Sevinc Azadi |
İnsan resurslarının qıtlığı, vətəndaşların, xüsusilə hərbi qulluq yaşına çatmış gənclərin ölkəni tərk etməsi Ermənistanda ordu quruculuğu işini də iflic vəziyyətə salıb. Bu problemi həll etmək zərurətindən irəli gələn axtarışlar zamanı bir müddət əvvəl müxtəlif ideyalar ortaya atılmağa başlandı. Paşinyan əvvəlcə xalq, ordu qurmaq tezisini irəli sürdü. Əlbəttə ki, olmayan xalqdan olmayan bir ordu da düzəltmək mümkün deyil. Və xalq, ordu ənənəsi ümumiyyətlə, Ermənistanın tarixində olmayan bir hadisədir. Ona görə də, öz milli xarakterlərinə uyğun olaraq könüllülər adı altında muzdluların və terroristlərin Ermənistan ordusuna cəlb etməsini ən doğru və ən optimal yol kimi müəyyənləşdirdilər. Amma unutdular ki, könüllülərin orduya cəlb edilməsi məsələsi və onların saxlanılması Ermənistan büdcəsinin öhdəsindən gələcəyi bir iş deyil. Çünki bunun çox ciddi maliyyə tərəfləri var.
İndiki vəziyyətdə Paşinyan ordunu dirçəltmək üçün gözünü erməni qadınlarına dikib. Belə ki, Emənistan hakimiyyəti yeni ildə ölkənin silahlı qüvvələrinə daha çox qadın cəlb etməyi planlaşdırır. Nikol Paşinyan həmvətənlərinə ünvanlandığı Yeni il təbriki zamanı bu barədə bildirib. “Bizim əsas vəzifəmiz silahlı qüvvələrdə islahatlar aparmaqdır. Ermənistanın peşəkar ordusu olmalıdır və oraya getdikcə daha çox qadın cəlb edilməlidir”, - deyə baş nazir vurğulayıb. Amma Nikol arzuladığı “peşəkar qadın ordusu”nun komandanının kim olacağını dilə gətirməyib. Çox güman ki, Paşinyan həmin “ordunun” komandanı postunda arvadı Anna Akopyanı görmək istəyir.
Paşinyana görə, “strateji perspektivdə müddətli hərbi xidmət əhəmiyyətli dərəcədə dəyişməli, məcburi hərbi toplanışlar və təlimlərlə əvəzlənməlidir ki, bu da müəyyən periodikliklə insan həyat boyu bir neçə dəfə keçirilməlidir”. Erməni baş nazir həmçinin bildirib: “Vurğulamaq istəyirəm ki, siyasi planda ordumuz öz qarşısına ərazi zəbt etmək kimi vəzifə qoymur, onun vəzifəsi ölkəmizin təhlükəsizliyini və ərazi bütövlüyünü qorumaqdır”.
Amma cəmi ilyarım qabaq Paşinyanın sabiq müdafiə naziri, hazırda həbsdə olan David Tonoyan bizi “yeni ərazilər uğrunda yeni müharibə” ilə hədələmişdi, Nikol isə o vaxt ona heç bir irad bildirməmiş, əksinə bəyan etmişdi ki, əgər nazir başqa cür fikir bildirsəydi onu dərhal işdən qovardım. Sonrası məlumdur. Odur ki, bir sual hələ ki, açıq qalır: peşəkar, güclü ordu acından ölən, kasıb Ermənistanın nəyinə lazımdır? Aydındır ki, müasir silahların alınması, peşəkar hərbi təhsil, təcrübəli general heyəti və zabit korpusunun formalaşdırılması və s. üçün böyük pullar tələb edilir. Heç bir qiymətli yeraltı sərvəti və ya mineral ehtiyatı olmayan Ermənistanın iqtisadiyyatı isə blokada aradan qalxmayınca hazırkı böhranlı durumdan çıxıb inkişaf edə bilməyəcək.
Blokada götürüləndən, Azərbaycan və Türkiyə ilə münasibətlər normallaşandan sonra da böyük xərclər tələb edən peşəkar ordu, təkrar edirik, Ermənistanın nəyinə lazım olacaq? Üstəgəl, Azərbaycan və Türkiyənin Ermənistana heç bir ərazi iddiası yoxdur və gələcəkdə də gözlənilmir. Bakı və Ankara illərdir İrəvana beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində sülh müqavilələri imzalamağı təklif edir. Ermənistanın gerçəkdən də ərazi işğal etmək niyyəti yoxdursa, Paşinyanın Yeni il təbrikində də vurğuladığı kimi, İrəvan təhlükəsizlik və ərazi bütövlüyü sarıdan narahatdırsa, nədən bu təklifə “hə” demir?..
Paşinyan öz təbrik məktubunda “status”, “öz müqəddəratı təyinetmə”, “Dağlıq Qarabağ xalqı” kimi az qala hamını təngə gətirmiş ifadələrdən istifadə etməyib. Əslində, bu yanaşma Yeni il ərəfəsi onun hökumətin son iclasında söylədiyi və erməni siyasi-ictimai kəsimində qalmaqal yaratmış fikirlərinin davamı da sayıla bilər. Artıq Dağlıq Qarabağ problemi yoxdur. İrəvanın çox ümid bəslədiyi ATƏT-in Minsk qrupunun həmsədrləri də Qarabağla bağlı Ermənistanın arzuladığı beynəlxalq gündəliyi formalaşdıra bilmədilər. Minsk qrupu artıq “ölmüş” kimidir.
Tam əminliklə demək olar ki, 2022-ci ildə bu qəbildən cəhdlər daha səmərəsiz və mənasız olacaq. Çünki illər ötdükcə Qərb, özəlliklə ABŞ və Fransa 44 günlük müharibənin nəticələrini qeyd-şərtsiz qəbul etməkdədir.