və böyük əhəmiyyətə malik olan bölgəsinə çevriləcək.