KÖŞƏ

Sevinc Azadi

Erməni təxribatları səngimir

13 yanvar 2022 00:57
1987

Deyəsən düşmən dəmir yumruğun ağrısını unutmağa başlayıb

İkinci Qarabağ savaşında acı məğlubiyyətə uğrayan, ordusu darmadağın olan təcavüzkar Ermənistanın yenidən sərhəd təxribatlarına əl atması, atəşkəsi pozması Azərbaycanda əsəbləri tarıma çəkib. Məlumat verildiyi kimi, Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində yanvarın 11-i günorta saatlarında Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində hərbi qulluqçumuz, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Nəzərov Ayaz Azər oğlu şəhid olub. Həmçinin Ermənistan silahlı qüvvələrinin bölmələri yanvarın 11-i gecə saat 23:20-dən 12-si səhər saat 05:10-dək Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik, Yellicə, eləcə də Şəmşəddin rayonunun Çinarlı, Muğancıq kəndləri istiqamətində yerləşən mövqelərindən Tovuz rayonunun Muncuqlu, Ağbulaq, Qoşa, Koxanəbi və Əsrik Cırdaxan yaşayış məntəqələri istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlar və iriçaplı pulemyotlardan fasilələrlə atəşə tutub. Ermənistanın xüsusi səbəb olmadan və müvafiq üçtərəfli bəyanatlarla üzərinə götürdüyü öhdəliklərini pozaraq iki dövlətin sərhədi boyunca vəziyyəti gərginləşdirməsi məqsədyönlü hərbi təxribat və hərbi avantüradır. Bütün hallarda Azərbaycan Ordusunun bölmələri tərəfindən qarşı tərəfə adekvat və mütənasib cavab verilib. Ermənistan tərəfindən iki ölkənin dövlət sərhədi boyunca qəsdən vəziyyətin yenidən gərginləşdirilməsi cəhdlərinin təkrarlana biləcəyini istisna etməyərək Azərbaycan Ordusunun bölmələri gücləndirilmiş rejimdə ölkəmizin suveren ərazilərini və sərhədlərinin təhlükəsizliyini qoruyur.

Göründüyü kimi, postmüharibə dövrünün ciddi sosial-iqtisadi fəsadları ilə üzləşən Ermənistan rəhbərliyi qış dövrünün başlaması ilə əlaqədar ölkədəki sosial-iqtisadi vəziyyətin daha da ağırlaşacağını dərk etdiyi üçün yenidən müharibə, qorxu, vahimə atmosferi yaratmağa, bununla ictimaiyyətin diqqətini ölkədaxili problemlərdən, ağır sosial çətinliklərdən yayındırmağa çalışır. Bu siyasət həm də ölkədən uzaqlaşan erməni lobbi dairələrini və onların maliyyə resurslarını yenidən Ermənistana cəlb etməyə xidmət edir. Ölkədə yenidən müharibə ab-havası yaradaraq, revanş haqda populist bəyanatlar verən Paşinyan erməni diasporunu “vətənə yardım" ianə kampaniyası başlatmağa səsləyir.

Heç kəsə sirr deyil ki, Ermənistan hər zaman üçüncü tərəfləri iki ölkə arasındakı sərhəd məsələlərinə cəlb etməyə çalışıb. İki ölkənin sərhədində müxtəlif zamanlarda törədilmiş təxribatlar da bu məqsədlərə xidmət edir. Dövlət sərhədində gərginlik yaradan Ermənistan bütövlükdə regionu çalxalamaq, suyu bulandırmaq, öz siyasi spekulyasiyalarını həyata keçirmək üçün konfliktdən maksimum yararlanmağa çalışan xarici qüvvələri regiona cəlb etmək və özünə daha çox havadar qazanmaq istəyir. Ermənistan bu hərəkətləri ilə iki ölkənin dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə danışıqlardan açıq-aşkar imtina edir. Müəyyən xarici dairələrin erməniləri qızışdırması da istisna deyil. Sülh prosesi, sərhəd məsələləri ilə bağlı işlərin görüldüyü, görüşlərin keçirildiyi, müzakirələrin aparıldığı müxtəlif məqamlarda iki ölkənin sərhədində bu cür təxribatların baş verməsi çirkin niyyətlərdən xəbər verir. Deyəsən Ermənistanda 44 günlük Zəfər savaşındakı dəmir yumruğun ağrısını unutmağa başlayıblar.. Azərbaycan tərəfi postmünaqişə dövrü və Ermənistanın sülhə məcbur edilməsi prosesinin maksimum dərəcədə ağrısız, təxribatsız, konfliktsiz, itkisiz başa gəlməsinin tərəfdarıdır. Bunu Azərbaycan Prezidenti  İlham Əliyev də dəfələrlə açıq mətnlə qeyd edib. Lakin heç bir “qırmızı xət”ləri olmayan, verdiyi vədlərə heç vaxt sadiq qalmayan, buqələmun kimi tez-tez rəngini və mövqeyini dəyişən Ermənistan kimi bir düşmənin varsa, deməli, proses ağrısız, itkisiz ötüşməyəcək. Bütün bu kimi pozucu fəaliyyətlər, təxribatlar ilk növbədə Ermənistanın özü üçün ağır itkilərlə nəticələnəcək. Necə ki, nəticələnir də…

Bundan başqa, obyektiv olaraq qiymətləndirmə aparanda görürük ki, Azərbaycan sərhədçiləri mövqelərimizi möhkəmləndirməkdədir. Daha doğrusu, onu tamamilə yenidən qururlar. Çünki bu vaxta qədər orada mövqelər, infrastruktur olmayıb. Demək olar ki, sərhəd açıq idi. İndi orada infrastruktur qurulur. Bu infrastrukturun çox çətinliklə qurulduğunu da bilirik. Həmin istehkamların, sərhəddə infrastrukturların qurulmasına maneə törətmək üçün Ermənistan tərəfindən bu cür təxribatçı addımlar biri-birini əvəzləyir. Onlar çalışırlar ki, Azərbaycan öz torpaqlarında xüsusi kommunikasiyalar, sərhəd qurğuları yaratmasın. Lakin reallıq odur ki, Ermənistanı kimlərin qızışdırmasından asılı olmayaraq istər Naxçıvan istiqamətində, istərsə də Zəngəzur və Qazax istiqamətində sərhədlərin demarkasiyası Azərbaycanın maraqlarına uyğun şəkildə yekunlaşacaq. Hətta Zəngəzur dəhlizi də açılacaq, sülh sazişi də imzalanacaq. Ermənistanın bütün təxribatlarına rəğmən proses məhz ona doğru gedir.