Sevinc Azadi |
Buna mane olmaq fikrinə düşən qüvvələrə bir daha xəbərdarlıq edildi ki, Azərbaycan bu strateji kommunikasiyanın bərpa edilməsi üçün istənilən vasitədən, o cümlədən zor tətbiqetmə vasitəsindən də istifadə edəcək
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın İkinci Qarabağ müharibəsində əldə etdiyi şanlı Qələbə geniş geosiyasi məkanda ciddi dəyişikliyə səbəb olub. Bu prosesin fonunda Zəngəzurdan – tarixi Azərbaycan torpağından keçəcək və Azərbaycanın əsas ərazisini ölkənin ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası, eləcə də Türkiyə ilə birləşdirəcək yeni birləşdirici dəhlizin əhəmiyyəti aydın nəzərə çarpır. Zəngəzur dəhlizi həm tarixi aspektdə, həm müasir geosiyasi reallıqlar prizmasından, həm də Cənubi Qafqazda sülh, barış və əməkdaşlığın bərpa olunmasında prinsipial əhəmiyyət daşıyır. Bu dəhliz həm də Azərbaycanı bir neçə istiqamətdə region, Asiya və Avropa ilə birləşdirən strateji məkan statusunu ala bilər.
Ekspertlər Çinin "Bir kəmər, bir yol" layihəsinin qlobal geosiyasi və geoiqtisadi düzəni yeniləşdirə biləcəyinə inanırlar. Layihə quru və dəniz marşrutları üzrə müxtəlif ölkələri əhatə edən nəhəng bir sistemi xatırladır. Həmin prosesə Asiya və Avropanın çoxlu sayda dövləti qatılmaqdadır. Layihə üçün xüsusi əhəmiyyət kəsb edən məsələlərdən biri ticari-iqtisadi əlaqələrin ucuz, təhlükəsiz, sürətli yolla təşkil edilməsindən ibarətdir. Bu məqsədlə dövriyyəyə şərti olaraq "Şimal yolu", "Orta yol" və "Cənub yolu" kimi terminlər də daxil edilib. "Şimal yolu" Rusiya ərazisindən keçərək Avropaya uzanan, "Orta yol" Mərkəzi Asiya-Azərbaycan-Gürcüstan-Türkiyəni əhatə edən marşrutu, "Cənub yolu" isə Cənubi Asiya ölkələri ərazisindən keçərək İranı da əhatə edən istiqamətdir. Məsələ burasındadır ki, bu üç əsas yol Cənubi Qafqazda Azərbaycan ərazisində kəsişir. Rusiyadan "Şimal-Cənub" dəhlizi vasitəsilə Azərbaycana istiqamət vardır, Mərkəzi Asiyadan gələn əsas yol – "Şərq-Qərb" dəhlizi timsalında Azərbaycandan keçir, "Cənub yolu" isə "Cənub-Qərb" marşrutu ilə yenə də Azərbaycan ərazisindən keçir. Sonuncu üçün Azərbaycanda iki istiqamət mövcuddur: biri Gürcüstan istiqaməti, digəri isə Zəngəzur vasitəsilə Türkiyə-Avropa istiqaməti. Təsadüfi deyil ki, dünyanın böyük gücləri Zəngəzur dəhlizinin əhəmiyyətini artıq qəbul edib ona dəstək ifadə edirlər. Azərbaycan Prezidenti Rusiya dövlət başçısı ilə mütəmadi olaraq bu məsələni müzakirə edir. Vladimir Putinin də Zəngəzur dəhlizinin açılması ilə bağlı mövqeyi qətidir.
Lakin məğlub Ermənistan yenə də məkrli niyyətini nümayiş etdirərək bu prosesdən, yəni dəhlizin açılması istiqamətində üzərinə götürdüyü öhdəlikdən boyun qaçırır. Azərbaycan isə qalib ölkə kimi Ermənistanı üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməyə məcbur etməkdə israrlıdır. Bu baxımdan, Prezident İlham Əliyevin dekabrın 6-da Qubanın Qonaqkənd qəsəbəsinin sakinləri ilə görüşündəki çıxışını Zəngəzur dəhlizi ilə bağlı Ermənistana növbəti şərtli çağırış kimi qiymətləndirmək olar. Amma bu şərt əvvəlki aylardan fərqli olaraq yeni müstəviyə keçib. İlham Əliyevin bəyanatı danışıqların bəzi detallarının mahiyyətinə vurğudur. Məlumdur ki, bu gün Ermənistanda bəzi dairələr, xüsusilə də revanşist qüvvələr Zəngəzur dəhlizinin açılmasına qarşı çıxırlar. Onlar dəhlizin açılmasını siyasi məğlubiyyət kimi qəbul edirlər. Amma anlamırlar ki, Ermənistanın hərbi-sənaye kompleksi Azərbaycana rəqib olmaq və müqavimət göstərmək iqtidarında deyil. Münaqişənin yenidən başlaması Ermənistanın dünya xəritəsindən tamamilə yox olması deməkdir. Prezident İlham Əliyev: “…bizim son vaxtlar apardığımız işlər onu göstərir ki, hər hansı bir revanşist meyil olarsa, onun məsələsi dərhal yerindəcə həll olunacaq. Çünki müharibədən sonra Ermənistan tərəfindən bir neçə dəfə belə cəhdlər oldu və onun acı nəticələrini onlar özləri gördülər. Ona görə hələ ki, gec deyil, mən onlara artıq dəfələrlə müraciət edərək demişdim, bizim şərtlərimizi qəbul etməlidirlər, yollarla, kommunikasiyalarla bağlı hər hansı bir qeyri-səmimi yanaşmaya son qoyulmalıdır. Əgər belə olarsa, onda Cənubi Qafqazda bütün xalqlar sülh, əmin-amanlıq şəraitində yaşayacaq. Çünki biz istədiyimizə nail ola bilmişik, bunu hər kəs gördü”.
Azərbaycan danışıqlarda İrəvandan tələb edir ki, dəhlizin Ermənistan ərazisindən keçən hissəsində infrastruktur layihələrinin başlamasına dair qrafik tərtib etsin və bu qrafik barədə Bakıya aydın məlumatlar versin: “Mən demişdim ki, bizə tarix versinlər torpaqlarımızdan nə vaxt çıxır, o an biz dayanmağa hazırıq. Bu gün də eyni sözü deyirəm. Amma deyirəm ki, bizə tarix versinlər, Zəngəzur dəhlizi nə vaxt açılacaq və belə olan halda, heç bir problem olmayacaq. Ona görə hesab edirəm ki, həm Ermənistan rəhbərliyi, həm Ermənistan ictimaiyyəti, əhalisi bunu başa düşməlidir. Biz istədiyimizə nail olmuşuq, oluruq və olacağıq. Yaxşı olar ki, bu məsələ konstruktiv şəkildə danışıqlar yolu ilə, qarşılıqlı anlaşma yolu ilə həll olunsun”.
İndi Zəngəzur dəhlizi kontekstində tarix istəməsi o anlama gəlir ki, Bakı ya güc yolu ilə, ya da konstruktiv dialoqla istədiyinə nail olacaq. O da məlumdur ki, Azərbaycan ordusunun bəlli bir resursu kifayət edər ki, güc yolu ilə nəticə əldə etsin. Çünki Ermənistan ordusunda müqavimət göstərməkdən ötrü psixoloji hazırlıq, döyüş hazırlığı yoxdur. Hərbi arsenalı isə darmadağın vəziyyətdədir. Ümumi ordu arsenalında olan silahları isə Azərbaycan Ordusunun bir korpusunun silahları qarşısında acizdir. Bundan əlavə, Azərbaycan postmünaqişə dövründə də mühüm strateji ərazilərdə mövqelənib və bu mövqelər dəhlizin açılması üçün Bakının şərtlərini ön planda saxlayır. Bir sözlə, hazırda Azərbaycan öz iqtisadi qüdrətindən yararlanmaqla postmüharibə dövrünün reallıqları əsasında siyasətini səbir və təmkinlə davam etdirir. Lakin bütün hallarda Ermənistan tezliklə 10 noyabr Bəyanatının müddəalarına əməl etməsə, yenidən “dəmir yumruğun” hədəfində olacaq. Bu isə İkinci Qarabağ müharibəsində aldığı ağır məğlubiyyətdən hələ özünə gələ bilməyən Ermənistanın sonu ola bilər.