Sevinc Azadi |
"Qarabağ" futbol klubunun oyununu siyasi alətə çevirməklə məkrli niyyətlər güdmək düşmən əlaltılarına xas alçaqlıqdır
Son dövrlər xaricdə “siyasi mühacir” adı ilə sığınacaq taparaq sosial şəbəkələrdə Azərbaycan əleyhinə qara piar kampaniyası aparan xəyanətkar dəstənin ermənipərəst dairələrin və erməni lobbisinin qrantları hesabına fəaliyyət göstərməsinə dair yeni faktlar üzə çıxmaqdadır. Radikal müxalifət partiyalarının saxta sənədləri ilə Qərbin müxtəlif ölkələrində məskunlaşan bəzi azərbaycanlılar ermənipərəst dairələrdən maliyyələşən beynəlxalq təşkilatların ayırdığı qrantlar hesabına internet TV-lər yaradaraq gecə-gündüz ölkəmizin əleyhinə qarayaxma kampaniyası apararaq onun beynəlxalq imicinə ləkə yaxmaq, respublikamızın daxilində sabitliyi pozmaq, feyk xəbər və məlumatlarla ictimaiyyəti çaşdırmaq üçün dəridən-qabıqdan çıxırlar. Təbii ki, Azərbaycandakı sabitliyin, təhlükəsizliyin, inkişafın getdikcə güclənməsindən vahiməyə düşən bəzi düşmən qüvvələrin köləsinə çevrilmiş “siyasi mühacirlər” dəstəsinin Azərbaycan əleyhdarı olan dairələrdən qrant alması çoxdan ictimaiyyətimizə bəlli idi. Sığındıqları ölkələrdə sosial yardımlarla keçinən, işsiz-gücsüz avaralanan bu şəxslər açıq-aşkar təxribatlar törətməkdən belə çəkinmirlər.
Xəbər verildiyi kimi, dekabrın 9-da İsveçrənin Bazel şəhərində UEFA Avropa Konfrans Liqası çərçivəsində yerli "Bazel" və "Qarabağ" futbol klublarının cavab oyunu baş tutacaq. Bu oyunda bəzi Avropa ölkələrində məskunlaşmış, özlərini "siyasi mühacir" kimi təqdim edən, əslində isə ermənipərəst dairələr tərəfindən maliyyələşən və dəstəklənən bir sıra qaragüruhçu şəxslər tərəfindən stadionda təxribatlar olacağı istisna edilmir. Təbii ki, onlar Azərbaycanı Avropa çempionatlarında uğurla təmsil edən və qürur yerimiz olan "Qarabağ" FK-ya azarkeşlik etmək məqsədilə Bazel şəhərinə gələcək həmyerlilərimizlə toqquşma yaratmağı hədəfləyirlər. Heç şübhəsiz ki, təxribatçılar əllərində Azərbaycanın dövlət rəmzlərini təhqir edən plakatlar nümayiş etdirəcək, bununla da azərbaycanlı azarkeşləri qıcıqlandıracaq, onları əks-reaksiya verməyə və dava salmağa vadar edəcəklər. Çünki bu vaxta qədər analoji hal dəfələrlə baş verib. Bu dəfə isə müharibədəki ağır və acı məğlubiyyətin yanğısı, görünür, daha ciddi fəsadlar törətməyə qadirdir. Bu təxribatçılar istər stadionun qarşısında, istərsə də canlı yayım zamanı stadionun içərisində təxribatlar törətməklə Avropa KİV-lərinin diqqətini çəkməyə çalışırlar. Əslində isə onların real niyyətləri gün kimi aydındır. Toqquşmanı guya Azərbaycan diaspor nümayəndələrinin törətdiyini, real hədəfin isə Azərbaycan hakimiyyətinə qarşı müxalifətdə olan "siyasi mühacirlər" olmasını nümayiş etdirməkdir. Həm də özlərinə "siyasi bəraət" qazanmaq, Azərbaycan dövləti tərəfindən guya onlara qarşı hücumların davam etdiyini və özlərini "zərər çəkmiş" şəxslər kimi sırımaq istəyirlər. Təbii ki, bununla "mühacir" statusunun və aldıqları maliyyə dəstəyinin davamlılığını təmin etməyi düşünürlər. Azərbaycan Ordusunun işğalına son qoyduğu Qarabağın eyni adlı klubunun qrup lideri kimi növbəti mərhələyə vəsiqəni təmin etmək şanslarını saxladığı bir vaxtda bu cür xoşagəlməz hadisələrin gözlənilməsi ilk öncə düşmənlərimizin nə qədər iyrənc, məkrli, çirkin xislət sahibi olduqlarının sübutudur.
Heç kimə sirr deyil ki, bu ünsürlərin real hədəfi təkcə Azərbaycan hökuməti deyil, bütövlükdə Azərbaycan xalqıdır. Xüsusən də milli qürur yerimiz olan "Qarabağ" FK-nın oyununu siyasi alətə çevirmək və bununla məkrli niyyətlər güdmək şərəfsizlikdən başqa bir şey deyil. Bu kütbeyin və tərbiyəsiz ünsürləri yalnız vətən xaini adlandırmaq olar. Onlar ölkəmizə qarşı düşmən münasibəti sərgiləyən dairələrin pulla satın alınmış marionetlərdir.