KÖŞƏ

Sevinc Azadi

Koronavirus Paşinyanı yenidən yaxaladı?

27 yanvar 2022 20:28
2106

"Joğovurd" nəşrinin yazdığına görə, baş nazir yanvarın 28-də ordu günü ilə bağlı tədbirlərə qatılmamaq üçün "xəstələnib"

Ermənistanda hər kəsin marağını çəkən müdafiə naziri Suren Papikyanın toyu gündəmin əsas mövzusu olub. Belə ki, toyda məmurların bir çoxu COVID-19 infeksiyasına yoluxub. Baş nazir Nikol Paşinyan da nazirin toyunda koronavirusa yoluxanlar sırasındadır. Bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb. N.Paşinyanın xəstəliyi simptomsuz keçirdiyi və özünütəcridə yollandığı bildirilib. Bundan başqa, Ermənistan Milli Assambleyanın “Mülki müqavilə” fraksiyasının üzvü Eduard Ağacanyanın, bəzi deputatların, habelə Baş Qərargah rəisi, general-leytenant Artak Davtyan, eləcə də ordu rəhbərliyində təmsil olunan bir sıra yüksək rütbəli zabitlərin COVID-19 infeksiyasına yoluxması müəyyən edilib.

Baş naziri mütəmadi olaraq koronavirusa yoluxmaları faktı Ermənistanın siyasi dairələrində fəal müzakirə edilir və bu, şübhəli hal kimi qiymətləndirilir. Ölkənin aparıcı mətbu orqanlarından olan "Joğovurd" qəzeti baş nazirin hərəkətlərinin şübhə doğurduğunu iddia edib. Qeyd edilir ki, baş nazir dəftərxanasının məlumatında deyildiyi kimi, Paşinyan infeksiyanı simptomsuz daşıyırsa, sual yaranır: o, niyə birdən-birə koronavirusa yoluxmağından şübhələnərək testdən keçib?

Bir versiyaya görə, Paşinyan ya onun üçün arzuolunmaz hesab etdiyi rəsmi tədbirdə iştirakdan yayınır, ya da daha çox ehtimal edilən versiyaya görə, səbəb ordu gününün qeyd olunmasıdır.

Yanvarın 28-də İdman-Konsert Kompleksində müharibə veteranlarının da iştirak edəcəyi tədbir nəzərdə tutulub. Məlumata görə, hökumət Paşinyanın iştirak etməyi planlaşdırdığı tədbirdə veteranlardan hərəkətli səhnələrin nümayişini istəyib. Ancaq onlardan mənfi cavab alıb. Paşinyanın isə şousuz tədbirdə iştirakı məqsədəuyğun hesab etmədiyi və bundan sonra onun koronavirusa yoluxduğu barədə məlumat yayıldığı bildirilir. Bununla bağlı silahlı qüvvələrin 30 illiyinə həsr olunmuş tədbir də ləğv olunub. Xatırladaq ki, N.Paşinyan 2020-ci ilin iyununda da koronavirusa yoluxmuşdu.

Bir məsələni də xüsusi qeyd edək ki, Paşinyan və ətrafı bu gün ordularındakı acınacaqlı vəziyyətdən, onun “döyüş hazırlığı”ndan xəbərdardılar. Erməni xalqının da Müdafiə Nazirliyinin hər dəfə həyasızcasına öz xalqını aldatmasından, onun gözünü boyamaq naminə min bir oyundan çıxmasından xəbəri var. Çünki bu qurum onsuz da hələ müharibə dövründə saxta məlumatlarla erməniləri ələ salırdı. Yəqin ki, hər birimiz “taktiki olaraq geri çəkilmə” yalanının banisi Artsrun Ovannisyanı yaxşı xatırlayırıq. Görünür ermənilər də Ovannisyanı unutmadıqları üçün artıq Müdafiə Nazirliyinin oyuncağına çevrilməyi həzm edə bilmirlər. Döyüş meydanında rüsvayçı məğlubiyyətə düçar olan, hazırda isə hər vəchlə sadəcə “varlığını” sübuta yetirməyə çalışan Ermənistan MN-in cəhdlərinin məhz ermənilərin özləri tərəfindən qəbul edilməməsi isə ölkədəki durumu daha acınacaqlı edir. Bu vəziyyət yalnız ortada “Ermənistan ordusu” deyə bir şeyin olmadığını sübuta yetirir. Şübhəsiz ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi mövcud həqiqəti dərk etməyəcəyi halda Ermənistan Müdafiə Nazirliyi bunun əksini iddia etməyə çalışdığı hər addımında məhz bu cür rüsvayçılığa düçar olacaq.