KÖŞƏ

Sevinc Azadi

Paşinyan yenidən revanşistlərin hədəfində

27 aprel 2022 00:57
2201

Daha çox hərbi canilərin toplaşdığı bu qüvvələr baş nazirə qarşı mümkün təzyiq vasitələrindən maksimum yararlanmağa çalışırlar

Hazırda Ermənistan siyasətində bölgədə yaranan yeni hərbi-siyasi vəziyyətin şərtlərini yaxşı qavrayan, Azərbaycan və Türkiyə ilə normallaşmanı təmin etmənin erməni milli maraqları baxımından qaçılmaz zərurətə çevrildiyini görən yeganə insan baş nazir Nikol Paşinyandır. O, 44 günlük müharibə dövründə Azərbaycan Ordusunun gücü və döyüş qabiliyyəti ilə yanaşı, rəsmi Bakının Qərb ölkələrindəki bütün erməni fəaliyyətlərini ağıllı xarici siyasət kursu ilə necə puç etdiyini gördü. Əlbəttə, Paşinyanın bölgədə qalıcı sülhün əldə edilməsinin şərtləri ilə bağlı pozitiv qənaətlərə, realist bir cizgiyə gəlməsi də heç də asan olmamışdır. Bir zamanlar müxtəlif platformlarda beynəlxalq hüquq normalarını çeynəyərək Qarabağ Ermənistandır və nöqtə kimi şüarlar səsləndirməkdən yorulmayan Paşinyan iqtidarı 44 günlük müharibə zamanı Azərbaycandan yediyi zərbələrlə ayılmış, mayası düşmənçiliklə yoğrulmuş, Ermənistandan daha çox bölgədə maraqları olan xarici güclərin işinə yarayan siyasəti davam etdirmənin erməni millətini daha böyük bir fəlakətə sürükləyəcəyini anlamağa başlamışdır.

Artıq Cənubi Qafqazda yeni geosiyasi güc balansı yaranmışdır. Azərbaycanla qardaşlıq ittifaqını dərinləşdirən Türkiyə bu bölgədə təsirini getdikcə artırmaqdadır. Qurulmaqda olan çoxqütblü dünya nizamında Ermənistanın isə demoqrafik, hərbi və coğrafi baxımdan dünyanın aparıcı siyasi gücləri üçün cəlbediciliyi, əhəmiyyəti daha da azalmaqdadır. Paşinyan tez-tez Xankəndidəki separatçı erməni qüvvələrinin reallıqlara uyğun olmayan iddialarının, Azərbaycanın ərazi bütövlüyü prinsipinə sayğısız yanaşmalarının Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmanın da önündə ən böyük əngəl kimi durduğunu görərək erməni xalqına bütün çılpaqlığı ilə gerçəklikləri izah etməyə, onlara sülh dövrünün şərtlərini bildirməyə cəhd göstərməkdədir.

Lakin belə cəhdlər keçmiş prezident, Xocalı soyqırımının təşkilatçılarından biri olan Robert Koçaryan başda olmaqla revanşist qüvvələr tərəfindən süngü ilə qarşılanmaqdadır. Xankəndidəki erməni separatçılarının sözdə lideri A.Arutyunyan da Qarabağ ermənilərinin Azərbaycanın tərkibində yaşamaq istəmədiklərini bildirməkdə, elan etdikləri “artsax” adlı qondarma dövlətin varlığından bəhs etməkdədir. Rusiya sülhməramlı qüvvələrinin arxasına sığınan Araik Arutyunyan Ermənistanın daxili siyasətinə və Moskvadakı bəzi dairələrin əlinə oynamağa davam edir. R.Köçəryan isə Türkiyə ilə normallaşmanın, sərhədlərin açılması və ticarətin canlandırılmasının Ermənistana bir fayda gətirməyəcəyini bəyan edərək düşmənçiliyi davam etdirmək, soyqırım yalanını yaymaqda israr etməkdədir. Yaxın keçmişdə keçirilən seçkilərdə Paşinyana məğlub olmalarına baxmayaraq revanşistlər yenidən baş nazirin istefasını tələb etməkdə, Azərbaycanla sərhədlərin demarkasiyası və demilitasiyası prosesinin həyata keçirilməsinə, sülh sazişinin imzalanmasına qarşı çıxmaqdadırlar.

Ermənistan müxalifəti bu məqsədlə aprelin 25-dən kütləvi etirazlara başlayıb. Daha çox hərbi canilərin toplaşdığı revanşistlər Nikol Paşinyana qarşı mümkün təzyiq vasitələrindən maksimum yararlanmağa çalışırlar. Onlar N.Paşinyanın Azərbaycan və Türkiyə ilə bağlı apardığı siyasəti hədəfə çevirib. Ermənistan parlamentində yaşanan son olaylar da bunun açıq təsdiqidir. Çünki indiki iqtidar Ermənistanın xilasını Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşmasında görür. Müxalifət isə əslində heç bir konsepsiya olmadan Paşinyan hakimiyyətini satqınçılıqda, xəyanətdə ittiham edir.

Göründüyü kimi, erməni revanşistlərinin təxribat cəhdlərinin arxasında bu ölkənin hakimiyyət hərislərinin fəaliyyəti dayanır. Ermənistanın Respublikaçılar Partiyasının üzvü Karine Acamyanın yerli mətbuata bildirdiyinə görə, ölkədə bir qrup şəxsin mitinqlər keçirməsi dövlətçilik naminə deyil, Paşinyan hakimiyyətinin devirilməsi məqsədindən irəli gəlir. Amma gözüaçıq cəmiyyət tam olaraq anlayır ki, bu etirazların arxasında duran sarkisyançıların və koçaryançıların əsas niyyəti yenidən vəzifəyə sahiblənməkdir.