Sevinc Azadi |
Baş nazir yaxşı anlayır ki, Ermənistanın xarici asılılıqdan qurtulmasının və beynəlxalq münasibətlərin müstəqil iştirakçısına çevrilməsinin yeganə yolu rəsmi Bakının sülh müqaviləsi təklifinin qəbul edilməsindən, Azərbaycanla və Türkiyə ilə münasibətlərin normallaşdırılmasından keçir
Azərbaycan Vətən müharibəsində qazandığı hərbi qələbəsini siyasi müstəvidə davam etdirir. Bunun nəticələri də artıq görünür. Vətən müharibəsindən sonra imzalanan bütün sənədlərdə (2020-ci ilin 10 noyabr Bəyanatı, 11 yanvar və 26 noyabr 2021-ci ildə imzalanan sənədlər) bütövlükdə Azərbaycanın maraqlarına cavab verən məqamlar yer alıb. Azərbaycanın məhz post-müharibə mərhələsində atacağı addımlar həmin sənədlərdəki məqamlarla uzlaşır. İndi hər kəs yaxşı bilir ki, Ermənistanın baş naziri Nikol Paşinyan proseslərin təsiri altındadır. Yəni onun proseslərə heç bir təsiri mövcud deyil. Azərbaycan hərbi qələbəsindən sonra Ermənistanı sülhə məcbur edəcək. Paşinyanın bu günlərdə sərgilədiyi mövqe bir daha onu sübut edir ki, bu proses artıq başlayıb. Belə ki, Paşinyan “Ermənistanın diplomatiya günü”nə həsr olunmuş tədbirdə Azərbaycanla sülh sazişinin imzalanacağını bəyan edib. “Gündəlikdə regional kommunikasiyaların açılması, Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası, həmçinin Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması məsələləri var”, - deyə Paşinyan qeyd edib.
Paşinyan yaxşı başa düşür ki, bundan sonra regionda münasibətləri normallaşdırmaq labüddür. Ermənistan qəbul etməlidir ki, onun təhlükəsizliyinə və iqtisadi inkişafına regionun lider ölkəsi olan Azərbaycandan başqa heç bir dövlət zəmanət verə bilməz. Ermənistanın xarici asılılıqdan qurtulmasının və beynəlxalq münasibətlərin müstəqil iştirakçısına çevrilməsinin yeganə yolu rəsmi Bakının sülh müqaviləsi təklifinin qəbul edilməsindən, Azərbaycanla və Türkiyə ilə münasibətlərin normallaşdırılmasından keçir. Azərbaycanın və Türkiyənin ərazi bütövlüyünü tanıması, əsassız iddialarından əl çəkməsi, beynəlxalq hüquq normaları çərçivəsində sərhədlərin delimitasiya və demarkasiyasını həyata keçirməsi, nəqliyyat-kommunikasiya xətlərinin, xüsusən də Zəngəzur dəhlizinin açılması Ermənistan üçün əsas və yeganə xilas yoludur. Ermənistan onu da qəbul etməlidir ki, Azərbaycan-Türkiyə tandemi regionda həlledici amildir. Bu tandemlə normal münasibətlər Ermənistanın gələcəyi üçün böyük önəm kəsb edir. Məhz bu halda Ermənistan kənar qüvvələrin əlində alət olmaqdan xilas ola, həqiqi müstəqilliyə qovuşa bilər. Əks təqdirdə bu ölkə kimlər üçünsə regionda forpost olmaqda davam edəcək, daim xarici asılılıq vəziyyətində qalacaq. Bu gün Ermənistanda real əhalinin sayı iki milyondan azdır və bu gedişlə o daha da azalacaq. Çünki ölkədə məşğulluq səviyyəsi çox aşağıdır, iş yoxdur. Azərbaycanın işğal faktını aradan qaldırması fonunda Qarabağda çox məhsuldar torpaqlardan məhrum olan Ermənistanı daha böyük problemlər, ərzaq qıtlığı gözləyir. Bununla bağlı Ermənistanda artıq həyəcan təbili çalınır. Ermənistanla sülh müqaviləsi imzalamağa və əməkdaşlığa hazır olan Azərbaycan dövləti, bütün vətəndaşları kimi, Qarabağdakı erməni əsilli vətəndaşlarının da təhlükəsizliyini, rahatlığını təmin edən bütün fəaliyyəti həyata keçirməyə hazırdır. Beləliklə, Azərbaycan regionda sülh və konstruktv əməkdaşlıq təklifləri irəli sürür. Buna qarşı istənilən əks addım Ermənistanı uçuruma aparacaq.