Sevinc Azadi |
Ermənistanın ekoloji terroru bu su mənbəyini məhv olmaq həddinə çatdırıb
Dünya əhalisinin yüksək artım tempi, ətraf mühitin çirkləndirilməsi və suyun qeyri-səmərəli istifadəsi nəticəsində mövcud ehtiyatlar sürətlə tükənmək üzrədir. BMT-nin məlumatlarına görə, Yer kürəsi əhalisinin 1/3 hissəsi (2,2 milyard insan) təhlükəsiz içməli su çatışmazlığından əziyyət çəkir. 2040-cı ildə suya olan qlobal tələbat 50 faizədək artacaq, 2050-ci ilədək isə planetimizin 5,7 milyard sakini il ərzində azı 1 ay içməli su çatışmazlığının hiss olunacağı ərazilərdə yaşayacaq.
Azərbaycan üçün təmiz içməli su mövzusu kifayət qədər aktualdır, belə ki, ölkənin səth sularının təxminən 70 faizi qonşu ölkələrin ərazisində formalaşır. Lakin, sonradan Azərbaycan ərazisinə axan çayların çoxunun formalaşdığı nə Gürcüstan, nə də Ermənistan "Sərhəddən keçən su axınlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi üzrə" Helsinki Konvensiyasına qoşulmayıb. Kür çayının suyunun ekoloji vəziyyəti mövzusunda Gürcüstanla ikitərəfli iş aparılsa da, 30 illik münaqişə və işğal səbəbindən Araz çayının ümumi su ehtiyatlarının idarə olunması ilə bağlı Ermənistanla hər hansı regional əməkdaşlıq mümkün olmayıb.
Ermənistan tərəfindən işğal edilmiş ərazilərin, xüsusilə də Zəngilan rayonunun azad edilməsi nəticəsində Azərbaycan ekoloqlarının yerli çaylara çıxışı təmin olundu. 2021-ci ildə Azərbaycan hökuməti Zəngilanda Oxçuçaydan su nümunələri götürərək onların yerli və beynəlxalq laboratoriyalarda analizini təşkil etdi. Nəticədə çay sularında yüksək miqdarda ağır-toksik maddələr aşkar olundu. Su nümunələri üzərində aparılan analizlərin nəticələrinə görə çayda mis, molibden, manqan, dəmir, sink, xrom kimi ağır metalların miqdarının çox olduğu məlum olub. Digər sərhəd çayları ilə müqayisədə bu çayda çirklənmə səviyyəsi daha yüksəkdir. Ağır metal tərkibinin yüksək olması təkcə çay faunasını məhv etmir, həm də insan sağlamlığı üçün son dərəcə təhlükəlidir. Belə sudan istifadə həzm pozuntuları, böyrəklərdə və sümük toxumasında destruktiv proseslərdan tutmuş orqanizmin ürək-damar, əsəb və qan dövranı sistemlərinin xəstəlikləri kimi çox zərərli fəsadlara səbəb ola bilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva mətbuata açıqlamasında bildirib ki, ermənilər mütəmadi şəkildə Oxçuçayı ağır metallarla çirkləndirir. Çirklənmə halları ən çox yanvar-mart və iyun-avqust ayları, əsasən azsululuq dövlərində müəyyən edilir. Oxçuçayda çirkləndirici maddələrin yüksək qatılıqları əsasən yuxarı axında, Ermənistanla sərhəddə yaxın seçilmiş nöqtədədir: Orta illik nəticələrə əsasən yuxarı axında (Bürünlü kəndi) - ammonium 3.4 dəfə, manqan 3.1 dəfə, dəmir 1.5 dəfə, nikel 5.5 dəfə, kadmium 3.4 dəfə, molibden 1.9 dəfə normadan çox olub: "Çayın çirklənməsinə səbəb Ermənistan ərazisində fəaliyyət göstərən Qafan və Qacaran mis-molibden kombinatlarından atılan tullantı sularıdır. Tullantı suları təmizlənmədən birbaşa çaya axıdılır, bu da çayın ağır metallarla çirklənməsinə gətirib çıxarır. Çayın ağır metallarla yüksək səviyyədə çirklənməsi çayın ekosisteminin pozulmasına və orada yaşayan bioresursların məhvinə səbəb olur".
Məlumdur ki, ağır metal duzlarının böyük hissəsi ətraf-mühitə antropogen yolla, əsasən çıxarma və emal müəssisələrinin tullantıları vasitəsilə düşür. Bu isə Ermənistanda Qacaran mədənini idarə edən "Zəngəzur mis-molibden kombinatı"nın, həmçinin “Chaarat Kapan” şirkətinin (keçmiş “Kapan dağ-zənginləşdirici kombinatı”) ilkin təmizləmə işləri aparmadan istehsalat tullantılarını birbaşa Oxçuçaya buraxmaqla, ekoloji standartlara riayət etmədiklərini sübut edir. "Zəngəzur mis-molibden kombinatı" Ermənistanın ən əsas sənaye müəssisələrindən biri və ölkənin əsas vergi ödəyicisidir. Şirkət, Qafqazın ən böyük mis-molibden mədəni olan və metal konsentratları hasil edən Qacaran mədənini idarə edir. Çayın çirklənməsinin əsas səbəbkarı olan kombinat Almaniyanın “Cronimet” mədən şirkətinə məxsus idi. 1996-cı ildən Ermənistanın mədənçıxarma sektoruna daxil olan şirkət 2004-cü ildə Zəngəzur Mis-Molibden Kombinatı özəlləşdiriləndə müəssisənin səhmlərinin 60 faizinə sahib olub. “Cronimet” rəhbərliyinin Ermənistanın keçmiş rəhbərliyi ilə sıx əlaqələri olub. 2019-cu ildə “Cronimet” şirkəti Ermənistandan getdikdən sonra zavod keçmiş prezident Serj Sarkisyanın nəzarətinə keçib. 2017-ci ildə Ermənistanda aparılan araşdırmalar nəticəsində Oxçuçayın suyu ən aşağı keyfiyyətə 5-ci kateqoriyaya aid edilib. Bu səbəbdən çay sularının suvarmada istifadəsi qadağan olunub. İşğal illərində ermənilər bu çaydan suvarmada istifadə etdikləri üçün çayın suları Zəngilanın torpaqlarını da zəhərləyib.
Xatırladaq ki, Oxçuçayla bağlı vəziyyətə Prezident İlham Əliyev bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə də toxunub: “Oxçuçay çayının fəlakəti indi dünyanın gözü qabağındadır. Biz bu məsələni qaldırmışıq. Məsələni qaldıranda bizə söz verildi ki, bu fəlakəti törədən şirkət gəlib bunu təmizləyəcək. Amma artıq bundan bir il vaxt keçib, bizə heç bir təklif verilmir. Oxçuçayı zibilləyən, zəhərləyən “Cronimet” şirkətidir. Bu, böyük şirkətdir və bəzi xarici mətbu orqanlarında gedən məlumatlara görə, korrupsiya sxemləri əsasında Serjik Sarkisyanın keçmiş xunta rejiminin nümayəndələri ilə bunların qanunsuz biznes əlaqələri olub və onlar birlikdə orada o mis kombinatını işlədiblər. Ondan sonra Ermənistan hökuməti korrupsiyalaşmış həmin o erməni nümayəndələrindən bu kombinatın payını alıbdır. Ancaq bu fəlakəti törədən “Cronimet” şirkəti buna cavab verməlidir, yoxsa yox? Mən demişəm ki, beynəlxalq məhkəmələrdə məsələ qaldırılmalıdır. İndi mən çox şey demək istəmirəm, biz artıq hüquqi iddia ilə də çıxış edəcəyik, hazırlıq işləri gedir, beynəlxalq mütəxəssislər cəlb olunub. Biz erməniləri törətdikləri vəhşiliklərə görə bütün dünyada ifşa edəcəyik. O cümlədən xarici şirkətləri, hansılar ki, bizim təbii yataqlarımızı istismar ediblər. Qızıl yataqlarımızı, digər yataqlarımızı qanunsuz istismar edən xarici şirkətlər hesab edirlər ki, bizdən yaxa qurtaracaqlar? Yox! Biz onları məhkəməyə gətirəcəyik, onları biabır edəcəyik. Oxçuçay suyunu sarı rəngə boyayan “Cronimet” şirkəti gəlsin o zibilini təmizləsin. Yoxsa hesab edirlər ki, vaxt keçdi və biz hər şeyi unutduq. Biz heç nəyi unutmamışıq və unutmayacağıq”.
Ölkə iqtisadiyyatında vacib rol oynayan Ermənistanın dağ-mədən sənayesi təkcə Ermənistanın özündə deyil, qonşu ölkələrdə də ekosistemi məhvə sürükləyir. Bu baxımdan Azərbaycan əlverişsiz mövqeyə malikdir. Belə ki, ölkəmiz bu çayların aşağı axarında yerləşir. Çirklənmiş Oxçuçayın suyu Araz çayına tökülməklə, son nəticədə ölkənin əsas su arteriyası olan Kür çayına axır. Beləliklə, bütün Xəzər dənizi hövzəsi təhlükə altına düşmüş olur. Azərbaycan bu problemi beynəlxalq səviyyədə dəfələrlə gündəmə gətirib. Müraciətlərdə erməni media mənbələrindən faktlar da təqdim edilib. Lakin dünya ölkələri Ermənistanın törətdiyi ekoloji terrora göz yummaqda davam edir.