KÖŞƏ

Sevinc Azadi

Fürsətcil Xaçaturyan

14 mart 2022 23:42
2332

O, baş nazir Nikol Paşinyanın icazəsi olmadan çətin ki, konkret mövqe ortaya qoya bilsin

Məlum olduğu kimi, martın 13-də Ermənistan Milli Assambleyasının növbədənkənar iclasında ölkənin beşinci prezidenti Vaaqn Xaçaturyan and içərək vəzifəsinin icrasına başlayıb. Xatırladaq ki, martın 3-də Prezident seçkilərinin ikinci turunun nəticələrinə əsasən, “Vətəndaş Müqaviləsi” partiyasının irəli sürdüyü namizəd Vaaqn Xaçaturyan prezident seçilib. Milli Məclisin 107 deputatından 71-i səsvermədə iştirak edib. Onların hamısı Xaçaturyanın namizədliyinə səs veriblər. Hakim partiyanın deputatları ayağa qalxaraq Vaaqn Xaçaturyanın prezident seçilməsini alqışlayıblar. Səsvermə ikinci turda keçirilib, çünki səsvermənin birinci turunda Xaçaturyanın lehinə 69, ikinci turda isə 71 deputat səs verib. Bəs 63 yaşlı Vaaqn Xaçaturyan kimdir? O, 22 aprel 1959-cu ildə Sisyanda anadan olub. 1975-1980-ci illərdə İrəvan Xalq Təsərrüfatı İnstitutunu İqtisadçı ixtisası üzrə bitirib. 1980-1981-ci illərdə Sovet ordusunda xidmət edib. 1981-1989-cu illərdə “Razdanmaş” İstehsalat Birliyində iqtisadçı işləyib. 1989-1992-ci illərdə “Mars” dövlət müəssisəsində şöbə müdiri, baş direktor müavini, 1992-1996-cı illərdə İrəvan meri, Ermənistan prezidenti Levon Ter Petrosyanın müşaviri olub. 1996-1999 - Parlamentin deputatı, Maliyyə, kredit, büdcə və iqtisadi məsələlər daimi komissiyasının üzvü olub. 2007-ci ildə Ermənistanda keçirilən parlament seçkilərində o, Sərkisyanın İmpiçment elan olunmasına dəstək verib. 2021-2022-ci illərdə Ermənistan Respublikasının Yüksək Texnologiyalar Sənayesi naziri postunda çalışıb.

Ermənistan müxalifəti isə Xaçaturyanı “İngiltərə kraliçası” adlandırır. Çünki bu ölkədə hansı siyasi proseslərin baş verməsindən asılı olmayaraq, Xaçaturyan vəzifə sahibi olub. Başqa sözlə, ifadə etsək zamanı, şəraiti düzgün qiymətləndirməyi bacarıb, hər kəslə dil tapıb və mübarizələrdən qalib çıxıb. O, Qorbaçovun yenidənqurma siyasətinin Ermənistandakı parlaq, aparıcı gənc təbliğatçılarından olub. SSRİ-nin laxladığını hiss edən Xaçaturyan fürsəti əldən verməyərək, milli azadlıq hərəkatına qoşulub, Levon Ter-Petrosyanla birlikdə siyasi olimpə doğru irəliləyib. 1988-ci ildə Qarabağda erməni separatizmi baş qaldıranda Xaçaturyan seçim qarşısında qalıb. Ya Ermənistanda günü-gündən nüfuzu artan “Qarabağ klanı”na qoşulmalı, ya da bölgədə ikinci erməni dövlətinin yaradılması ideyasını dəstəkləməyən Petrosyanın yanında olmalı idi. O, ikinci yolu seçdi və digərlərindən fərqli olaraq Azərbaycana qarşı irqçi çıxışlar etməyib, mədəni qonşuluğun tərəfdarı olub. Hətta 1998-ci ildə Petrosyan devriləndən sonra da Xaçaturyan “Qarabağ klanı” ilə əməkdaşlıq etməyib.

Paşinyanın komandasına qoşulmazdan öncə deputat və siyasi analitik kimi fəaliyyətini davam etdirib. Sələfi Armen Sarkisyan kimi praqmatik siyasətçi təsiri bağışlayan yeni prezidenti Paşinyanın alovlu tərəfdarı saymaq olmaz. O, heç vaxt aktiv siyasi fəaliyyətlə məşğul olmayıb. İrəvanın meri olduğu zaman dövlət mülkiyyətinin özəlləşdirilməsində mühüm rol oynayıb. Odur ki, erməni oliqarxlarının ona həmişə “təşəkkür” borcları var. Ermənistan mətbuatının yazdığına görə, Xaçaturyan Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası prosesində fəal iştirak etməyəcək. O, baş nazirin icazəsi olmadan çətin ki, konkret mövqe ortaya qoya bilsin. Müxalifətçilər artıq acı zarafatla deyirlər ki, bu adamı Nikol Paşinyan seçib və prezident postunda Paşinyana işləyəcək, baş nazir isə hər şeyi təkbaşına həll etdiyinə görə qərar verməkdə davam edəcək: “Paşinyan da tam sakit ola bilər - o, heç bir sürpriz təqdim etməyəcək. Bəli, Xaçaturyanın özü işdə, evdə, hər yerdə hakim siyasi komandanın üzvü olduğunu açıq şəkildə bəyan edir. Yəni, partiyadan yuxarı arbitr, qərəzsizlik, təmkin, əks tarazlıq - bütün bunlar ona aid deyil. Xaçaturyan mütləq prezident institutunun birləşdirici rolunu oynamayacaq. Amma o, Paşinyanın bütün kağızlarına imza atacaq, onun zəif iradəli və razı köləsi olacaq”.